Elmar Məmmədov : ‘Onlar müxalifətin oyununun qurbanlarıdır’

SİYASƏT
13:26 29.08.2013
2285

“Təxribatçı qüvvələr başıpozuq gənclərdən alət kimi istifadə edirlər” “Bu gün müxtəlif üsullarla dövlətçiliyə qarşı çıxan, Azərbaycanın uğurlarına kölgə salmaq istəyən və bu yolla öz şəxsi maraqlarını güdən təxribatçı qüvvələr sosial şəbəkələrdə də başıpozuq gənclərdən alət kimi istifadə edirlər. Mən çox təəssüf edirəm ki, bəzi hallarda təsir altına yetkin siyasi şüura malik olmayan gənclər düşür”.

Bu sözləri YAP Sumqayıt şəhər Gənclər Birliyinin sədri Elmar Məmmədov deyib. Onun sözlərinə görə, bu vəziyyətdən xarici qüvvələr, həm də daxildəki müəyyən ünsürlər faydalanmağa çalışırlar: “Özünü Azərbaycan vətəndaşı hesab edən gənc heç zaman dövlət əleyhinə radikal çıxışlar etməməlidir. Mən bu cür dövlət və hökumət əleyhinə səsləndirilən şüarlarları qəti şəkildə pisləyirəm. Həmin gənclərdən də istəyim odur ki, radikal müxalifətin çirkin oyunlarının təsiri altına düşməsinlər. Həmin gənclər nə qədər ki, gec deyil ayılsınlar və bu cür çirkin oyunlardan kənara çəkilsinlər. Çünki onlar müxalifətin oyununun qurbanlarıdır”. 

Elmar Məmmədov deyir ki, həmin gənclər Azərbaycan gəncliyinin mövqeyini əks etdirmir: 

“Onlar ölkədə aparılan islahatları, gedən inkişafı görmək belə istəmirlər. Azərbaycanda bu gün əhalinin əksər hissəsini gənclər təşkil edir. Ona görə əksər gənclərin mövqeyini 200-300 gənc əks etdirə bilməz. Azərbaycan gəncinin mövqeyi vətənini sevən, ölkəsinə sədaqətlə qulluq edən, dövlətin yürütdüyü siyasətə dəstək olan gənclik təşkil edir. Təmsil olunduğumuz Yeni Azərbaycan Partiyasının 600 mindən çox üzvü vardır ki, onun da 200 mindən çoxu gənclər təşkil edir. 

YAP Gənclərinin böyük gənclər ordusu var. Biz YAP Gəncləri olaraq daima dağıdıcı müxalifət “liderlərinin” təsiri altına düşən və sosial şəbəkələrdə dövlət və hökumət əleyhinə şüarlar səsləndirən gənclərlə sosial şəbəkələrdə hər gün fikir mübadiləsi aparırıq. Həmin gənclər sadəcə olaraq bir qrup çürük beyin məhsullu gənclərin təsiri altına düşüblər, biz hətta oları YAP GB ofisinə seminarlara,keçirdiyimiz müxtəlif layihələrdə də iştirak etmək üçün dəvət edirik, yetər ki, bu gənclər düz yola gəlsinlər,sağlam düşüncəli gənclərlə ünsiyyətdə olsunlar. Belə olan təqdirdə biz onları sabaha inamlı olmağı öyrətmiş oluruq, YAP Gənclər ailəsində olandan sonra özləri dərk edir ki, Yeni Azərbaycan Partiyasının üzvü olmaq necə şərəfdir”.

OXŞAR XƏBƏRLƏR