Azərbaycanda məktəblərdə hicab ətrafında davam edən müzakirələrə publisist Elmir Mirzəyev də münasibət bildirib.
AZXEBER.COM xəbər verir ki, publisist sosial şəbəkə hesabında paylaşım edərək dünyəvi dövlət prinsipləri və dini geyimlə bağlı mübahisələrə toxunub.
O, Azərbaycanın 30 ildən artıqdır müstəqil, dünyəvi dövlət olduğunu xatırladaraq, ölkədə hicab ətrafında gedən müzakirələri paradoksal adlandırıb.
"Güneydə insanlarımız yarım əsrdir şəriət əsarətindən xilas olmağa çalışır. Onların xəyalı sekulyar cəmiyyətdə azad surətdə yaşamaqdır. Quzeydə buna nail olunub, 30 ildən çoxdur müstəqil dünyəvi dövlətik, amma burada çadra davası gedir”, – deyə Mirzəyev bildirib.
Publisist "hicaba azadlıq” ifadəsini də sual altına alaraq, dini geyimin məcburi tələb kimi təqdim olunması ilə azad seçim anlayışı arasında ziddiyyət gördüyünü qeyd edib.
Mirzəyev Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbini açarkən üzləşdiyi çətinlikləri də xatırladıb. Onun fikrincə, tarixdə qızların təhsilinə qarşı göstərilən müqavimətlə bugünkü mübahisələr arasında müəyyən paralellər mövcuddur.
"Tarix həqiqətən spiralvari gedir. Buna gözlərimizlə şahidlik etdik”, – deyə o vurğulayıb.
Elmir Mirzəyev paylaşımını uşaqların ideoloji mübarizələrdən uzaq tutulmasının vacibliyini ifadə edən sərt fikirlə yekunlaşdırıb:
"Uşaqları heç bir zaman heç bir ideologiyaya girov etmək olmaz, bu, cinayətdir”.











































