Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT Əhali Fondunun (BMTƏF) Türkiyədəki nümayəndəsini, eyni zamanda Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları üzrə direktoru Zahidul Haqı qəbul edib.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi BMTƏF tərəfindən yaxın gələcəkdə həyata keçiriləcək icma əsaslı proqram və həmin proqramı əhatə edəcək mövzular üzrə fikir mübadiləsi aparmaqdan ibarət olub.
Tərəflər 1994-cü ildə Qahirədə keçirilmiş BMT-nin qlobal "Əhali və inkişaf" mövzusunda Konfransının əhəmiyyəti, 2015-ci il Minilliyin İnkişaf İstiqamətlərinə daxil olan gender bərabərliyi, ana və uşaq sağlamlığı, habelə reproduktiv sağlamlıq və ailə planlanması mövzuları üzrə fikir mübadiləsi aparıblar.
Görüşdə E.Süleymanova reproduktiv sağlamlıq baxımından ailə planlanmasının böyük önəm daşıdığını və bu məqsədlə yerli icmalarla işlərin aparılmasının vacibliyini vurğulayıb. Bundan başqa, cari ilin may ayında Bakıda məsləhətləşmələrin və BMT-nin Əhali Fondu ilə birgə Lerikdə geniş ictimaiyyətin qatıldığı ictimai müzakirələrin keçirildiyi vurğulanıb.
Qeyd olunub ki, BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə uyğun götürülmüş öhdəliklərin icra müddətinin 2015-ci ildə başa çatdığını nəzərə alaraq, sonrakı dövrlərdə qarşıda duran prioritet vəzifələr və görüləcək işlərin perspektivlərinə dair yerli müzakirələrdə əhali və inkişaf problemləri qabardılıb, təkliflər və tövsiyələr dinlənilib.
Adıçəkilən proqram həyata keçirilərkən yerli icmaların nümayəndələri arasından müvafiq icraçıların seçilməsinin vacibliyi bildirilib, müvafiq sahədə maarifləndirmə işlərinin məhz onlar tərəfindən icma səviyyəsində aparılmasının daha effektiv olacağı vurğulanıb.
Görüşdə qonağı BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev müşayiət edib.