"AMEA-nın prezidenti olacaq şəxs siyasətə bağlı yox, sırf elmə bağlı bir insan olmalıdır, müasir elmin incəliklərindən və istiqamətindən xəbərdar olmalıdır. Kim gəlib bu dediklərimizi həyata keçirə biləcəksə, biz onun namizdəliyini dəstəkləyərik, sona qədər də yanında olarıq”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ağ Partiyasının Sədri Tural Abbaslı deyib.
O, qeyd edib ki, Elmlər Akademiyası artıq intriqaların və ya korrupsiyaların, pul yemə mexanizmi mənbəyi yox, elmin mənbəyi olmalıdır:
"Mən bu məsələdə kimliyi şəxsləndirməyin tərəfdarı deyiləm. Düşünürəm ki, burada kriteriyalar olmalıdır ki, yəni AMEA-nın prezidenti hansı kriteriyalara malik insan olmalıdır. Məncə, bu insan siyasətə bağlı yox, sırf elmə bağlı bir insan olmalıdır. Müasir elmin incəliklərindən və istiqamətindən xəbərdar olmalıdır. Artıq Sovet dönəmindən, köhnəlmiş Elmlər Akademiyasına yanaşma tərzindən müasir yanaşma tərzinə dəyişdirə bilən bir insan olmalıdır. Elmlər Akademiyası artıq intriqaların və ya korrupsiyaların, pul yemə mexanizmi mənbəyi yox, elmin mənbəyi olmalıdır. Elmli insanlara açıq olamlıdır. Təcrübələrə, yeni ixtiralara dəstək verən bir qurum kimi meydana çıxmalıdır. Yəni, elmi nailiyyətlərlə həm Azərbaycan, həm də dünya gündəminə gəlməyi bacarmalıdır. Sözün həqiqi mənasında elm, icad, ixtira mərkəzi olmalıdır, alimlərin yuvası olmalıdır. Elmlə məşğul olmaq istəyən insanların məbədi olmalıdır.
Tural Abbaslı deyib ki, onlar bu kriteriyalara cavab verən insana dəstək olmağa hazırdırlar: "Bu hala gətirə biləcək istənilən şəxsin namizədliyini biz dəstəkləməyə hazırıq. Yəni, Elmlər Akademiyasını rəsmi titullar paylayan, şairin dediyi kimi, yağlı kababdan sonra bir stəkan su kimi Elmlər Namizədi, Doktor adı paylayan bir yer kimi yox, sözün həqiqi mənasında elm fədailərinə himayədarlıq edəcək bir ocaq halına gətirə biləcək kim varsa, kim gəlib bu dediklərimizi həyata keçirə biləcəksə, biz onun namizdəliyini dəstəkləyərik, sona qədər də yanında olarıq”.
Aydın Nuri