Elnur Aslanov 'Açıq məktub' yazdı - KÖŞƏ

Elnur Aslanov
KÖŞƏ
01:47 01.03.2012
1738
Elnur Aslanov 29 Fevral 2012-ci il Xocalı soyqırımının 20-ci ildönümündə, bütün Azərbaycan faciə qurbanlarının abidəsinə doğru dünyanın izlədiyi ümummilli yürüşdə bir araya gəldi.  Tək azərbaycanlılar deyil, ədalət və haqqın tərəfində olan bütün insanlar Xocalı şəhidlərinin ruhuna, soyqırımının ağrısını yaşayan Xocalıların təsəllisinə layiq şəkildə bir yumruq kimi birləşdi. Xalq iqtidar-müxalifətə bölünmədən Xocalıya ədalət və qisas əzminin 20 il boyu hər an yüksəldiyini bir daha sübut etdi. Soyqırım şəhidlərinin adına milli vəhdətin əzəməti bu günlər ərzində yerli və xarici mediada gündəmin əsas mövzusunu təşkil etmişdir. Yürüşün işıqlandırılmasında iqtidarlı-müxalifətli mətbuatın da vahid mövqedən çıxış etməsi ərazi bütövlüyümüzün bərpası və həqiqətin dünyaya çatdırılmasının ümummilli problem və şərəf borcu kimi dərk edildiyinə əminlik yaratdı. Xocalı yürüşünün dünya miqyasında əks-sədası və əhəmiyyəti ayrıca müzakirənin mövzusudur. 26 fevral tarixi yaddaşımızda birlik missiyasını gerçəkliyə çevirən bir gün olmaqla, kimlərin Azərbaycanın haqq savaşının yanında olduğunu tam aşkarlığı ilə üzə çıxardı. Eyni zamanda 26 fevral bundan heç də az vacib olmayan digər məqamları da bəlli etdi. Mediada Xocalı ildönümünün qeyd edilməsinə münasibət Xocalı yürüşünə bəzi mətbu orqanlarının reaksiyası bir çox suallar doğurdu; redaksiya köşələrinin milli mənəviyyat anlamına, dövlətçilik duyğusuna, şəhid ruhuna hörməti ifadə edən insaniyyət və vətəndaşlıq prinsiplərinə nə dərəcədə sadiq olduqlarına nəzər salmağa imkan verdi. Hər bir xalqın tarixində olduğu kimi, hər bir insanın da həyatında milli əxlaqın sınaqdan çıxdığı günlər olur. Bu baxımdan Xocalı qurbanlarının abidəsinə ümumxalq yürüşü soyqırımdan 20 il ötməsinə baxmayaraq, milli məkanda insanlıq və mənəviyyatın tərəfində olanlarla yanaşı, ləyaqətsizlik (daha kəskin də demək olardı) yolunda yürüyənlərin də bəlli olduğu gün oldu. 1992-ci ilin 26 fevralında da belə olmuşdu. Faciədən yazan yerli və xarici jurnalistlər insanlığın yanında və soyqırım cəlladlarının tərəfində olanlara bölünmüşdü. Birinciləri bu gün - 20 il keçəndən sonra da dünya və Azərbaycan dərin minnətdarlıqla yad edir. İkinciləri tarix də, insanlıq da şərəfsizlər kimi lənətləyir. Dünyanın izlədiyi və şərh etdiyi ümummilli yürüşə müxtəlif baxış bucaqlarından baxmaq olar. Yalnız bir istisna olmaqla - milli əxlaqın fövqündə heç bir baxış ola bilməz. Müxtəlif fikirləri olmaq, insanlıq duyğusundan məhrum olmaq deyil. Hər kəs dünyaya gələndə milli mənsubiyyəti ilə bərabər üzərinə yazılı və yazılmamış mənəvi öhdəliklər, sanksiyalar da götürür. Bir xalqın təmsilçisi olur. Xocalıların yalnız azərbaycanlı, türk olduqları üçün qırğına məruz qalmaları çox şeydən xəbər verir. Azərbaycan demokratik ölkədir. Ümummilli kədər günündə də hər kəs öz fikrini söyləməkdə sərbəstdir. Azərbaycanın demokratik media məkanının intellektual, mənəviyyatlı və vicdanlı mənsubları vardır. Eyni zamanda, istənilən mətbu orqanı da kollektivdir, komandadır. Redaktoru, məsul şəxsləri var. Senzuranın olmadığı şəraitdə mətbu nəşrinin konsepsiyası, əxlaqi-mənəvi senzuranın mütləq tətbiq edildiyi bir həddi var. Ümummilli məsələlərdə kollektiv bütün mövqelərə cavabdehdir. Azərbaycanda demokratik cəmiyyət qurulur. Hər kəs eyni düşünməyə də bilər. Demokratiya elə bu deməkdir. Lakin insaniyyət və qeyri-insanlığın arasındakı hüdudu aşmağa, elin yas, anım mərasiminə “şou” deməklə şəhidlərin ruhunu, Xocalıların yaralı qəlbini təhqir etməyə heç kimin haqqı yoxdur! Bu da demokratiyanın mühüm meyarıdır. Mənəvi sanksiylar, baş redaktorun “stop-listi” var. Ümummilli maraqlarla, şəxsi çirkin maraqları ayıra bilməyənlər Salvador Dalinin sözünə görə “heçliyin yoldaşları”dır. Xocalıya münasibətdə xalqımızın kədərini eyni ilə ermənilər kimi dəyərləndirmək, hətta eyni sözlə!? adlandırmaq hansı əxlaq qaydalarına sığır? Azərbaycanlının milli-mənəvi kodeksində bir insanın yaxınlarını itirəndə (hələ dinc şəraitdə) onun hüzn mərasimini kimsə “şou” adlandırmağa cəsarət edər mi? Elə isə 613 Xocalı şəhidi, 1 milyon qaçqını olan xalq matəmini, anım gününü ermənilərin ifadəsi ilə “şou” adlandırmaq hansı əxlaq qanunlarına uyğun gəlir? Vicdansızlığın tipik portreti məlumdur - ümummilli maraqları şəxsi eqoist maraqlarla tam əvəz etmək! Bu həm də Sərkisyanların tipik portretidir. 20 il ərzində yazılarında yalnız 4-5 ifadəni çək-çevir etməkdən savayı heç nə bilməyən kasadlara qərəz və rəzalət püskürmək üçün ilin 364 günü kifayət etmir mi? Başa düşüləndir ki, milli birliyin təcəssümündən sıxılmağın yalnız patoloji izahı var. Başa düşüləndir ki, bu diaqnozdur və çarəsi psixoterapevtə müraciət etməkdir.Mənəvi senzura olmayanda Azərbaycan xalqı bu 20 ildə soyqırımda cəllad və qurbanların kim olduğunu tanıtmaq üçün milli birliyi və qətiyyəti ilə çox iş görüb. Son günlər dünya və Azərbayan mətbuatında S.Sərkisyanın iç üzünü, soyqırımın təşkilatçısı olduğunu sübut edən məlum müsahibəsi təkrar olaraq geniş işıqlandırıldı. Əli minlərlə Xocalı qanına batan, qatil olmaqdan şərəf duyan Sarkisyanla iqtidarı eyniləşdirməsini, bərabər tutulmasını dərc edənlər necə adlana bilər? Xocalını yer üzündən silməyi ilə fəxr edən Sərkisyan, Köçəryan, Ohanyan və başqa "yan”..ların iqtidarını Azərbaycan xalqı ilə bir yürüş etmələrini təklif edənlər öz ailələrinin qarşısına hansı üzlə çıxırlar? Soyqırımın ildönümü ərəfəsində Sərkisyana məktub yazan Xocalı sakini Zərifə Quliyeva Türkiyədə idi. Ona mətbuat mənsubu “Nədən Türkiyədəsiniz?” - deyə sual verdi. Zərifənin cavabı isə belə oldu – “Bu mənim üçün həyat davası, milli davadır. İstəyirəm ki, Xocalı şəhidlərinin qanı yerdə qalmasın”. Azərbaycanın mediası da milli davamız olan Xocalını dünyaya tanıtmaq üçün gecə-gündüz calışmalı, xarici tərəfdaşlar ilə əlaqələr quraraq Qarabağı tanıtmalıdırlar. Azərbaycan tarixində xalqı böyük edən günlər yalnız onun bir olduğu günlərdir. Vətəndaşlıq və birləşdirici dəyərdir. Milli gücdür. Xalqımız hansı məsələlərdə birliyə alternativ olmadığına artıq çoxdan qərar verib. Kiməsə böyük sarsıntılar, böyük hay-küy bizə isə qüdrətli Azərbaycan lazımdır. Azərbaycan artıq 20 il əvvəlki dövlət olmadığı kimi, Xocalı həqiqətlərinin coğrafiyası da 20 il əvvəl olduğundan çox-çox genişlənmişdir. Xalqımız buna birlikdə, bəziləri tərəfindən “şou” adlandırılan tədbirlərlə addım-addım yaxınlaşmasaydı nə olacağını təsəvvür etmək çətin deyil. Azərbaycan xalqının milli birlik üçün hər hansı şouya, aksiyaya ehtiyacı yoxdur, əli tətikdə duran düşmən əhatəsindədir. Milli birliyə alternativ yoxdur. Sağlam düşüncədən və milli ruhdan məhrum olduqları aşkar görünən insanların halına acımaq hissi var. Eyni zamanda Xocalıların yazıda səslənən suallara cavab tələb etmək haqqı var. Şəhidlərin, Xocalı analarının, işğal altındakı torpaqlardan didərgin düşmüş bir milyondan artıq azərbaycanlının, o cümlədən, öz dədə-baba yurdlarına qayıtmaq həsrəti ilə yaşayan Xocalı qaçqınlarından üzr istəmək bu cavablardan biri ola bilər.mənbə : gun.az
OXŞAR XƏBƏRLƏR