Elşən Musayev: 'Bu qrup öz 'liderləri' tərəfindən zombiləşdirilib'

Elşən Musayev:
19:00 31.01.2013
1301
Müşahidəçilərin fikrincə, siyasi spektrdə heç bir real nəticə əldə edə bilməyən radikal müxalifət partiyaları gənclərə nüfuz etməklə onlardan öz siyasi məqsədlərinin reallaşmasında vasitə kimi istifadə etməyə çalışırlar.
Mövzu ilə bağlı Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Milli.Az-a bildirib ki, artıq bir müddətdir ki, fəaliyyəti dövlətçilik əleyhinə yönələn, eyni zamanda ölkədə hüquqi nihilizmin, xaosun bərqərar olmasını arzulayan siyasi qüvvələrin əlində vasitəyə çevrilmiş bir qrup gənc fəallıq göstərməkdədir. Bu qrup, sözün gerçək mənasında, öz “liderləri” tərəfindən zombiləşdirilib, siyasi kamikadze kimi yetişdirilib və proseslərin gedişinə ani bir diqqət yetirmək kifayətdir ki, məsələnin kökündə hansı səbəblərin, məqsədlərin yatdığı bəlli olsun! Söhbət ondan gedir ki, qarşıdan seçki gəlir. İllərdir siyasi uğursuzluğa düçar olmuş radikal müxalifət müxtəlif planlar qurur, ssenarilər cızır, siyasi proseslərin axarını öz maraqları istiqamətində yönəltməyə çalışır və gənclərdən, onların çılğınlığından, enerjisindən yararlanmağa çalışır.
E.Musayevin fikrincə, bu günə kimi keçirilmiş aksiyalar da təsdiq etdi ki, həmin gənclər müxalifət funksionerlərinin övladları, qohumları, onların dostları və xarici fondlardan qrant alan təşkilatların nümayəndələridir: "Onların fəaliyyəti qanunsuz aksiyalara çıxmaqdan, əks mövqedə olanları sosial şəbəkələrdə təhqir və böhtan yağışına tutmaqdan o yana keçmir. Onlar ölkədə baş verən proseslərin, hadisələrin mahiyyətini anlamırlar, “mübarizələrinin”  məqsədi, məramı yoxdur. Buna görə də yabanı təfəkkürün yiyəsi ilə üzbəüz oturub hansısa ümumilli maraqdan danışa bilməzsən. Çünki onlara Azərbaycanın deyil, öz saxta “liderlərinin” yalanlarını sevmək aşılanıb, nağıllar və siyasi romantika təbliğ olunub.
  
Amma olsun!.. Sapı özümüzdən olan baltaların hər zərbəsini dəf etmək üçün bütün gücümüzü ortaya qoymuşuq. Ən əsası, onların qarşısında Azərbaycanı sevən sağlam, vətənpərvər, güclü gənclik var".
OXŞAR XƏBƏRLƏR