Elşən Musayev: 'Əli Həsənov haqqında danışmaq istəyirəm'
18:22 01.06.2012
2806
Azərbaycanın siyasi həyatında baş verən hadisələr, mətbuat üzərindən reallaşan iqtidar-müxalifət qarşıdurması demək olar ki, özünün pik həddinə çatıb. Ələxsus da, Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qətnamə, Azərbaycanla-İran arasındakı diplomatik gərginlik, eyni zamanda son günlər Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov tərəfindən səslənən fikirlər mediada müzakirələrə ən çox yol açan mövzulardandır. Siyasi sektorda cərəyan edən bütün bu hadisələrlə bağlı AZXEBER.COM-a açıqlama verən Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin mövqeyi sərt olub: “Əcəb bir situasiyadır, deyilmi? Azərbaycanda yeni qaz yataqları kəşf olunan kimi Avropanın demokratıya damarı qan fışqırmaqa başlayır. İnsan hüquqları haqda təfsilat “Human Rights Watch” kimi “girdirmə” bir təşkilatın rəyinə uyğun verilir. Avropa adından çıxış etməli olan bir Parlament 200 deputatın fikrini kölgədə qoyub, 49 nəfərin imzası ilə Azərbaycana qarşı qətnamə qəbul edir. “Evrovision” siyasiləşdirilir, Lorin əndrabadi bəyənatlar verir və nəhayətində qalib olur. Ölkədə iri miqyaslı terrora cəhd edilir. İran, din pərdəsi altında regiondakı sabitliyi pozmaq üçün əlindən gələni əsirgəmir. Azərbaycanın radikal müxalifəti beynəlxalq qəyyumların hesabına meydanda “at oynatmaq” eşqinə düşür. Və bütün bu baş verən olaylar İsa Qəmbərin, Əli Kərimlinin məntiqincə dünyanın Azərbaycanda ictimai-siyasi düzən yaratmaq istəyidir, eləmi?! O zaman sual edirəm. Belə bir məqamda Əli Həsənov üzünü Avropa Birliyinə tutub “Başına dəysin sənin qonşuluq proqramın”- deməyib də nə desin bəs? Mikrorayondakı asfalt örtüyünün qalınlığını Xocalı faciəsindən daha ön plana çıxaran müxalifətə “rəzil gündəsiniz”- deməyib də nə desin bəs? Varmı başqa adı bunun? Ya da, bu gün öz qəlibini dəyişən Avropa, kimi inandıra bilər ki, dediklərində, tələb etdiklərində səmimidir? Hardadır bu səmimiyyətin əsaslandırması? Axı bu gün həmin haqqında danışılan Avropanın nəinki birli, heç ikili standartlarla da işləmədiyi hər kəsə gün kimi aydındır. Çünki bu standartların rəqəm miqyası daha da genişlənib, 4-lü, 5-li olub. Avropa Şurasının stimulvericiləri Ştrasser səviyyəsinə qədər enib, Avropa Parlamentinin qətnamələri qeylərin, lezbiyanların adını xüsusi bəndə salaraq, onlara olan münasibəti dünyavilik anlayışının prioriteti kimi təqdim edəcək qədər cılızlaşıb. Geosiyasi aclar Azərbaycanın regiondakı mövqeyini, onun büdcəsini, iqtisadi artımını həzm edə bilməyəcək duruma gəliblər. Bütün bu söylədiklərimi görmək, təhlil etmək üçün xüsusi politoloji istedada ehtiyac yoxdur axı. Və…toxunmaq istədiyim digər və son dərəcə vacib bir məsələ: Azərbaycan iqtidarı adına meydanda gəzən, fəqət gərəkən anda ortaya mövqe qoymağı bacarmayan bəzi siyasilər, məmurlar, status sahibləri... Hardasınız? Bütün fəaliyyətiniz boyu “sarı sim”dən yanmı keçəcəksiniz? Avroatlantik məkandan girib, şərq tərəfdaşlığındanmı çıxacaqsınız? Ortaya mövqe qoymaq lazımdır! Bir zamanlar Böyük Öndərin hər kəsdən Azərbaycan naminə tələb etdiyi mövqe! Əsl Əliyevçilərə yaraşan mövqe! Kəskin mövqe, düzgün mövqe, kəsərli mövqe! Baxın, bu ölkədə hansı müxalif funksionerin ağzını açırsan deyir, Əli Həsənov haqqında danışmaq istəyirəm. Bircə o qalıb ki, Əli müəllimin verdiyi hər müsahibəyə, açıqlamaya ayrıca bir elmi konfrans həsr eləsinlər. Bilirsinizmi niyə? Çünki, Əli Həsənov söylədiyi hər fikirlə hədəfə dəyir, ortaya kəskin mövqe qoyur, lazım olanı edir. Və müşahidələr də göstərir ki, iqtidar düşərgəsində sözü ilə deyil, əməli ilə vuruşan hər kəsin müxalifət tərəfdən eyni aqressiya ilə qarşılanması artıq qaçılmazdır, labüddür, təbiidir”.