Elşən Musayev: 'Mən Prezidentimin adı olan hər yerdə varam' - MÜSAHİBƏ
11:48 12.06.2012
1560
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin müsahibəsini təqdim edirik - Yəqin razılaşarsınız ki, son dönəmlər Azərbaycanın siyasi gündəmi mövzu qıtlığı yaşamır və ən azından öncəki illərlə müqayisədə ciddi bir yüksəliş dinamikası var. Siyasi müxalifətin aktivləşməsi, beynəlxalq diqqətin artması, uzun illərdən sonra ABŞ dövlət katibinin ölkəmizə səfəri və s...Nə baş verir əslində? - Baş verən xüsusi və əlahiddə bir hadisə yoxdur . Ən azından Azərbaycan üçün yoxdur. Sadəcə dünyanın rəngi dəyişib və dəyişməkdə davam edir. Qəribə olansa budur ki, hər kəs siyasi palitrada öz tündləşən rəngindən sanki Azərbaycan üzərinə də bir damcı atıb suyu bulandırmaq istəyir. Məsələn İran öz hayındadır. Amerika ilə müharibənin qaçılmaz olduğunu dərk edir. İsterik duruma gəlib. Və guya öz aləmində dini faktorları, terrorizm hədələrini işə salıb bizə əzələ göstərir ki, baxın ha birdən Amerikanın yanında olsanız daşınızı-daş üstündə qoymaram. Heç uzağa getmirəm, elə dünən İranın Ermənistana silah yardımı ilə bağlı xəbərlər dolaşdı. Nə deməkdir bu? Ya da cəbhədə vəziyyət gərginləşən kimi, Rusiyanın hərbi təyyarələrinin münaqişə zonasında peyda olması...Bir bənzərlik var, deyilmi? Bilirsizmi niyə? Çünki Rusiya da geosiyasi acdır və onun başı son seçkilərdən sonra hər nə qədər özünə qarışmış olsa da, qafqaz həmin Rusiya üçün əsrlər boyu özünütəsdiq rolunu oynayıb. Sovet İmperiyası da, 70 illik əsarətimiz də, Qarabağ düyünü də həmin siyasi təkəbbürün nəticəsidir. Diqqət edin, Qərb deyir Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi hansı şərtləri özündə ehtiva edəcəksə etsin, yetər ki, bu münaqişə nəticəyə varsın. Yəni həllini tapsın. Rusiya və İran kimi düşünən dövlətlərinsə fikri budur: Mümkün olan hər şeyi etmək lazımdır ki, vəziyyət öz gərginliyini saxlasın və bu problem uzana bildikcə uzansın. Yəni həllini tapmasın. Və ya Avropa Parlamentinin son qətnaməsində Azərbaycan əleyhinə kifayət qədər sərt fikirlər səslənib. Əksəriyyəti də insan hüquq və azadlıqları ilə bağlı. Eyni anda İran da o tərəfdən deyir, Avropa dəyərlərinə çox yaxınlaşaraq islami dəyərləri unutmusuz. Gəl indi baş aç görək söhbətin məğzi nədir. Yəni ən sadə məntiqlə bunların hansısa biri səhv deyir. Ya da hər ikisi səhv deyir. Porodoks da bundadır ki, Azərbaycanla bağlı neqativ rəy yaratma çabasında olan bəlli qüvvələr bir tək ölkədəki duruma münasibət bildirmirlər, onlar həm də paralel olaraq bir-birini inkar edirlər. Balans da bu zaman pozulur və Azərbaycan hakimiyyəti xarici siyasət məsələsində məcburi korrektələr etmək zorunda qalır.. O ki qala, ABŞ dövlət katibinin ölkəmizə səfərinə, mən protokol təfərrüatlara varmadan sadəcə bir fikri söyləmək istəyirəm ki, həmin səfər siyasi səhnədəki radikal müxalifətin fiaskosunu bir daha əyani bir şəkildə sübut etdi. Bir az el dilində desək, onların qazını aldı. Bu səfər ən azından təsdiqlədi ki, geosiyasi mövqe tərəfimizdən qorunub saxlanılıb. Daha önəmlisi isə, Amerikanın bizə olan münasibəti müxalifətin və bəzi beynəlxalq təşkilatların iddia etdiyi kimi dəyişməyib. Amma görün radikal müxalifətinin sahiblik etdiyi nəşrlər nə yazır: “Klintondan Azərbaycana demokratiya tələbi”, “Klintondan hakimiyyətə sərt mesaj” Nə bilim, insan hüquqları belə getdi, söz azadlığı elə gəldi...Vallah-billah ayıbdır. Bunların deyəsən utanma hissi tamamən tükənib. Fakt budur ki, xanım dövlət katibi Ermənistan və Gürcüstan müxalifəti ilə müzakirələrə ayırdığı vaxtı Azərbaycan müxalifətinə ayırmadı. Onları görməzdən keçdi. Vətəndaş cəmiyyətinin üzvləri ilə görüşdü, amma onlarla görüşmədi. Çünki olmayan bir şeylə necə görüşmək olar ki?! Və, əslində başa düşən üçün bu yetərli bir jest idi və bununla da siyasi müxalifətin aylardır apardığı təbliğatın üzərindən qara bir xətt çəkildi. Bir daha da dünyaya mesaj verildi ki, Amerika siyasi güc olaraq Azərbaycanın mövcud hakimiyyətini tanıyır və qarşılıqlı əməkdaşlıqda maraqlıdır. - Amma gənc fəal, eyni zamanda 2010 Parlament seçkilərində sizə rəqib olan Bəxtiyar Hacıyevin həmin səfər ərəfəsində azadlığa buraxılmasını təsadüf saymayanlar da var. - Mən dəfələrlə bu barədə danışmışam və Bəxtiyarla bağlı mövqeyimi də açıqca bildirmişəm. Bəli, biz son parlament seçkilərində eyni dairədən, millət vəkilliyinə namizəd olmuşuq. Amma heç bir zaman Bəxtiyarı özümə rəqib bilməmişəm. Çünki bizim aramızda məsafə böyükdür. Və güman ki mən siyasətlə məşğul olduğum ilkin dövrlərdə onun başı diplom işi-filan yazmağa qarışıq olub. Bu sözləri də kimisə aşağılamaq niyyəti ilə demirəm. Bəxtiyar həqiqətən gəncdir və siyasət üçün gərəkən bir çox komponentlər onda yoxdur. Üstəgəl özü də etiraf edir ki, siyasətçi deyil və sadəcə ictimai fəaliyyətlə məşğul olur. O zaman maraqlıdır , niyə müxalifət bu adamı özününki kimi qələmə verir və hələ bir az da irəli gedib irad da tutur ki, mövqeyində konstruktiv dəyişikliklər baş verib? Görün heç sözdürmü? Ruslan Bəşirli yetmədimi bunlara? Hələ nə qədər gənc insanı bədbəxt eləməyə israrlıdır bizim müxalifət? Ay balam, bu həyat Bəxtiyarın öz həyatıdır, özü bilər onu necə qurur, necə davranır. Əli Kərimlinin mirzələrinə bunun nə isti-soyuğu var? O ki qala onun həbsdən azad olunmasına təbii ki, məhkəmənin bu addımını alqışlayıram. Çünki bu həyatda ən böyük düşmənimin belə həbsdə yatmasını arzulayacaq biri deyiləm. Eyni fikirləri sizin saytınıza verdiyim son müsahibədə də söyləmişdim. Bəxtiyarın azadlığını da qətiyyən Klintonun səfəri ilə-filan əlaqələndirmirəm. Allah qapısını açdı, gözü aydın olsun. İnşallah özünün də söylədiyi kimi, bundan sonrakı fəaliyyəti Azərbaycan üçün daha səmərli olar. - Hər zamankı kimi nikbin əhval-ruhiyyədəsiniz. Amma bütün bu qeyd etdiklərinizlə bərabər ortada həm də Avropa Parlamentinin qəbul etdiyi sərt qətnamə var, “Evrovision” əvvəli və sonrası beynəlxalq təşkilatların ölkəmizlə bağlı söylədikləri tənqidi fikirlər var. Və ümumilikdə çox şey var. Bunlarla bağlı söyləyəcəkləriniz nədir? - Avropa Parlamenti həmin haqqında danışdığınız qətnaməni 49 nəfərin imzası ilə qəbul edib. Elə bu paradoks kifayətdir ki, 250 nəfərlik heyət üzvü olan bir qurumun səhih mövqeyi şübhə altına alınsın. Həmin qətnamənin 19 maddəsinin 19-na da baxarkən elə bilirsən, ”Azadlıq” qəzetinin xüsusi buraxılışını oxuyursan. Çünki bəlli bir icraatdır. Azərbaycan əleyhinə birləşən məkrli lobbinin əməyidir. Ştrasser kimi cılız təfəkkür və təkəbbür sahiblərinin özfəailiyyətidir. Yoxsa bu qədər əhəmiyyətli bir qətnamə o basabasda 15 dəqiqə müddətinə işıq sürəti ilə, bəh-bəhlə qüvvəyə minməzdi. Və eyni məsələ ilə bağlı ən son açıqlamamda söylədiyim fikri bir daha təkrar edirəm: Azərbaycanda hər yeni qaz yatağı aşkarlanan kimi Avropanın demokratiya damarı tutur. Üçlü-dördlü standartlar işə salınır. Demokratiya fonunda iqtisadi, fəqət gözlə görünən təqiblər başlayır. Və nə yazıq ki, bu sahədə deyilməyəcək şeylər deyiləcəklərdən daha çoxdur. Avropa bəzən özünü gerçəkdən tanınmaz hala salır. Ya da belə deyək, əsl üzünü bəlli edir. Beynəlxalq təşkilatların mövqeyinə gəlincə isə bu kontekstdə sıralama dəyişmir: "Human Rights Watch", Amnesty İnternational", "Norveç İnsan Haqları Evi", "Freedom House". Həmin təşkilatlar bir yeyib min dua eləsinlər ki, Azərbaycanın indiki rəhbərliyi hakimiyyət başındadır. Çünki çörəkləri onları tənqid eləməkdən çıxır. Bu haqda başqa bir şey söyləmək istəmirəm. - Son zamanlar siyasi kuluarlarda Prezident seçkilərinə hazırlıq məqsədi ilə böyük bir gənclik hərəkatının yaradılacağı xəbəri dolaşır. Bu barədə bir bilginiz varmı? Ən əsası, özünüzü o hərəkatda görürsünüzmü? - Mən Prezidentimin adı olan hər yerdə varam. Olmağa da davam edəcəyəm. Belə bir hərəkatın yaranma təşəbbüsündən isə xəbərsizəm. - Bəs ümumilikdə həmin seçki ilə bağlı proqnozunuz necədir? Ya da belə deyək, sizcə 2013 seçkiləri 2008 seçkilərindən əhəmiyyətli dərəcədə fərqlənə biləcəkmi? - Bunu zaman göstərər. Amma bir də təxmin deyə bir şey var. Məsələn, mövcud reallığın bu gün üçün ifadə etdiyi mənzərə odur ki, Azərbaycan müxalifəti özünün son dərəcə bərbad bir dövrünü yaşayır. Ən böyük problemləri də illərdən bəri dəyişməyən mənəm-mənəmlik kabusudur. Həmin düşərgənin psixologiyasına azacıq bələd olanlar da danılmaz bir həqiqətin fərqindədirlər ki, İsa Qəmbərlə Əli Kərimli hətta bir butulka suyu belə aralarında bölüşə biləcək biriləri deyil. O ki qala hakimiyyəti. Elə bu səbəbdən düşünürəm, seçkidə bizim üzərimizə ciddi bir yük də düşməyəcək. Özləri bir-birinin axırına çıxacaqlar. Çünki ambisiya ortaq dozalanmadan çoxdur və o dərəcədə çoxdur ki, bu dəqiqə imkanları olsa özlərini ətraflarındakı zavallılara “cənab prezident” deyə çağırtdırarlar. Hətta mən bu məsələ ilə bağlı mətbuat vasitəsilə konkret olaraq Rəsul Quliyevə təklif də vermişdim ki, partiyasının adını dəyişib, “Açıq Hava MMC” eləsin. Yəni-Açıq Hava Məhdud Məsuliyyətli Cəmiyyət. Görün nə gözəl səslənir. Bütün işsiz-gücsüzləri də yığsın ətrafına. Nizamnaməni də elə düzüb-qoşsun ki, həmin ictimai təşkilatın rəhbəri sədr, nə bilim başqan-filan deyil, məhz prezident olsun. Təxminən firma prezidenti kimi bir şey. Ətrafındakı 3-5 nəfər də “cənab prezident” deyə xitab eləsin, ürəyi rahat olsun. Gecələri prezident kimi yatsın, gündüzləri də prezident kimi nahar eləsin. Hələ ki, ideyamı dəyərləndirməyiblər. Hərçənd belə olan halda həm Rəsul Quliyevin prezidentliyi dəqiqləşir, həm bizim can rahatlığımız...