Bölgələrdə ictimai-siyasi sabitliyin pozulması ilə bağlı dövriyyəyə buraxılan məlumatlar şayiə və dezinformasiyadan başqa bir şey deyil.
Gün.Az xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev son günlər müxalifət mətbuatında səslənən fikirlərə münasibət bildirərkən söyləyib.
Politoloq daha sonra bunları əlavə edib:
Bir neçə gündür, dövrü mətbuatda Neftçala, Zaqatala habelə digər rayonlarda iğtişaşların baş verməsi haqqda heç bir əsası və mənbəyi olmayan məlumatlar dolaşır. Ən sonda da təkzib gəlir ki, belə bir şey yoxdur, informasiya dəqiq deyilmiş.
Nə deməkdir bu? Nəyə və kimə xidmət edir bu saxta ajiotaj? Kimdir bu işin təşkilatçıları və ilhamvericiləri? Hansı məqsədlərə hesablanıb həmin destruktiv fəaliyyət?!
Əslində bütün bu sualların cavabı gün kimi aydındır: Siyasi fəaliyyətlərində və perspektivdə heç bir ümid yeri, işıq ucu görməyən qüvvələr indi də bu yola əl atırlar ki, bəlkə nəyəsə nail oldular.
İsmayıllıda adi bir məişət zəminində baş verən hadisə isə əllərinə yaxşı bir girəvə verib. Həmin mövzudan maksimum bəhrələnmək istəyirlər.
Fəqət hələ də onlar üçün acı hesab olunacaq həqiqəti anlamış durumda deyillər ki, gerçək iqilabların, kütləvi iğtişaşların ortaya çıxması, baş verməsi üçün yetərli səbəblər olmalıdır.
Həmin səbəblər isə Azərbaycan reallıqlarına və ölkədəki ictimai-siyasi-sosial vəziyyətə adekvat deyil.
Ayrıca, Azərbaycan vətəndaşları üçün son dərəcə həssas bir anlam daşıyan bu cür mövzuların məqsədyönlü, planlı şəkildə dövriyyəyə buraxilması həm də o anlama gəlməlidir ki, seçki öncəsi ölkədəki siyasi sabitliyi pozmaq, artıq radikal və dövlətçilik əleyhinə yönələn qüvvələrin başlıca prioriteti kimi müəyyən edilib.
Bu destruktiv və anti-milli fəaliyyətin durdurulması üçünsə bütün müvafiq dövlət qurumları səfərbər olunmalıdır.
Və, son olaraq bir vacıbatı da xatırlatmaq istəyirəm ki, həmin saxta informasiyaların mənbə daşıyıcısı olan bəlli mətbu orqanların qanun qarşısında məsuliyyət məsələsi də bir şəkildə müzakirə mövzusuna çevrilməli və gündəmə gətirilməlidir!
Və ya belə deyək: Heç bir mətbuat nümayəndəsi ağlına və ağzına gələn məlumatı yazmaqda bu qədər sərbəst, məhdudiyyətsiz ola bilməz. Ən azından milli və dövlətçilik xarakterli məsələlərdə bu nüansın tənzimləyici bir mexanizmi olmalıdır.