Pedro Bikalyonun zədəsi tam sağalıb. Futbolçu artıq komanda ilə məşqlərə qoşulub.
AZXEBER.COM xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Renaldo Sefasın müalicəsi davam edir. Futbolçunun bərpa prosesində müsbət dinamika müşahidə olunur və onun "Tvente” ilə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda heyətdə yer almaq ehtimalı var. Sefasın qarşılaşmada meydana çıxması ilə bağlı yekun qərar isə futbolçunun son vəziyyəti nəzərə alınmaqla veriləcək.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo” (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən Elvin Cəfərquliyev əməliyyat olunacaq. Avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun klinik müayinəsi və maqnit-rezonans tomoqrafiyasının (MRT) nəticələrinə əsasən, sol budun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələnin (m. semitendinosus) distal vətərində zədələnmə müəyyən edilib.
İlkin mərhələdə konservativ müalicə və reabilitasiya tədbirləri həyata keçirilsə də, gözlənilən müsbət dinamika müşahidə olunmayıb. Avropalı mütəxəssislərlə aparılan əlavə konsultasiyalardan sonra futbolçunun cərrahi əməliyyat olunmasına qərar verilib.
İlkin proqnoza əsasən, Elvin Cəfərquliyevin tam bərpası və futbol fəaliyyətinə qayıtması təxminən 3 ay çəkəcək. Bərpa müddəti reabilitasiya prosesinin gedişindən asılı olaraq dəyişə bilər.
Zakaria Savonun bərpa prosesi isə davam edir. Onun təxminən 3-5 həftə ərzində komandanın sərəncamında olması gözlənilir.











































