Elxan Məmmədov: 'Təəssüflər olsun ki, ali futbol qurumu bizə mənfi cavab verdi'
İDMAN
19:02 18.04.2012
1695
“Təbii ki, FİFA-nın “Xəzər Lənkəran” haqda çıxardığı qərara görə biz də təəssüflənirik. Çempionatın sonudur, rəqabət var və 2-ci yerdən 4-cü pilləyə düşən komandada fərqli motivasiya ola bilər. Ancaq ali futbol qurumunun qərarına hörmətlə yanaşırıq və həmin qərar icra olunmalı idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Aprelin 13-də “Xəzər Lənkəran”ın hesabından 6 xal silinməsi ilə bağlı FİFA-nın verdiyi qərara rəsmi münasibət bildirən Məmmədov ali futbol qurumunun Əsasnamə və Nizam-İntizam Qaydalarını ön plana çəkib: “Tərkibində olan 208 milli assosiasiya FİFA-nın qaydalarına hörmətlə yanaşmalı, öz ölkəsində tətbiq etməlidir. Buna yerinə yetirməyən federasiya cəzalandırılır. Müxtəlif ölkələrin timsalında bunun şahidi olmuşuq. Yadınızdadırsa, 10 il öncə Azərbaycanda da belə hal yaşanmışdı. Avropa ölkələri, müxtəlif federasiyalar da oxşar vəziyyətlə qarşılaşıblar. FİFA beynəlxalq miqyasda ən güclü idman qurumudur”. AFFA “Xəzər Lənkəran” barədə məlum sanksiyanın tətbiq olunmamağı ilə bağlı FİFA-ya rəsmi müraciət etsə də, bu, müsbət nəticə vermədi: “Təbii ki, çempionatın sonuna 5 tur qalmış 2-ci yerdə gedən, çempionluğa iddialı komandanın 6 xalının silinməyi futbolumuz üçün də mənfi haldır. Ancaq nəzərə almaq lazımdır ki, bu məsələ 2010-cu ildən başlayıb. Bu müddətdə “Xəzər Lənkəran”a məlumat verilmiş və məsələyə 2011-ci ildə yenidən qayıdıblar. FİFA sonda futbolçunun davamlı, mütəmadi şikayətləri nəzərə alıb, müvafiq qərar qəbul edib. Biz istisna hal kimi, FİFA-ya sanksiyanın dayandırılması xahişi ilə rəsmi müraciət etdik. Halbuki, yerli futbol federasiyaları bununla bağlı FİFA-ya müraciət göndərmirlər. Bununla bağlı müxtəlif federasiyaların nümayəndələri ilə danışıb, məsləhətləşmişəm. Ümumiyyətlə, yerli federasiyalar hansısa kluba qarşı çıxarılan qərarlarla bağlı FİFA ilə müzakirə aparmır. Biz hazırda Azərbaycan futbolunun inkişaf müddətini, eyni məqsədə çatmağa çalışmağımızı nəzərə alaraq, FİFA-ya rəsmi müraciət etdik. Təəssüflər olsun ki, ali futbol qurumu bizə mənfi cavab verdi. Müraciətimizə cavabında bizdən tələb etdi ki, qısa zamanda, dərhal bunu həyata keçirək. Bizə cəzanın tətbiqi ilə bağlı aprelin 14-dək vaxt verilmişdi”. Beynəlxalq arenada belə cəzaların çox olduğunu deyən Məmmədov konkret misal da çəkib: “Yadıma düşən İtaliya klublarıdır ki, “Atalanta”nın 6, “Bolonya”nın 3, Şotlandiyada isə “Reyncers”dən 10 xal silinmişdi. Sonuncuların vergi borcları vardı. FİFA-nın qərarları müxtəlif problemlə bağlı ola bilər. Lisenziyalaşdırma qaydalarına görə klub avrokuboklarda oynayırsa, UEFA da cəzasını verə bilər. Yəni bunlar praktikada olur və hamısını nəzərə almaq lazımdır. Əminəm ki, araşdırmanı davam etdirsək, hər bir ölkədə Nizam-İntizam qərarlarının sərt olduğunu görə bilərik. Yadınızdadırsa, FİFA “Çelsi”ni 2 illik beynəlxalq transferlərdən məhrum etmişdi”. FİFA-nın məlum qərarı ilə bağlı AFFA-nın mövqeyi birmənalı qarşılanmadı. Baş katib bununla bağlı “Xəzər Lənkəran” nümayəndələrinin, futbol ictimaiyyətinin etirazlarından xəbərdar olduğunu vurğulayıb: “Yadınıza salmaq istərdim ki, bu, AFFA-nın yox, FİFA-nın İntizam Komitəsinin qərarı idi. FİFA federasiyaya müraciət göndərir və bu zaman hansısa məsləhət, tövsiyə deyil, tələb edir ki, FİFA-nın Nizamnaməsinə əsasən həmin qərar yerinə yetirilməlidir. Bununla da məsələ qurtardı. FİFA bizə deməyib ki, məsələyə yerli assosiasiyanın İntizam Komitəsində baxılsın. Bizdən qərarın tətbiqini tələb edib. Ona görə də məsələni düzgün şərh etmək lazımdır. İstərdim ki, bunu ictimaiyyətə düzgün çatdırasınız. Çünki məsləhət və tövsiyə ayrı, tələb ayrıdır”. Məmmədov böyük müzakirə obyektinə çevrilən 6 xalın cari mövsümdə silinməsinə də aydınlıq gətirib: “Qərar 4 həftə sonra, avrokuboklar başlayanda çıxsaydı, bu zaman AFFA-nın bunu növbəti çempionata tətbiq etmək hüququ vardı. Ancaq hazırda çempionat gedir və problem 2010-cu ildə başladığından, FİFA bunu dərhal tətbiqini tələb edib. Başqa yolumuz yox idi. Çünki FİFA-nın üzvü olduğumuzdan, bunu tətbiq eləməli idik. Azərbaycanda bütün peşəkar klublar FİFA-nın qaydalarına tabe olmalıdır”.