Bu sözləri Rusiyada yaşayan azərbaycanlı biznesmen və müğənni Emin Ağalarov iyulun 7-də Yaşıl Teatr Konsert Kompleksində keçirdiyi solo-konsertində çıxışı zamanı deyib. Sənətçi hər il olduğu kimi bu il də Bakı əhli qarşısında yaddaqalan proqramla çıxış edərək tamaşaçılara xoş anlar bəxş edib. Sənətçi proqramda “Wonder” albomundakı mahnıları daxil etməklə yanaşı, hələ hazırlanan albomundan da yeni mahnıları səsləndirib. Hər bir konsertində sadə səhnəsi və geyimi ilə fərqlənən Emin, elə bu konsertində də ənənəni pozmayıb. Müğənni qara rəngli kostyumda səhnəyə çıxıb. Konsert deyildiyi vaxtdan 40 dəqiqə geç başlasa da, tamaşaçılar bu haldan qəti narahatlıq keçirməyiblər. Sənətçi hava qaraldıqdan sonra səhnəyə çıxıb və konsert boyu müğənninin musiqiçi qrupu və bek-vokalçılar müşayiət edib. Xüsusi səhnə effektləri, mükəmməl texniki avadanlıqdan istifadə və hər xırda detala belə peşəkar yanaşma konsertin yüksək səviyyədə keçməsi ilə nəticələnib.
İki mahnı ifa etdikdən sonra Bakı əhlini salamlayan Emin, konsertinə təşrif buyurmuş Azərbaycan xalqına təşəkkürünü bildirib: “Nə yaxşı sizlər varsınız. Hər bir müğənninin var olması, mahnının yaşaması ilk əvvəl sizlərdən asılıdır. Hər şeyə görə sizə təşəkkür edirəm. Nə yaxşı mənim həyatımda sizlər varsınız”. Müğənni daha sonra konsertində iştirak edən nənəsi, anası və bacısını salamlayıb, onlara təşəkkürünü bildirib. Konsertdə atası, məşhur iş adamı Araz Ağalarovun iştirak etmədiyini bildirən Emin, konserti günündə atasının cərrahiyyə əməliyyat olunduğunu vurğulayıb.
Emin Ağalarov konsert boyu tez-tez tamaşaçılarla ünsiyyət saxlayıb. O, konsert məkanına təşrif buyurmuş fan-klub üzvlərinə də zaman ayırıb. Emin, ifa etdiyi hər bir mahnının mahiyyətini tamaşaçılara açıqlayıb və bu mahnıları maraqlı şəkildə ifa edib. Emin Ağalarov bu konsertində də SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevi unutmayıb. Hər zaman Müslüm Maqomayevi uca tutduğunu dilə gətirən Emin, məhz ona baxaraq hər zaman bu sənətdən zövq aldığını bildirib. Müğənni bu sənətdə Müslüm Maqomayevə baxaraq çox şey öyrəndiyini və Azərbaycanın bu cür sənətkara sahib olmasından qürur duyduğunu qeyd edib: “Ötən gün iki gözəl hadisə baş verdi. Müslüm müəllimin yaşadığı binada onun barelyefinin açılışı oldu. Eyni zamanda Tamara xanım Sinyavskayanın doğum günü oldu. Bu gün Tamara xanım da bu konsertdə olmalıdır və bir daha Sizi təbrik edirəm. Xoşbəxtəm ki, Müslüm Maqomayevi tanımışam və mənim bu gün burada olmağım məhz onun məsləhətlərinin nəticəsidir. Müslüm Maqomayev hər zaman olub, var və olacaq... Müslüm Maqomayev 30 insanın edə biləcəyindən artığını edib. Bəzən düşünürəm, görəsən mən 30 dəfə bu dünyada yaşasaydım, onun etdiklərini edə bilərdinmi? Məncə bunu heç kim edə bilməz”. Bu çıxışından sonra isə Emin Azərbaycan dilində mahnı oxumamasının səbəblərini açıqlayıb və hər bir işi gözəl görmək arzusunda olduğunu qeyd edib: “Düzdür, mən Azərbaycan dilində mahnılar oxumuram. Ancaq hazırda təqdim olunan ifa hər şeyə dəyər. Bu ifa Azərbaycan dilində ən gözəl nümunədir”. Və bu çıxış ardından Müslüm Maqomayevin ifasında “Ey əziz anam Azərbaycan” mahnısı səsləndirilib. Səhnənin kənarında quraşdırılmış böyük ekranda isə sənətkarın müxtəlif illərdə çəkdirdiyi şəkillər, Eminlə birgə kadrları nümayiş etdirilib. Emin həmin gün öz ifasında da bir mahnını məhz Müslüm Maqomayevə həsr edib və bildirib ki, Bakıda musiqi məktəblərindən birinə Müslüm Maqomayevin adı veriləcək.
Konsertdə yaşanan maraqlı məqamlar sırasında müğənninin fan-klubunun Eminə mahnı və tort hədiyyəsi olub. Fan-klub Emini repertuarından bir mahnını özləri səhnədəcə, sənətçinin yanında ifa ediblər və Emin onların bu sürprizindən sevincli anlar yaşayıb. Emin qeyd edib ki, fan-klubunun ona etdiyi tort hədiyyəsi həyat yoldaşı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə ailə qurmalarının beş illiyi münasibətilədir: “Bu tort həyat yoldaşımla ailə qurmağımızın beş illiyi münasibəti ilə hazırlanıb. Həyat yoldaşım da hər zaman olduğu kimi bu gün də mənimlədir və hazırda 8-ci sırada oturub. Mən qazandığım uğurların 50 faizini məhz həyat yoldaşıma borcluyam. Onu çox sevirəm”. Iki saata yaxın davam edən konsertdə Böyük Britaniyadan məhz bu konsertdə iştirak etmək Azərbaycana təşrif buyurmuş qonaq da səhnəyə çıxıb. O, Emin haqqında müsbət fikirlərini dilə gətirib və azərbaycanlı müğənninin Böyük Britaniyada çox sevildiyini vurğulayıb. Britaniylı qonaq eləcə də Azərbaycan xalqını “Eurovision-2012” mahnı yarışmasındakı qalibiyyəti münasibəti ilə təbrik edib və gələn il Bakıda çox gözəl müsabiqənin keçiriləcəyinə əminliyini iafdə edib: “Emin Şərq dünyasından ilk müğənnidir ki, Böyük Britaniyanın “BBC 2” radiosunda üç həftədir birinci pillədən düşmür. Onun ifası İngiltərədə çox sevilir və Azərbaycan bu cür oğlu ilə fəxr etməlidir”. Nitqinin sonunda isə qonaq Eminə Britaniyada hazırlanmış və üzərində Eminin şəkli əks olunan xüsusi mükafatı təqdim edib. Eminin bu konserti də anşlaqla baş tutub. Emin bildirib ki, konsertdən yığılan pul hazırda tikilən məktəbə sərf olunacaq: “Bu məktəbin tikintisində hər birinizin payı olacaq. Buna görə sizlərə təşəkkür edirəm”. Konsertini xoş əhval-ruhiyyə ilə başa vuran Emin, tamaşaçılar tərəfindən ikinci dəfə geri qaytarılıb. Səhnəyə ikinci qayıdışında isə müğənni bu zamana qədər hər konsertində etdiyi anı təkrarlayıb. O, məşhur “Ruh” filmindən hər kəsin sevdiyi “Unchained melody” mahnısını ifa edərək səhnədən tamaşaçı salonuna düşərək xanımının yanına gəlib, ona bir qızılgül verib.
Konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, müğənninin ailə üzvləri və bir çox tanınmış simalar, eyni zamanda mədəniyyət xadimləri iştirak ediblər.// APA