Emin Hüseynovun ABŞ-ın “Foreign Policy” jurnalındakı anti-Azərbaycan yazısına sözardı

SOSİAL
17:46 31.03.2016
1988

Əhməd Şahidov,ADİHİ rəhbəriEmin Hüseynovun ABŞ-ın “Foreign Policy” jurnalındakı anti-Azərbaycan yazısına sözardı

Ötən gün RATİ rəhbəri, hazırda İsveçrəyə sığınmış hüquq müdafiəçisi Emin Hüseynovun ABŞ-ın “Foreign Policy” jurnalındakı yazısını oxudum. Yazı Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtona rəsmi səfərinə həsr edilib. Daha doğrusu, həmkarım Emin Hüseynov Azərbaycan Prezidentinin ABŞ-da yüksək səviyyədə qəbul edilməsinə sanki üsyan edir, ABŞ rəsmilərini İlham Əliyevlə görüşməməyə səsləyir və bunu Azərbaycanda insan haqlarının pozulması ilə izah edir.

Məqalənin yazılış üslubu və səslənən fikirlər ilk növbədə, vətəndaş kimi məni məyus etdi. Sanki, ABŞ-dakı erməni diasporu Azərbaycan diplomatiyasının uğurlarını həzm edə bilmirmiş kimi yaydığı bəyanatlara bənzəyir. Ölkə başçısı İlham Əliyevin məhz rəsmi Vaşinqton tərəfindən ABŞ-a dəvət edildiyini unudan Emin Hüseynov əslində öz mahiyyətini ortaya qoyur və hüquq müdafiəçisinə yaraşmayan bir davranış nümayiş etdirir.

Emin Hüseynov unudur ki, Azərbaycan prezidentinin Vaşinqtonda Barak Obama ilə foto çəkdirməyə ehtiyacı yoxdur, hərçənd ki, tərəflər arasında görüş baş tutarsa, təbii ki, protokol qaydalarına əsasən, foto və video çəkiliş olmalıdır.

Əksinə, sonuncu prezidentlik dövrünü başa vuran Barak Obama daha çox görüş və tədbirlərdə iştirak etməkdə maraqlı görünür. Vaşinqton rəhbərinin öz ailə üzvləri ilə Kubaya son səfəri də bu istəyin çılpaq nümunəsi sayıla bilər. Çünki, Obama 1959-cu il inqilabından sonra Kubaya gəlmiş ilk ABŞ prezenti kimi tarixə düşməyə çalışdı və düşdü. İraq və Suriyada həyata keçirilən uğursuz anti-terror əməliyyatlarından sonra nüfuzunu itirən Barak Obama məhz bu kimi gedişlərlə yaddaşlarda qalmağa çalışır.

Mənə maraqlı gələn əslində başqa məsələdir. Azərbaycan Prezidentinin Vaşinqtona dəvət edilməsinə və ABŞ rəhbərliyi ilə görüşməsinə erməni diasporundan daha çox etiraz edən Emin Hüseynovun məqsədi nədir?! Dünyada baş verən qlobal hadisələr - Avropada artan terror təhlükəsi, milyonlarla qaçqın ordusu, soyuq müharibə və qütbləşmə fonunda dünya liderlərini Vaşinqtona toplayaraq, sülhün müzakirə edilməsi foto çəkdirməkdən azmı əhəmiyyət daşıyır?! Yoxsa, Barak Obama ilə foto çəkdirmək dünyada neftin qiymətini artıracaq və ya Dağlıq Qarabağı işğaldan azad edəcək?!

Əlbəttə ki, yox! Barak Obama ilə foto çəkdirmək heç kimə lazım deyil. Xüsusən də, prezident kimi son dövrünü yaşayan qaradərili rəhbərlə foto zərrə qədər də əhəmiyyətli deyil. Görünür, Emin Hüseynov zamanında çəkdirdiyi fotolarla müəyyən qrantlar qazana bilib deyə, bu cür məqamlara çox ümid bəsləyir.

Bəlkə də, fikirlərimi bucür qələmə almazdım. Amma Emin Hüseynov unudur ki, Nüvə Sammitinə Prezident İlham Əliyevin timsalında Azərbaycan dəvət edilib, yəni bizlər - bir dövlət və xalq olaraq, ora dəvət edilmişik. Azərbaycan və ABŞ-ın təkbətək görüşməsi bizlər üçün nə dərəcədə əhəmiyyətlidirsə, bir o qədər də amerikanlılar üçün zəruri və şərəflidir. Həmin görüşdə üçrəngli Azərbaycan bayrağının ABŞ bayrağı ilə yan-yana asılması bizlər üçün nə qədər önəmlidirsə, sadə amerikalılar üçün də bir o qədər mühüm və strateji əhəmiyyət daşıyır. Çünki, Qərbin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan misilsiz rola malikdir. Bunu amerikalılar da çox gözəl anlayır və bucür görüşlərdə maraqlıdırlar.

Məsələyə məhz bu aspektdən yanaşmaq və öz Vətəninə düşmən mövqedən əl çəkmək lazımdır, Emin Hüseynov! Çünki, biz səninlə istər Avropa Şurası, istərsə də ATƏT və BMT-dəki tədbirlərdə dəfələrlə birgə iştirak etmişik. Sən bəzən foto çəkdirmək üçün hansısa Avropa liderlərinin arxasınca qaçanda, mən Azərbaycanın milli maraqları naminə çıxışlar eləmişəm. Görünür, ikimiz də insan haqlarını müdafiə ediriksə, sənin anlayışında bu, özün də daxil olmaqla bir ovuc insanın marağıdır. Mənimçün isə insan haqları Azərbaycan xalqının, Azərbaycan dövlətinin və Azərbaycan Bayrağının maraqlarıdır və bu maraqları sonadək müdafiə etmək mənim borcumdur!

OXŞAR XƏBƏRLƏR