AN şəbəkəsi yeni layihəsini təqdim edib. “Qafqazinfo”nun verdiyi xəbər görə “E-think-thank” adlanan layihənin təqdimat mərasimində vətəndaş cəmiyyəti təşkilatları, hökumət, parlament, beynəlxalq təşkilatlar, gənclər birlikləri və nümayəndələr iştirak edib. Təqdimat mərasimini açıq elan edən layihənin rəhbəri Rəşad Şirinov bildirib ki, layihəni icra etməkdə əsas məqsəd Azərbaycandan kənarda təhsil alan tələbələrin təcrübəsindən yararlanaraq bilik və insan kapitalı transferini həyata keçirməkdir. Tədbirdə həmçinin, “21-ci əsrdə biz nə görmək istərdik? Azərbaycan üçün yol xəritəsi” adlı toplunun təqdimatı olub. Toplu, siyasət sənədi olaraq, müasir Azərbaycan dövləti və cəmiyyətinin üzləşdiyi bir sıra müxtəlif çətinliklərə xitab edir və bu problemlərin həll yollarını araşdırır. Nəşrdə bir sıra məsələləri əhatə edən mövzularda alternativ, amma icra edilə biləcək tövsiyələr yer alıb. Adıçəkilən layihə ABŞ-ın German Marshall Fondunun Qara Dəniz Regional Əməkdaşlıq Proqramı tərəfindən maliyyələşib.