Misirin paytaxtı Qahirədə əksəriyyəti "Müsəlman qardaşları" islamçı hərəkatının tərəfdarları olmaqla, minlərlə etirazçı artıq 3-cü gündür ki, Təhrir meydanına toplaşır. Nümayişçilər ötən həftə Ali məhkəmənin islamçı çoxluğa malik parlamentin ləğv edilməsi qərarına yenidən baxılmasını tələb edirlər. Onlar həmçinin hərbçilərə daha çox səlahiyyət verən "konstitusiya bəyannaməsi"nin də ləğv edilməsinə çağırıblar.Ölkədə hökm sürən siyasi qeyri-müəyyənlik ötən həftə baş tutan prezident seçkilərinin ikinci turundan sonra daha da artıb. Hər iki namizəd - "Müsəlman qardaşları"nın nümayəndəsi Məhəmməd Mursi və Hüsni Mübarək dövrünün son baş naziri Əhməd Şəfiq öz qələbəsini bəyan edib."Prezidentliyə namizəd kimi Misirdə bütün komissiyalardakı hesablamalara və öz kampaniyamın müşahidələrinə əsaslanaraq, əminəm ki, qanuni qalib mənəm. Ali Seçki Komitəsini gözləyirəm, nəticələri ən son o elan edəcək, onun qərarını əvvəlcədən proqnozlaşdırmayacam, amma onun son sözünə də hörmət edəcəyəm", - Əhməd Şəfiq belə deyib.