“De-institusionalizasiya və Alternativ Qayğı” Dövlət Proqramının icrasına və eləcə də ölkəmizdə uşaq müdafiəsi sahəsində həyata keçirilən tədbirlərə dəstək məqsədilə “İRƏLİ” İctimai Birliyi “Dünyaya Baxış” Beynəlxalq Humanitar Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin maliyyə dəstəyi ilə “Sosial İşçilər: Uşaq Müdafiəsi Sistemi İslahatına yeni baxış” adlı layihəni uğurla başa vurub.
"İrəli"nin mətbuat xidmətinin rəhbəri Nəzakət Əliyevanın AZXEBER.COM-a verdiyi məlumata görə, birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihədə, Azərbaycanda sosial işçilər üçün artan ehtiyaclara hökumət və qeyri-hökumət təşkilatlarının diqqətinin cəlb edilməsi, uşaq müəssisələrindən bioloji ailələrinə qaytarılan uşaqların hazırki vəziyyəti barəsində məlumatlılığın artırılması məqsədilə “İRƏLİ” Prodakşın tərəfindən “Empatiya” sənədli filmi çəkilib.
“Empatiya” sənədli filminin təqdimatı 5 İyun 2012-ci il tarixində saat 11:45-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək. Təqdimat mərasimində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sosial Müdafiə Nazirliyi, Ailə, qadın və uşaq məsələləri üzrə dövlət komitəsi, Ombudsman Aparatı, ATƏT-in nümayəndəliyi, Avropa Şurasının nümayəndəliyi, Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı, Respublika Uşaq Təşkilatı, UNİCEF, SOS Uşaq kəndi Azərbaycan Assosiasiyası, Müasir Təhsil, Tədrisə Yardım Mərkəzi, millət vəkilləri, aidiyyatı dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatların nümayəndələri iştirak edəcəklər.