Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı "Məcburi Köçkünlükdə Qlobal Təhsil 2022” adlı hesabatını dərc edib.
AZXEBER.COM xəbər verir ki, hesabata görə, Türkiyə təxminən 3.6 milyon qaçqın və məcburi köçkünə görə dünyanın ən çox qaçqına ev sahibliyi edən ölkəsi elan edilib.
Türkiyəni 3.4 milyon nəfərlə İran, 2.5 milyon nəfərlə Kolumbiya və 2.1 milyon nəfərlə Almaniya izləyib. Bu siyahıda ilk 5-likdə Kosta Rika, İspaniya və Meksika da yer alıb. Əhalisinin sayına görə, Aruba adası (əhalinin 6-dan 1-i) və Livan (əhalinin 7-dən 1-i) ən çox sayda qaçqın və beynəlxalq müdafiəyə ehtiyacı olan digər insanlara ev sahibliyi ediblər.
Digər tərəfdən hesabatda bütün qaçqınların və beynəlxalq müdafiəyə ehtiyacı olan digər şəxslərin Suriyadan 6.5 milyon, Ukraynadan 5.7 milyon və Əfqanıstandan 5.7 milyon olduğu vurğulanıb.
Həmçinin hesabatda məcburi köçkünlərin sayının 2021-ci ilin sonu ilə müqayisədə keçən il təxminən 19 milyon nəfər artaraq 108.4 milyon nəfərə çatdığı bildirilir. Bildirilib ki, bu rəqəmlərin 62.5 milyonu məcburi köçkünlər, 35.3 milyonu qaçqınlar, 5.4 milyonu sığınacaq axtaranlar, 5.2 milyonu isə beynəlxalq müdafiəyə ehtiyacı olan şəxslərdir.
Məlumata görə, aşağı və orta gəlirli ölkələr dünya qaçqınlarının və beynəlxalq müdafiəyə ehtiyacı olanların 76 faizini qəbul edir. Ən zəif inkişaf etmiş ölkələr məcburi köçkünlərin 20 faizini qəbul etdiyi halda, qaçqınların və beynəlxalq müdafiəyə ehtiyacı olanların təxminən 70 faizi qonşu ölkələrdə yaşayır.
Hesabatda deyilir ki, 2022-ci ildə 6 milyondan çox məcburi köçkün, o cümlədən 5.7 milyon məcburi köçkün və 339.3 min qaçqın öz ölkələrinə qayıdıb. Hesabatda 114 min 300 qaçqının sığınacaq üçün müraciət etdikləri ölkədən onları qəbul edən başqa ölkəyə köçürüldüyü və bu nisbətin əvvəlki ilə nisbətən yarıya qədər artdığı bildirilib.
"Bu rəqəmlər bizə göstərir ki, bəzi insanlar münaqişəyə girməkdə çox tez və həll yolu tapmaqda çox ləngdirlər. Nəticə evlərindən zorla çıxarılan milyonlarla insanın hər biri üçün dağıntı, köçkünlük və əzabdır", - deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Qrandi Filippo bildirib.
Qeyd edək ki, hesabatda qeyd olunub ki, 2022-ci ildə həll yolu tapan qaçqın və köçkünlərin sayı əvvəlki ilə nisbətən artsa da, qalıcı həll yolları üçün parlaq mənzərə yoxdur.
Mikayıl