“Ən təhlükəsi hücumlar deyil, bizim susmağımızdır”
SİYASƏT
20:12 16.02.2026
637
Emin Əfəndi,
Lev Tolstoy deyirdi ki, insan üçün ən təhlükəli an məqsədə çatdığı andır, çünki həmin anda o, nəyə sahib olduğunu unutmağa başlayır. Biz də bunu yaşadıq.
Bir vaxtlar torpaqlarımızın bir kəndinin belə geri qayıdacağını təsəvvür etmirdik. Bu, daha çox ürəyi ovudan bir arzu kimi səslənirdi. "Gələn il bu bayramı Şuşada, Cıdır düzündə qeyd edək” cümləsi uzun müddət sadəcə primitiv bir təsəlli idi. Bu gün isə həmin cümlə ümumiyyətlə leksikonumuzdan itib.
Amma bu reallıq göydən düşmədi. Onun arxasında siyasi iradə, məsuliyyət və dövlət marağını hər şeydən üstün tutan mövqe dayanır. Elə buna görə də İlham Əliyev bir çoxları üçün sadəcə prezident deyil, ölkənin taleyində dönüş yaradan lider kimi qəbul olunur. Bu mövqe yalnız müharibə dövründə yox, sonrakı illərdə də özünü göstərdi. Xüsusən beynəlxalq məsələlərdə, o cümlədən Ukrayna mövzusunda Azərbaycanın prinsipial və balanslı xətt saxlaması asan qərar deyildi. Böyük təzyiqlər fonunda belə dövlət maraqlarını qoruyan mövqe nümayiş etdirildi və bu, siyasətdə bəzən qələbə qədər çətin olur.
Zaman keçir və ən böyük hadisələr belə adiləşir. Dünənin möcüzəsi bugünün adi xəbərinə çevrilir. Elə bu adiləşmənin fonunda dövlət başçısına və ailəsinə qarşı hücumlar artır, ittihamlar səslənir, qaralama cəhdləri çoxalır.
Ən təhlükəlisi isə hücumlar deyil. Ən təhlükəlisi bizim susmağımızdır.
Çünki dövlət təkcə sərhədlərlə qorunmur. Sülhü və sərhədləri əsgər, dövlətçiliyi isə cəmiyyət qorumalıdır. Biz susduqca, dünənin qələbəsini adiləşdirdikcə, əslində sabahın riskini böyüdürük.
Tolstoyun bir fikri də var ki, insan yalnız itirmək qorxusu yarananda sahib olduqlarının dəyərini anlayır. Kaş biz o mərhələyə çatmadan anlayaq. Dövlət də, qələbə də, sabitlik də yalnız o zaman qalıcı olur ki, insanlar onların qiymətini vaxtında dərk etsin.