Energetik içkilər uşaqların sağlamlığına ziyandır - Cərimələrin artırılması nəyi dəyişəcək?

Energetik içkilər uşaqların sağlamlığına ziyandır - Cərimələrin artırılması nəyi dəyişəcək?
MEDIA
16:00 22.04.2026
486
Uşaqlarla bağlı məsələlər hər zaman cəmiyyəti narahat edən mövzulardan biri olub və dövlət tərəfindən daim nəzarətdə saxlanılıb. Bir sıra qurumlar, xüsusilə Ombudsman Aparatı da uşaqlarla bağlı məsələləri mütəmadi olaraq diqqətdə saxlayır. Bu dəfə isə Ombudsman energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışı ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Ombudsman Aparatının məlumatına görə, son illər Azərbaycanda energetik içkilərin istehlakında artım müşahidə olunur. Aparılan monitorinqlər göstərib ki, bu içkilər yetkinlik yaşına çatmayanlar arasında geniş yayılıb və satış zamanı yaş məhdudiyyətinə kifayət qədər nəzarət edilmir.

Ombudsman cərimələrin artırılması, vendinq aparatlarında yaş identifikasiyası sisteminin tətbiqi və ya satışın məhdudlaşdırılması, reklam qaydalarının sərtləşdirilməsi, həmçinin sağlamlıq riskləri ilə bağlı xəbərdarlıqların məcburi edilməsi kimi tədbirlər təklif edib.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı AZXEBER.COM-a açıqlamasında bildirib ki,bu təşəbbüs cəmiyyətin sağlam gələcəyinə yönəlmiş olduqca önəmli addımdır:

"Ombudsmanın uşaqlara energetik içkilərin satışına görə cərimələrin artırılması təşəbbüsü cəmiyyətin sağlam gələcəyinə yönəlmiş olduqca önəmli təklifdir. Sağlam nəslin formalaşması və sağlam mühitin təmin olunması istiqamətində atılan mühüm addım kimi dəyişdirilməlidir. Energetik içkilərin uşaqların psixoloji və fiziki sağlamlıqlarına ciddi risklər yaradır. Yuxu pozuntuları, diqqət yayınılıqlığı, ürək-damar problemləri ortaya çıxır”.


O deyib ki, qanunun sərtliyi qaçılmazdır:

"Cərimələrin artırılması ilk növbədə bu tip məhsulların satışını həyata keçirən sahibkarları uşaqlara satışdan çəkindirmək üçün ciddi mexanizm rolunu oynayacaq. Qanunun sərtliyi  qaçılmazdır. Cərimə tətbiq olunduğu halda məsuliyyətsiz satış hallarının qarşısı nisbətən alınacaq. Amma bu kifayət deyil. Təbbi ki, valideynlər də sözügedən məsələyə kifayət qədər həssas yanaşmalıdırlar. Bu cür qanununların qüvvəyə minməsi cəmiyyətdə sağlam həyat tərzinin təşviqinə xidmət edir. Uşaqların inkişaf mərhələsindəki dönəmdə yanlış vərdişlərin formalaşmasının qarşısını almaq hər kəsin üzərinə düşən ciddi məsuliyyətdir. Sağlam gələcək naminə atılan bugünkü hər bir addım sabahın güclü cəmiyyətini formalaşdırır”.

Pediatr Qoşqar İsmayılov AZXEBER.COM-a açıqlamasında bildirib ki, energetik içkilər uşaqlara qətiyyən tövsiyə edilmir:

"Energetik içkilər yüksək konsentrasiyalı vitaminlərlə zəngindir. Xüsusilə vitamin PP (niasin, yəni vitamin B3) və digər B qrupu vitaminləri bu məhsullarda yüksək dozada mövcuddur. Bu vitaminlər normal hallarda orqanizm üçün faydalı olsa da, həddindən artıq qəbul edildikdə əks təsirlər yarada bilər. Ümumilikdə, bu cür içkilər uşaqlar, xüsusilə 12 yaşdan aşağı şəxslər üçün məsləhət görülmür”.


Pediatr qeyd edib ki, energetik içkilər böyüklər üçün də zərərlidir:

"Energetik içkilər böyüklərə və gənclərə də tövsiyə olunmur. İstifadə qaydalarında onların günün birinci yarısında qəbul edilməsi qeyd olunur. Bunun əsas səbəbi tərkibində olan kofeinin sinir sisteminə stimullaşdırıcı təsir göstərməsidir. Lakin bəzi gənclər günün istənilən saatında, həddindən artıq miqdarda energetik içki qəbul edirlər. Energetik içkilərin müntəzəm və nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır”.

Yazı Medianın İnkişafı Agentliyinin "uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda dərc edilib. 

Şahanə Ziyad

 

OXŞAR XƏBƏRLƏR