Enerji içkiləri son günlərdə yenidən medianın gündəmindədir.
AZXEBER.COM xəbər verir ki, əslində isə, enerji içkiləri müasir dövrün icadı hesab edilsə də, məhz spesifik enerji artırıcı içki kimi istehsal edilən içki 1960-cı ildə Yaponiyada istehsal edilib. Hazırda dünyada ən çox satılan enerji içkiləri brendlərinin sayı 60-dan çoxdur və bəzilərinin illik gəliri milyardlarla ölçülür.
İllərlə istifadə edilməsinə baxmayaraq enerji içkilərinin təhlükəli olduğunu düşünən istehlakçılar var. Lakin bir şeyi untmaq lazım deyil ki, enerji içkiləri mağazalarda öz yerini rahat formada tuta bilir. Sağlamlığa zərərli heç bir məhsul açıq formada əhaliyə satılmır. Əks halda bunun qarşısını hüquq mühafizə orqanları və qida təhlükəsizliyi ilə bağlı qurumlar alardılar. Lakin bütün istehlak məhsullarında olduğu kimi enerji içkilərini də qədərində içmək lazımdır.
Kofein tərkibli qidaların düzgün istehlakını öyrənmək üçün dietoloq Ofeliya Tahirovaya müraciət etdik. Ofeliya xanım bildirdi ki, kofein qədərində istifadə olnarsa, faydalıdır:
"Kofein çayda, qəhvədə, şokaladda və digər qidaların tərkibində var. Əslində kofein yaddaşı gücləndirmək üçün çox faydalıdır. Yaddaş zəifləməsinin qarşısını alır. Amma miqdarı aşmamaq şərti ilə qəbul edilməlidir. Sağlam yetkin insan gün ərzində iki fincan sadə qəhvə ilə bu təlabatı ödəyə bilər, lakin Avropa Qida Təhlükəsizliyi Agentliyi araşdırması nəticəsində bildirib ki, gündə 5 fincana qədər qəhvə içmək sağlamlıq üçün risk törətmir”.
Nəzərə almaq lazımdır ki, gündəlik həyat fəaliyyətimiz bizim enerji sərfiyyatımıza və diqqəti cəmləməyimizə nə dərəcədə təsir göstərir. Başqa sözlə, bəzi günlərdə kofein istehlakı bizi gümrahlaşdırsa da, bunu gündəlik təlabat halına salmaq və asılı vəziyyətə gəlmək lazım deyil. Bunun əvəzində həyat tərzimizi balanslaşdırmalıyıq, çünki həyat tərziniz birbaşa sağlamlıqla və orqanizmin enerji istifadəsi ilə bağlıdır.
Balanslaşdırılmış həyat tərzi üçün tövsiyələr: Keyfiyyətli yuxu, təbii məhsullardan təşkil olunan qida rejimi, spirtli içkilərdən və siqaretdən imtina, mütəmadi təbii su içmək kimi vərdişlər birbaşa bədənin enerji səviyyəsini yaxşılaşdıran amillərdir.
Amerika İçki Assosiyasiyası enerji içkilərinin təhlükəsiz olduğunu söyləyir, bunu enerji içkilərinin tərkibində olan maddələrin digər gündəlik istehlak məhsullarının tərkibində olması ilə əsaslandırır.
Əksər enerji içkilərinin tərkibində kofein, şəkər, B vitaminləri, leqal stimullaşdırıcılar - quarana, taurin, amin turşuları və bədəndəki piyi enerjiyə çevirən L - karnitin yer alır.
Enerji içkiləri bazarında daim bir-birindən daha keyfiyyətli məhsul istehsal edən markalar var. Çünki, insanların sürətli texnologiya dövründə tərkibində alkoqol olmadan özlərini gümrah hiss etdirəcək içkilərə təlabatı artır.
Qeyd edək ki, kofeinli qida və içki istehsalçıları istehlak normaları barədə daim istehlakçıları məlumatlandırmalıdır. Avropa Qida Təhlükəsizliyi Təşkilatının 2015-ci ildə 66.531 insan arasında
apardığı araşdırma nəticəsində bəlli olub ki, gündəlik 250ml qablaşdırmada 5 qutu enerji içkisi içmək sağlam yetkin insan üçün heç bir risk daşımır. Məsuliyyətli istehsalçılar isə gündə 1 qutu enerji içkisi içməyi tövsiyə edir.