“Bunlar ailə, övladın nə olduğunu bilməzlər”
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan baş nazir Əhməd Davudoğlunun hökumət qura bilməməsindən sonra müxalifətə bu məsələ ilə bağlı müvafiq səlahiyyət verməyəcəyini bəyan edib.
Bu gün prezidentlik sarayında muxtarlarla toplantı keçirən Ərdoğan hökuməti qurmaqla bağlı müxalifət partiyaları CHP və MHP-yə səlahiyyət verməyəcəyini açıqlayıb. CHP-ni nəzərdə tutan prezident deyib ki, prezidentlik sarayını tanımayanlara hökumət qurmaq həvalə etməyəcək: “Baştəpənin ünvanını bilməyənlərlə vaxt itirmək fikrimi yoxdur. Təkrar seçkilərə gedirik. Deyirlər ki, prezident bizə hökumət qurmağa imkan vermir. Əgər siz hökumət qurmaqla bağlı şərtləri yerinə yetirib gəlmisinizsə, mən sizi qapıdanmı qovmuşam? Mən bugünədək Konstitusiyanın tələb etdiyi müddəalardan kənara çıxmamışam. Əlbəttə öz şəxsi fikrimi soruşanlara bunu bildirmişəm, davam da edəcəm. Bunun üçün kimlərdənsə icazə alası deyiləm”.
Ərdoğan digər müxalifət partiyası MHP-nin sədri Dövlət Baxçalını daha sərt formada tənqid edib. Koalisiya müzakirələri zamanı MHP-nin “Bilalı (Ərdoğanın adı korrupsiyaya və rüşvətə qarışan oğlu) ver, iqtidara al” kimi mövqe sərgilməsinə əsəbiləşən prezident Baxçalının ailə və övladın nə olduğunu bilmədiyini deyib: “Əgər bir cinayət varsa, bunu araşdıracaq istintaq da var. Bəs sən kimsən? Sən mənim övladımın adı ilə necə kampaniya apara bilərsən? Necə belə hərəkət, hörmətsizlik edə bilərsən? Amma övladı olmayanların belə bir hörmətsizlik etməsini də gözləmək olardı. Bunlar ailə, övladın nə olduğunu bilmirlər”.
Qeyd edək ki, Türkiyədə koalisiya hökumətinin qurulmasının mümkün olmamasının elan edilməsindən sonra ölkənin iqtisadi reytinqi sürətlə aşağı düşür. Son iki gündə Türkiyənin milli valyutası dollar qarşısında xeyli ucuzlaşıb və bir dollar 2,91 lirəyədək bahalaşıb. Ümumilikdə isə parlament seçkilərindən sonra dollar lirə qarşısında 13-15 faizədək bahalaşıb.
lent.az