Türkiyəli professor Alper Şener Türkiyədə "Eris” variantının görülməsi xəbəri ilə tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən bir çox insanın narahatlıqla xəstəxanaya müraciət etdiyini, lakin xəstələrin sayında artım olmadığını bildirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İzmir Katip Çələbi Universiteti Tibb Fakültəsinin İnfeksion Xəstəliklər üzrə müəllimi Alper Şener bildirib ki, "Eris” variantı dünyada olduğu kimi Türkiyədə də görülüb.
"Eris” variantının "Omicron” variantının alt qrupunda olduğunu qeyd edən Alper Şener deyib:
"Türkiyədə göründüyü andan vətəndaşlarımızda ciddi bir panika mühiti yaşandığı görünür. İnsanlar tənəffüs yolları infeksiyasının əlamətlərini hiss etdikləri andan "görəsən, məndə "Eris” variantı varmı?” sualı ilə təcili yardım və ambulatoriyalara müraciət edirlər. Rəqəmlərdə artım var, amma ən azından İzmirdə gördüyümüz qədər, korona simptomları ilə bağlı şikayətlərin sayında artım yoxdur”.
O, Covid-19 virusu ilə üst tənəffüs yollarının simptomlarının bir-birinə yaxın olduğunu, xüsusən də əlaqəli xəstəlikləri olan və 65 yaşdan yuxarı insanların əlamətlər ortaya çıxdıqda bir sağlamlıq qurumuna müraciət etməli və PCR testi etdirməli olduqlarını açıqlayıb.
Professor noyabr və dekabrdan sonra havaların soyuması ilə əlaqədar ölkə daxilində yoluxmaların sayında artım ola biləcəyini deyib.
Ayşən