Ermənilərin bombalı oyuncağının qurbanı olan 13 yaşlı Aygün
08:53 15.07.2011
1840
Artıq əməliyyat qrupu hadisə rayonu olan Tovuzun Əlibəyli kəndindədir. Həlak olan qızın anası Elnarə Şahmalıyeva isə ayaq nahiyyəsindən xəsarət alaraq bütün gecəni həkim nəzarətində olub.
ANS-in çəkiliş qrupu da hadisə yerinə yollanıb. Partlayıcı qurğu erməni xüsusi xidmət orqanlarının Tovuz çayı vasitəsilə Azərbaycan ərazisinə buraxdığı itəbənzər oyuncağın içərisinə quraşdırılıb. Aygünlə çay kənarına gedən və hadisənin şahidi olan Elsevər Cəfərovun dediyiklərindən belə qənaətə gəlmək olar.
“Çayda çimib evə qayıdanda suyun kənarında itəbənzər oyuncağı ayağımla vurub kənara tulladım. Sonra onu Aygün götürdü, ona oyuncağı atmasını dedim. Lakin yanımızda olan balaca uşaq ağladı və oyuncağı istədi. Aygün yenidən o oyuncağı götürdü və evə gətirib stolun üstünə qoydu. Elə həmin anda itəbənzər oyuncaq partladı”.
Ev yiyəsi Həsən Cəfərov isə evindən gələn partlayış səsini küçədə olarkən eşidib: “Onlar Sankt-Peterburqda yaşayırlar, bu gün bizə qonaq gəliblər. Hadisə zamanı yemək yeyirdik, mən də mağazaya getdib su aldım. Yenicə içirdim ki, birdən partlayış səsi gəldi. Gəlib gördüm uşaq yaralanıb, xəstəxanaya aparıblar. Ondan sonra heç nə bilmədim”.
Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilən Elnarə Şahmalıyevanın vəziyyətini isə növbətçi həkim Ramiz Məmmədov orta ağır kimi qiymətləndirir: “Vəziyyəti qismən kafidir. Suallara aydın cavab verir, sağ bud hissəsinin odlu silahdan və ya hansısa partlayışdan əmələ gələn yarasıdır. Hal-hazırda xəstə yatır, ona sakitləşdirici iynələr vurulub, inshallah yəqinki sabah təmasda olmaq olacaq”.
Xəstəxanada yaralının yaxınlarından ANS-ə verilən məlumata görə, Şahmalıyevlər ailəsi Rusiyada yaşayır və Tovuza qonaq gəliblər. Ailənin başcısı Zirəddin Şahmalıyev isə 2 gün əvvəl Tovuz rayonundan Rusiyayanın Sankt-Peterburuq şəhərinə qayıdıb.