"Mən tam əminəm ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi mümkündür. İndi çatışmayan məsələ Ermənistan tərəfindən siyasi iradənin olmamasıdır. Bu saziş imzalansa, təhlükəsizliklə, gücün tətbiq edilməməsi, cari vəziyyətlə əlaqədar reallıqların qəbul olunması ilə bağlı məsələlər sülh sənədinin ayrılmaz tərkib hissəsi olacaq”.
Bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə səsləndirib. Ölkə başçısı qeyd edib ki, Ermənistanda parlament seçkiləri keçirilənədək gözləmək lazımdır və biz bu dövrün Ermənistanda həssas bir dövr olduğunu anlayırıq.
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan politoloq İlyas Hüseynov qeyd edib ki, münasibətlərin normallaşması üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır:
"Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, separatizm meyillərinin qarşısını almalı və siyasi dialoqon bərpası üçün addımlar atmalıdır. Ermənistan hakimiyyəti siyasi vəziyyəti öz xalqına izah etməlidir. Çünki müharibə ilə bağlı istənilən revanşist qüvvələrin və xalqa verilən yalan vədlərin realıqla əlaqəsi yoxdur. Ermənistan hakimiyyəti nəzərə almalıdır ki, Azərbaycanla münasibətlərin normallaşması onlara müsbət təsirlərlə nəticələnəcək. Ermənistan hətta belə olan halda iqtisadi qazanc da əldə edə bilər. Buna görə də onlar işğalçılıq siyasətini kənara qoymalıdır. Bütün bunlar Ermənistanda siyasi hakimiyyətə gələn qüvvənin qarşısına qoyduğu ən önəmli məsələ olmalıdır”.
Politoloq Elxan Şahinoğlu isə AZXEBER.COM-a məsələni şərh edərkən bildirib ki, Ermənistanın təxribatçı açıqlamalar verməsi şəraitində münasibətlər bərpa oluna bilməz: "Sülhün mümkünlüyü üçün Azərbaycanın Ermənistandan sadə bir tələbi var. Bu tələb Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından ibarətdir. Onlar belə bir açıqlama versə, bəyənat yaysa, bu məsələnin həlli mümkün ola billər. Çünki Azərbaycanın ərazi bütövlüyünü tanımaq o deməkdir ki, artıq Qarabağı da Azərbaycanın ərazisi kimi tanıyırlar. Bununla da bütün işlər yekunlaşacaq, sərhədlər müəyyənləşəcək. Amma hələ ki, görünən odur ki, Ermənistan buna hazır deyil. Onlar hələ də təxribatçı açıqlamalar verirlər. Ona görə belə bir şəraitdə münasibətlərin bərpası mümkün görünmür”.
Aydın Nuri