Xəbər verdiyimiz kimi, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Yaralanan hərbçimizlə bağlı cinayət işi açılıb. Bundan əlavə, daha bir hərbçimiz Orxan Elxan oğlu Novruzəlizadə Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində şəhid olub.
Bu, Ermənistanın Azərbaycana qarşı növbəti təxribat əməlidir. Bəs Ermənistanın budəfəki təxribatı nəyə yönəlib və onlar bununla nəyə işarə edirlər?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, sülh müqaviləsinin imzalanması üçün zəmin yaranan vaxt mütləq şəkildə ermənilər tərəfindən belə bir təxribat baş verir:
"Ümumiyyətlə sülh müqaviləsinin imzalanması üçün zəmin yaranan vaxt mütləq şəkildə ermənilər tərəfindən belə bir təxribat baş verir. Bu, tarixən belə olub. Əsas məqam da ondan ibarətdir ki, artıq Kəlbəcər istiqamətindəki mövqelərimiz Ermənistan tərəfindən atəşə məruz qalır. Təəssüf ki, bizim hərbçimiz ağır yaralanıb, ona şəfa diləyirik. Əsas məsələ isə Brüsseldə keçiriləcək görüş ərəfəsində məhz bu hadisənin törədilməsi bir daha onu göstərir ki, sülh müqaviləsinin imzalanması nəyin bahasına olursa, olsun Ermənistan bundan imtina etməyə çalışır. Bu bir daha göstərir ki, Ermənistanın hətta özündə, rəhbərliyində müxtəlif mövqelər sərgilənir. Çünki millətçi qüvvələr olan və Paşinyana müxalif olan bu qüvvələr ciddi cəhdlə status-kvomun saxlanmasına çalışır. Onların havadarları da bu məsələni daim qabardırlar. Vacib məsələ budur ki, sülhməramlı qüvvələr mütləq şəkildə buna son qoymalıdırlar, sözügedən fakt araşdırılmalıdır. Eyni zamanda, Türkiyə-Rusiya monitorinq mərkəzi buna cavab verməlidir. Çünki ermənilər bu prosesdən istifadə edərək yenidən qondarma status məsələsini ayağa qaldıracaqlar. Azərbaycan tərəfi danışıqların baş tutmasına çalışır. Həmçinin Azərbaycanın heç bir beynəlxalq statusu olmayan erməni icması ilə danışıqlar aparmaq fikri var. Təbii ki, razılaşdırılmamış bir sıra məqamlar da var".
Deputat deyib ki, ermənilər Laçın sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini istəyirlər:
"Ermənilər çalışır ki, bu gün Laçın yolunda qurulmuş sərhəd-buraxılış məntəqəsində ya Rusiya sülhməramlılarıyla birgə iş fəaliyyəti olsun, ya da ümumiyyətlə ləğv olunsun. Bu da mümkün deyil. Çünki bu bizim ərazimizdir. Biz tam şəkildə sərhəddimizi bağlamışıq. Bunlar da Ermənistan və onların havadarları üçün xoş deyil. Ona görə də bu təxribatların ard-arası kəsilmir. Lakin onlar unutmasınlar ki, nəyin bahasına olursa, olsun bu sülh bərqərar olacaq. Azərbaycan öz daxili məsələlərini özü həll etmək iqtidarındadır. Buna görə də bu təxribatların əsasında sülh müqaviləsinin imzalanmasına maneçilik törədir. Artıq anons verilib ki, həm Brüsseldə, həmçinin Rusiya müstəvisində danışıqlar aparılmalıdır. Razılaşdırılmış maddələr də var. Bunların da məhz danışıqlar prosesində ortaya qoyulmasında söhbət gedir. Ermənistan rəhbərliyində də hərc-mərclik var. Bu səbəbdən də mütləq şəkildə sülhü yaratmaq istəyən qüvvələr Ermənistana qarşı bir daha öz təzyiqini artırmalıdır".

Hərbi ekspert Ədalət Verdiyev də AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib. Ekspertin fikrincə, bu təxribat Ermənistanın sülhlə bağlı bəyanatlarının əsassız olduğundan xəbər verir:
"Bu təxribat onu göstərir ki, Ermənistanın sülh barədə verdiyi bəyanatların heç bir əsası yoxdur. Ermənistan heç bir zaman sülh danışıqlarında səmimi olmayıb. Belə bir niyyəti indi də yoxdur. Daha əvvəllər olduğu kimi bu dəfə də danışıqlar öncəsi Ermənistan tərəfi genişmiqyaslı təxribatlara əl atır. Bu provokasiyaların qarşısı alınması üçün Azərbaycan tərəfi kifayət qədər ciddi tədbirlər görəcək. Adekvat cavab tədbirləri çərçivəsində bufer-zonanın tarixi torpaqlarımız hesabına yaradılması da artıq kifayət qədər aktualdır. Təxribatların törədilməsi sülh danışıqlarını tamamilə şübhə altına alır. Azərbaycan Ordusunun hərbi qulluqçusu öz tarixi torpağından açılan atəşlə suveren ərazilərimizdə xəsarət alırsa, belə bir vəziyyətdə, münasibətlərin gərgin səviyyəsində hansısa sülh danışıqlarından söhbət gedə bilməz. Ermənistana sülh lazım deyilsə, Azərbaycana bu sülh heç lazım deyil. Bizim üçün sülh Azərbaycan əraziləri 30 ildir işğal altında qalan müddətdə lazım idi. İndi sülh daha çox Ermənistana lazımdı. İran dronlarından istifadə haqqında məlumatlar mövcud olsa da, onları hələ ki təsdiqləyən foto və ya videomateriallar əlimizdə yoxdur. Amma hər bir halda İranın belə bir dronları Ermənistana verdiyi istisna edilməməlidir. Əlimizdə adı çəkilən materiallar olduqda, biz belə bir dronların markasını və imkanlarını araşdıra bilərik. Odur ki, bu barədə danışmaq bir qədər tezdir".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.
