"Azərbaycan 10 noyabr bəyannaməsinə uyğun olaraq, sülhün əldə edilməsi istiqamətində Ermənistana barışıq əlini uzadır. Amma biz gördük ki, Ermənistan tərəfi konkret olaraq manipulyasiya edir, prosesləri pozur. Həm Brüssel, həm Vaşinqton, həm də Praqa gündəliyini tapdalayır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, Azərbaycan öz ərazilərində nəzarəti bərpa etməlidir:
"Azərbaycan öz ərazilərində nəzarəti bərpa etməlidir. Biz görürük ki, Ermənistan tərəfi manipulyasiya edir. 10 noyabr birgə bəyannaməsini bir neçə bəndini yerinə yetirmir və bu o deməkdir ki, Ermənistan sülhə razı deyil, daha da aqrressiv bir siyasət ortaya qoyur. Bu istiqamətdə Azərbaycanın da atacağı addımlar var. Mütləq şəkildə Xankəndidə, Xocavənddə öz suverenliyini bərpa etməlidir. 10 noyabr bəyannaməsinin 7-ci bəndinə əsasən Azərbaycan Xankəndinə, Xocalıya, Xocavəndə, Ağdərəyə qayıtmalıdır. Ermənistan bu bəndlərə əməl etmir”.
M. Əsadullazadə deyir ki, silahlı erməni birləşmələri həmin ərazilərdən çıxarılmalıdır:
"Laçın yolunda Azərbaycana qarşı terror siyasəti həyata keçirirlər. Silahlı erməni birləşmələrini həmin ərazilərdən çıxarmırlar, lakin onlar oradan çıxarılmalıdırlar. Təbii ki, Azərbaycanın bu proseslərə adekvat cavabları olmalıdır. Azərbaycan torpaqlarının xilası yolunda QHT nümayəndələrinin, aktivistlərin vasitəsilə keçirdiyi etiraz aksiyaları Ermənistana mesajdır. Ermənistan sülh prosesindən yayınarsa, Azərbaycanın öz əlində təsir üsulları olacaq. Azərbaycan xüsusən də Ağdərədə, Xankəndində öz nəzarətini bərpa edəcək. Bunun da alternativ yolu yoxdur. Bunu Rusiya və Ermənistan bilməlidir”.
Ayşən Mirzəyeva