Ermənistan XİN: İrəvan Bakı ilə həm sərhəddə, həm də üçüncü ölkədə saziş imzalamağa hazırdır

Ermənistan XİN: İrəvan Bakı ilə həm sərhəddə, həm də üçüncü ölkədə saziş imzalamağa hazırdır
SİYASƏT
21:33 14.04.2025
399
Ermənistan Azərbaycanla həm sərhəddə, həm də üçüncü ölkələrdən hansısa birində sülh sazişi imzalamaq imkanlarını mümkün hesab edir.

Bu barədə Türkiyənin NTV telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Hesab edirik ki, indi sazişin imzalanma yerini, vaxtını və dəqiq tarixini müəyyən etmək üçün dərhal məsləhətləşmələrə başlaya bilərik. Bu, Ermənistan-Azərbaycan sərhədi də ola bilər, həm Yerevan, həm də Bakı üçün məqbul olan istənilən üçüncü ölkə də. Bütün bunlar müzakirə mövzusuna çevrilə bilər”, - o deyib.

Daha əvvəl Mirzoyan Antalya Diplomatiya Forumu çərçivəsində ikitərəfli münasibətlərin inkişafı kontekstində əsas məqsədin sülh sazişinin imzalanması üçün yer və gün tapmaq oldiğunu bildirmişdi.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı qeyd olunub.

Eyni zamanda, Azərbaycan dəfələrlə bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistan iki şərti yerinə yetirməlidir: Ermənistan Konstitusiyasındakı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları aradan qaldırmalı, eləcə də ATƏT-in Minsk qrupunun və aidiyyəti strukturlarının buraxılmasını dəstəkləməlidir.
 
///Report
OXŞAR XƏBƏRLƏR