Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ermənistanın vaxtında sanksiyalara məruz qalacağı təqdirdə Azərbaycanın müharibə aparmağa məcbur qalmayacağını bildirib.
Dövlət başçısı bu fikirləri Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında çıxışı zamanı səsləndirib. O, Ermənistanın işğal, soyqırımı və etnik təmizləmə siyasətinə görə vaxtında sanksiyalara məruz qalmamasının nəticələrinə diqqət çəkib.
Prezidentin açıqlaması beynəlxalq ictimaiyyətin münaqişələrə münasibəti və sanksiyaların təcavüzkar siyasətin qarşısının alınmasında rolu məsələsini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Samir Hümbətov bildirib ki, Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, bu, ölkənin hərbi təcavüzdən əl çəkməsinə təsir göstərə bilərdi:
"Azərbaycan Prezidentinin söylədiyi fikirlər tamamilə doğrudur. Ölkələr arasında münasibətləri tənzimləmək üçün sanksiyalardan daha geniş şəkildə istifadə edilə bilər. Çünki Ermənistan kimi təcavüzkar bir dövlətə qarşı sanksiyaların tətbiq edilməməsi onu müəyyən mənada ruhlandırdı.
Nəticə etibarilə, Ermənistan düşündü ki, ona qarşı sanksiyalar tətbiq edilmirsə, deməli, hansısa formada haqlı mövqedədir. Bu isə sonda Azərbaycanın Ermənistanı hərbi yolla məğlub etməsinə gətirib çıxaran amillərdən biri oldu. Yəni beynəlxalq ictimaiyyətin bu məsələdə tutduğu mövqe müəyyən mənada mövcud şəraitin yaranmasına zəmin yaratdı.

Mən düşünürəm ki, Ermənistan nə İran, nə də Rusiya qədər güclü dövlət idi. Hesab edirəm ki, Ermənistana qarşı hətta məhdud sanksiyalar tətbiq edilsəydi belə, bu, müəyyən mənada onu hərbi təcavüzdən əl çəkməyə məcbur edə bilərdi.
Bu gün mövcud vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi, sanki, onun üçün bir dəstək mexanizminə çevrilmişdi. Halbuki İrana, Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar tətbiq edilirsə, deməli, vaxtilə Ermənistana qarşı da belə tədbirlər görülə bilərdi”.
Fəridə Əsədzadə











































