Ermənistanda müxalifətə qarşı təzyiqlər artıb.
AZXEBER.COM Azvision-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Müxalifyönlü saytlar buna sübut kimi "Şərəfim var" blokunun lideri, keçmiş Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın ailəsinin izlənməsini göstərib.
Vanetsyan məsələ ilə bağlı açıqlamasında deyib:
"Bu gün "Apple" şirkətindən məktub aldım. Bildiriş xarakterli məktubu ən azı 2 səbəbə görə ictimailəşdirmək qərarına gəldim. Birincisi, bu məktub mənim Ermənistan hakimiyyətinin şəxsi həyatım və ailə həyatımla bağlı hüquqlarımı pozmasına dair əvvəlki bəyanatlarımı təsdiqləyir. Deyirdim ki, siyasi fəaliyyətimlə bağlı olan telefon danışıqlarının qanunsuz dinləmə cəhdləri həyata keçirilib. Yenə deyirəm, əlimdə faktiki məlumat var ki, təkcə özümün deyil, mənə yaxın adamların və ailə üzvlərimin telefonlarına da "Pegasus” proqramı ilə hücumlar olub.
İkinci məqam isə bu məktubda "Apple"nin telefon təhlükəsizliyini gücləndirməklə bağlı məsləhətlər verməsidir. Nikol, məndən qorxma, mənim vətənimə, erməni xalqına vurduğun müsibətlərin nəticələrindən qorx".
Qeyd edək ki, bundan öncə də İrəvanda müxalifətin izlənməsi və dinlənməsi ilə bağlı qalmaqallar yaşanmış, iqtidarın ünvanına ciddi ittihamlar səslənmişdi.