Ermənistanda nümayişçi vəhşicəsinə döyüldü

DÜNYA
03:15 25.09.2015
1503

Ermənistan hökumətini tənqid edən müstəqil siyasi qruplardan birinin üzvü 21 sentyabr tarixində paytaxt İrəvan şəhərində keçirilən etiraz nümayişindən sonra vəhşicəsinə döyülüb. Bu haqda İnsan Hüquqların Nəzarət təşkilatı məlumat verib. “Azadlıq Döyüşçüləri Birliyi”nin üzvü Smbat Hakobyanın döyülməsi səlahiyyətli orqanlar tərəfindən dərhal araşdırılmalı və lazımi şəxslər məsuliyyətə cəlb olunmalıdır.

Ermənistanın müstəqillik gününü qeyd etmək və hökumətdən narazı olduqlarını göstərmək üçün iqtidarda olan Respublika partiyasının binasına doğru yürüyüş təşkil edən və əsasən kiçik bir müxalifət partiyasının dəstəkçiləri ilə “Azadlıq Döyüşçüləri Birliyi”nin üzvlərindən ibarət olan nümayişçilər etiraz aksiyası üçün rəsmi icazə aldıqlarını bildiriblər. Qeyd edək ki, daima hökuməti tənqid edən “Azadlıq Döyüşçüləri Birliyi” Dağlıq Qarabağ müharibəsində vuruşmuş veteranlardan təşkil olunub.

Ötən il də qrupun bir sıra müxalifət mitinqlərində iştirak etmiş üç üzvünə naməlum şəxslər tərəfindən hücum edilib. Həmin hadisələrə görə heç kim məsuliyyətə cəlb olunmayıb. Bununla yanaşı, digər etiraz nümayişçiləri də fiziki zorakılığa məruz qalıb. İyun ayının sonu polis elektrik enerjisi qiymətlərinin 17 faiz qaldırılmasına etiraz edən nümayişçilərə qarşı güc tətbiq edib. Sentyabr ayında isə yenə elektrik enerjisi qiymətlərinə qarşı keçirilən etiraz aksiyası polis tərəfindən güc tətbiq edilərək dağıdılıb.

Ermənistan Avropa İnsan Hüquqları Konvensiyasını imzalamış bir ölkə kimi dinc toplaşmaq hüququna hörmət etməklə yanaşı, həmin hüquqdan istifadə edən insanların təhlükəsizliyini təmin etməli və onları qeyri-qanuni müdaxilədən qorumalıdır.

OXŞAR XƏBƏRLƏR