"Paşinyan daha çox xarici güclərə bağlı olan bir siyasətçi olduğuna görə onun Azərbaycanla münasibətlərdə də aldığı dırnaqarası qərarlar özünün deyil, beynəlxalq güc faktorlarının istəklərini ehtiva edir".
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov Paşinyanın Azərbaycanla sülh danışıqlarını hansı səbəbdən ləngitməsindən danışarkən deyib.
Politoloq hesab edir ki, Paşinyanın Ermənistanı xilas etməsi üçün Azərbaycanla sülh müqaviləsi imzalamağına ehtiyac var:
"Biz Nikol Paşinyanın dəfələrlə sülhlə bağlı Azərbaycana bəzi mesajlar verdiyini, lakin sonradan bu mesajları sabotaj etməsinə öyrəşmiş haldayıq. Hesab edirəm ki, bu gün Nikol Paşinyanın əlində çox ciddi formada Ermənistanı xilas etmək imkanları var və bu xilasın ən birinci göstəricisi, əlbəttə, Azərbaycan Respublikası ilə sülh müqaviləsi imzalamaqdan keçir. Lakin buna baxmayaraq Ermənistan sistematik şəkildə Azərbaycanın sülhlə bağlı çağırışlarını ləngitməklə məşğuldur.
Eyni zamanda, sülhlə bağlı dəfələrlə Azərbaycan tərəfindən çağırışlar edilsə də, Ermənistan istər xəritələri, istərsə də delimitasiya ilə bağlı müxtəlif məsələlərdə vəziyyəti tamamilə həqiqətdən uzaq şəkildə öz maraqlarına uyğun kontektsdən çıxarıb şərh etməyə və regional hadisələri həmçinin Azərbaycanla sülh məsələsinə də bu aspektdən yanaşma cəhdləri göstərib. Ona görə də Paşinyanın bütün cəhdlərinə rəğmən, artıq ilin sonuna doğru heç olmasa ilkin sülh müqaviləsinin ehtimalları çox ciddi görünür. Paşinyan və onun havadarları nə qədər bu prosesi ləngitsələr də, Azərbaycanla Ermənistan arasında yaxında yekun sülh müqaviləsinin imzalanması realdır".
Mikayıl Mirzəzadə