Ermənistanın itkiləri getdikcə üzə çıxır

DÜNYA
17:45 28.07.2020
1334
Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində düşmənin daha çox itki verdiyini təsdiqləyən yeni aktlar ortaya çıxıb.

"Report”un xəbərinə görə, sosial şəbəkələrdə ölən erməni əsgərlərindən birinin anasının səs yazısı yayılıb. 

Səs yazısında qadın Azərbaycan Ordusunun həyata keçirdiyi cəza tədbirləri nəticəsində övladını itirdiyini, ancaq meyitin ona müxtəlif şərtlər əsasında təhvil verildiyini, ölən əsgərlərin adlarının gizlədildiyini bildirir. Bundan başqa, yüksək rütbəli erməni hərbçilərin əsgər anaları ilə qəddar davrandığı qeyd olunub.

Sərhədin Tovuz istiqamətində törətdiyi təxribatdan sonra Ermənistanda yaranan gərgin vəziyyəti şərh edən politoloq İlqar Vəlizadə rəsmi Yerevanın itkilərini gizlətməsinin ənənəvi xarakter daşıdığını bildirib:

"Ermənistan tərəfinin itkilərin gizli saxlaması faktı ilə ilk dəfə rastlaşmamışıq. 2016-cı il Aprel döyüşləri zamanı da erməni tərəfi itkilərlə bağlı dəqiq məlumat verməmişdi. Sadəcə müxalifyönümlü mətbuat və ya qeyri-hökumət təşkilatlarının sayəsində bu məlumatlar cəmiyyətə çatdırılıb. 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyan hökuməti Ermənistan ordusunun Aprel döyüşlərindəki itkilərinə dair dəqiq rəqəmləri açıqlamışdı. Yəni ictimaiyyət yalnız iki ildən sonra dəqiq rəqəmləri öyrənə bildi”.

Ekspertin sözlərinə görə, N.Paşinyan hökuməti son təxribat zamanı verdiyi itkilərin dəqiq sayını açıqlasa, bunun çox ciddi siyasi fəsadları ola bilər: "Eyni durum yenidən təkrarlanır. Buna səbəb bu cür faktların cəmiyyət tərəfindən həssas qarşılanmasıdır, üstəlik, bunun siyasi fəsadları da ola bilər. Siyasi fəsadlardan qaçmaq üçün erməni tərəfi itkilərinin dəqiq sayını gizlədir. Düşünürəm ki, tədricən məlumatlar bu və ya başqa şəkildə ictimaiyyətə sızdırılacaq. Bundan başqa, Ermənistanda müxtəlif siyasi qruplar hakimiyyətə can atırlar. Bu məlumatların sızdırılması onların hakimiyyət uğrunda mübarizəsində vacib bir elementlərdən biri ola bilər”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.

Aktiv hərbi toqquşmalar iyulun 16-dək davam edib. Nəticədə düşmənin 100-dən artıq canlı qüvvəsi məhv edilib, xeyli sayda texnikası sıradan çıxarılıb. 

Ermənistan hökuməti itkilərinin yalnız bir neçəsini etiraf edib, qalanlarını isə gizlədib.

OXŞAR XƏBƏRLƏR

X Mostbet