Ermənistanın qanunsuz hərəkətləri ilə bağlı BMT katibinə müraciət edildi

SİYASƏT
21:00 21.08.2013
1416

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov işğal olunmuş Azərbaycan ərazilərində Ermənistanın qanunsuz hərəkətlərinin dayandırılması ilə bağlı tədbirlərin görülməsi xahişi ilə Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Qi Muna rəsmi məktubla müraciət edib.

“Ermənistan atəşkəs rejimindən istifadə edərək, Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz demoqrafik, mədəni və fiziki xarakterli dəyişikliklər aparmaq, o cümlədən, yeni yaşayış yerlərinin salınması, aeroportun bərpa edilməsi, yaşayış kvartallarının inşası, avtomobil yollarının tikintisi və s. tədbirlər görmək üçün səylərini davam etdirir” –BMT-nin saytında dərc olunan məktubda belə yazılıb. Bununla yanaşı, Ermənistan Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrini, 1949-cu il Cenevrə konvensiyalarını və beynəlxalq hüququn digər qüvvədə olan normativ aktlarını və prinsiplərini kobud şəkildə pozur.E.Məmmədyarov öz məktubunda qeyd edir ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində tarixən mövcud olan qədim coğrafi adları saxtalaşdırır və qanunsuz olaraq dəyişir.Kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən, Ermənistan tezliklə Qubadlı rayonunda (Azərbaycan) 150 mənzillik binanın inşa edilməsini nəzərdə tutur, eləcə də Kəlbəcər (Azərbaycan) – Vardanis (Ermənistan) marşrutu üzrə yolun inşasına başlamağa hazırlaşır. Qubadlı və Kəlbəcər Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən kənarda yerləşən və ermənilər tərəfindən işğal edilən rayonlardır.“Ermənistan Suriyadan olan ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi və orada yerləşdirilməsi ilə bağlı qeyri-qanuni siyasətini davam etdirir”, - E.Məmmədyarov yazır. – Etibarlı mənbələrimizdən əldə edilən məlumatlar təsdiq edir ki, bu yaxında Laçın rayonuna 24, Zəngilana 7, Kəlbəcərə isə 27 erməni ailəsi köçürülüb”.Nazirin bildirdiyinə görə, işğal edilmiş Azərbaycan ərazilərinə bu yaxında Suriyadan daha 18 erməni ailəsi köçürüləcək.“Bu,Suriyadakı humanitar fəalkətdən Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsi üçün istifadə edən Ermənistanın əsl niyyətlərindən xəbər verir”, - deyə E.Məmmədyarov BMT-nin baş katibinə ünvanladığı müraciətdə bildirir.O yazır ki, Ermənistan danışıqlar prosesi sui-istifadə edərək və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət həyata keçirərək siyasəti fait accompli (Rəqibi real faktla üz-üzə qoymay,- red) ilə əlaqələndirməyə çalışır.Nazir qeyd edir ki, Ermənistan bununla münaqişənin danışıqlar yolu ilə nizamlanması və regionda sülh və təhlükəsizliyin bərpası perspektivlərini korlayır.“Danışıqlar prosesində irəliləyişin olmaması səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət məqsədi bu torpaqları qəsb etmək olan Ermənistanın destruktiv mövqeyini ortaya qoyur”, - deyə müraciətdə qeyd olunur.Nazir bildirir ki, ötən illərdə Azərbaycan tərəfinin təşəbbüsü ilə ATƏT-in Minsk qrupunun himayəsi altında işğal olunmuş ərazilərə iki missiya göndərilib. Onlar bir sıra faktlarla yanaşı çoxsaylı beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozuluması hallarını sənədli şəkildə qeydə alıblar.“Lakin gördüyünüz kimi, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu kimi qanunsuz fəaliyyətə son qoymağa dair çağırışları da daxil olmaqla, beynəlxalq ictimaiyyətin mövqeyi Ermənistanın destruktiv siyasət aparmasının qarşısını ala bilməyib. Bunun nəticəsində, Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə əhəmiyyət verməmək, beynəlxalq hüququ pozmaq və Azərbaycanın səbrindən sui-istifadə etməkdədir”, - deyə müraciətdə bildirilir. “Siyasi vasitələrlə Ermənistanla danışıqların aparılması üzrə səylər nəticə vermədiyindən status-kvonun bundan sonra davam etməsi gözlənilməz nəticələrə gətirib çıxara bilər. Buna görə də tam məsuliyyət Ermənistanın üzərinə düşəcək”, - nazir vurğulayıb.

OXŞAR XƏBƏRLƏR