Gündəlik yaşadığımız problemlər, gələcək qayğısı, ailə-məişət, maliyyə problemləri, qarşılıqlı anlayışsızlıq və s. əsəbi olmağımıza və bəzən ani partlayışlara səbəb ola bilir.
AZXEBER.COM xəbər verir ki, türkiyəli məşhur psixoloq və yazıçı Beyhan Budak bununla bağlı öz videomaterialında danışıb.
O bildirib ki, əsəbi olduğumuz zaman bunu idarə etmək üçün ilk növbədə əsəbimizin arxasında yatan problemləri tapmalıyıq. Stress qıraqdan baxıldığında 1 duyğu kimi görünsə belə ardında əslində çox şey gizlənir. İnsanın özünə etiraf edə bilmədiyi, qəbullanmaqdan çəkindiyi şeyləri qarşı tərəf öz hərəkətləri ilə həmin insana xatırladır və o problemi yaşayan adam həmin an müəyyən dərəcə sıxılmağa başlayır. Bu duyğulardan qaçmaq üçün isə maska olaraq əsəbi olmağı istifadə edir. Bunun nəticəsində isə ona qəbullanmadığı şeyləri xatırlatdığı üçün qarşı tərəfə ya sözlə, ya da fiziki olaraq hücum edir. Nəticə etibarilə əsəbin ardındaki problemi tapmadan onu idarə etmək mümkün deyil.
Yetərsizlik, aşağılanmaq və dəyərsizlik insanda əsəb sistemlərinin pozulması üçün ən başlıca amildir. Bunu yaşayan insanlar çox vaxt bunun fərqində belə olmurlar. Ona görə də qarşı tərəfin hərəkəti bir insanı yetərsiz, dəyərsiz hiss etdirirsə bu həmin insanın içində olan keçmiş travmaları ilə bağlı olur.
Bəzi hallarda kiçik zarafatlar belə bu tip əsəb problemlərinin yaranmasına səbəb ola bilir. Əsəb problemi olan insanlar çox tez inciyən insanlar olurlar. Özlərinə elə bir geniş sahə yaradırlar ki, o sahəyə xırda bir addım atılsa, bunu öz şəxsiyyətlərinə hörmətsizlik kimi dəyərləndirirlər. İlk addım olaraq içimizdəki o qırğın və incinmiş tərəfimizi kəşf etməliyik. Kəşf etdikdən sonra bunu qəbullansaq beynimizdə yaratdığımız ərazini kiçildib, özümüzü nisbətən daha rahatlamış hiss edə bilərik.
Əsəbini kontrol etməkdə çətinlik çəkən insanlar, digər duyğularını ifadə etməkdə də çətinlik çəkirlər. Kimsə onun canını sıxan bir şey deyəndə həmin anda o insanın cavabını verə bilməz, üzülən vaxt üzüldüklərini dilə gətirməzlər. İçəridə bir yerlərdə isə boş bir stəkanın içində o duyğular dolmağa başlayar. Buna görə də hər duyğunu vaxtında və hiss etdiyin şəkildə ifadə etməkdə fayda var.
İki normal insan kimi həll olunacaq problemlərdə əsəbini kontrol edə bilməyən biri, qarşı tərəfin təzadlı bir fikir səsləndirməsini də öz şəxsiyyətininin alçaldılması kimi qəbul edir və mübahisə etməyə başlayır. Həmin an mövzunun kiçikliyinə deyil, onun "şəxsiyyətinə xələl gətirən hissəsi”nə fokuslanır.
Stressi 1-10 arası şkalada olan termometr kimi fikirləşək. 1- ən soyuqqanlı olduğunuz vaxt, 10 isə əsəb partlayışı olan dərəcə olsun. 6-nı isə qaynama nöqtəsi kimi fikirləşək. 6-nı keçəndə heç etmərəm dediyin şeyləri edib, heç demərəm dediyin şeyləri deyə bilərsən. Qaynama nöqtəsinə çatanacan əsəbini kontrol etməyi bacarmalısan. İlk iş olaraq termometrin dərəcəsini aşağı salmaq lazımdır. Bunun üçün də ilk növbədə mübahisəni bitirməyə çalışmaq lazımdır. Ən effektli üsul içində 20-yə qədər saymaqdır. Bunun məqsədi düşünmədən hərəkət etmək əvəzinə həmin vaxt ərzində məntiqlə düşünüb hərəkət etməkdir. Digər effektli üsul isə həmin ərazini (əgər uyğundursa) müvəqqəti olaraq tərk etməkdir. Belə olduğu halda termometrdə dərəcə düşəcək və daha məntiqli qərar verə biləcəksiniz.
Tutaq ki, dərəcəni düşürtdük. Bəs növbəti addımda nə etməliyik?
Növbəti addım isə özünə sual verməkdir. İlk sualını belə verməlisən. "Qarşındaki insan ona əsəbiləşib, gününü məhv edəcək dərəcədə önəmli bir insandır mı?” İkinci olaraq isə " Əsəbi vaxtımda qazanacağım və ya itirəcəyim şeylər nələrdir?” "Əsəbiləşmək məsələnin həlli üçün işə yarayacaq mı?” və ya " Başqa dildən istifadə etmək qarşı tərəfə nə dərəcə təsir edə bilər?”
Bu tip sualları özümüzə verməyimiz əsəbimizin soyumasına və daha məntiqli qərarlar verməyimizə səbəb olacaq. Əsəbi olmaq sizin bütün münasibətlərinizdə problemlər yaşamanıza səbəb ola bilər. Buna görə də bu mövzuda bir az səy göstərməyinizi tövsiyyə edirəm!
Oksana