Suriya prezidenti ABŞ-a qarşı sərt açıqlama verib.
AZXEBER.COM-un məlumatına görə, Bəşər Əsəd ABŞ-ın Böyük Britaniya ilə birlikdə Suriyaya hərbi müdaxilə etmək planı haqqında Rusiyanın “İzvesta” qəzetinə müsahibəsində cavab verib. O, ABŞ-ın bu əməliyyatının tarix boyu digər ölkələri işğal etmək üçün keçirdiyi əməliyyatlar kimi uğursuz olacağını söyləyib:
“ABŞ Suriyanı işğal eləməyə çalışsa, Vetnamdan bu günə kimi bütün müdaxilə etdiyi ölkələrdəki kimi onu çox böyük uğursuzluq gözləyəcək”.
Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kameron telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər.
Xüsusilə, iki ölkənin liderləri Dəməşq ətrafında kimyəvi silahın istifadəsinin mümkünlüyü barədə məlumatları müzakirə ediblər. Bu barədə Ağ evin bəyanatında deyilir ki, iki ölkə rəhbərləri kimyəvi silahların istifadəsinin mümkünlüyünün araşdırılması üzrə "sıx əməkdaşlığı davam etdirəcək".
Bəzi məlumatlarda isə, ABŞ-ın Böyük Britaniya ilə birlikdə Suriyaya girmək üçün planlar hazırladığı bildirilir.