“Əsgər formasında adam görüb, üstünə qaçanda başa düşürdüm ki, atam yoxdur” - Şəhid qızı Aynişan

“Əsgər formasında adam görüb, üstünə qaçanda başa düşürdüm ki, atam yoxdur” - Şəhid qızı Aynişan
SOSİAL
11:24 17.07.2020
9728
Əməkdar artist Aybəniz Haşımova və şəhid Xalid Quliyevin qızı Aynişan Quliyeva son günlər Tovuzda baş verənlərlə bağlı danışıb.

AZXEBER.COM Aynişanın bu məsələylə bağlı fikirlərini təqdim edir: 

Bir az uzun yazacam...çünki günlərdi yaza bilmirdim. Çünki bir neçə gün öncə yenidən dönüb 1 yaşında uşaq olmuşdum. Yenə o qorxu, yenə göz yaşları, yenə içimdə ki o boşluq... Uşaq qanmır?Başa düşmür? Mən başa düşürdüm... əsas da hər əsgər formasında adam görəndə, üstünə ata deyib qaçanda başa düşürdüm ki, atam yoxdu amma formaya belə sarılmaq təsəlli verirdi.  

Necə böyüdüm?

Qaranlıq...uşaqlığım qaranlıq idi...rəngsiz idi... Hər gecə yuxuya gedəndə, səhəri açmamağı arzu edib yatırdım. Bəli, bunu arzu edən yaşlının 5 yaşı var idi. Dözə bilmirdim. Anamı daim yataqda xəstə görməyə,təkliyə... vaxtımdan tez böyüməyimə.

Ölmədim. Yaşadım. Birlikdə böyüdük anamla... amma artıq çətin gəlmirdi həyat, zamansız yaşantılar insanı güclü edirmiş.

Və o gün... yenə dünyam dağıldı. Anama zəng edib Qorxuram dedim, o mənə bizim kişilərimiz ölməyib ki, qadınlarımız qorxsun dedi... yenidən hər şeyi ən başdan yaşamaqdan qorxuram. Bu bir uşaqlıq travmasıdı. Bu elə bir travmadı ki, əsla düzəlməyəcək.

Və günlərdi şəhidlərimizin balalarının video və fotolarına baxıram... inanırsız hər baxanda onlara ağlayıram. Onların ağır talelərinə ağlayıram... hələ necə günlər yaşayacağından bixəbər olmaqlarına ağlayıram. Bir müddət sonra necə başbaşa qalıb,kimsənin yadına belə düşməyəcəkləri üçün ağlayıram.
Allahdan bütün şəhidlərimizə bütün gəlbimlə rəhmət diləyirəm. Amma onların ruhu övladlarının üzü güləndə, bir də torpaqlarımız qeri qayıdanda rahat olacaq.

Hər ikisi çox çətin işdi. Amma birlik olsaq, şəhidlərimizə və onların ailəsinə sahib çıxsaq bacararıq.

O ki qaldı sülhə...inanmıram ki, sülh olsun.Heç kim rahatlıqla torpaqlarımızı qeri verməz. Müharibə olmalıdır.

Amma mən yenə də bunları düşünüb, gələcəkdə yaşayanacaqları düşünüb, vətənim üçün,xalqım üçün ağlayıram.
OXŞAR XƏBƏRLƏR