Əsgərlikdən yayınmaq üçün xarici universitetlərə qəbul olunanlara bəd xəbər: Tanınmayacaq…

Əsgərlikdən yayınmaq üçün xarici universitetlərə qəbul olunanlara bəd xəbər: Tanınmayacaq…
SOSİAL
16:52 16.01.2026
2362

Azərbaycan vətəndaşlarının Şimali Kiprdə aldıqları ali təhsil diplomlarının tanınması prosesi çətinləşib.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, Şimali Kipr universitetlərində doktorantura təhsili alan gənclərə verilən əvvəlki imtiyazlar ləğv edilib. Belə ki, indiyədək bəzi universitetlər tələbələr üçün davamiyyət tələbi qoymurdu. Yeni qərara əsasən isə bütün tələbələr dərslərdə mütləq iştirak etməli və qaydalara uyğun şəkildə Şimali Kiprdə yaşamalıdır.

Bu dəyişiklik hazırda hərbi xidmətdən təhsil möhləti alan 2 mindən çox azərbaycanlı tələbəyə də şamil olunur.

Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, son illər Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən bəzi universitetlər "hibrid doktorantura proqramı” adı altında Azərbaycan vətəndaşı olan çağırışçılara qəbul sənədləri təqdim edir və bu, ciddi ictimai narahatlıq doğurur:
 

 
"Əksəriyyətinin doktorantura təhsili vermək üçün rəsmi lisenziyası olmayan bu universitetlərin təqdim etdiyi sənədlər əsasən qısa müddətli hərbi xidmətdən yayınmağa xidmət edir. Gələcəkdə həmin şəxslərin real doktorantura təhsilini başa vurmaq və məzun olmaq imkanları olmayacaq. Çünki bu ali məktəblərin bir çoxunun nə müvafiq hüquqi statusu, nə də elmi-pedaqoji və maddi-texniki bazası mövcuddur. Bu həqiqət gec-tez üzə çıxacaq və nəticədə həmin gənclər ciddi hüquqi və mənəvi problemlərlə üzləşəcəklər”.

O.Həsənoğlu vurğulayıb ki, Şimali Kiprdə qanuni və dürüst şəkildə doktorantura təhsili alan azərbaycanlılar da mövcuddur: 

"Beynəlxalq səviyyədə tanınan, ciddi akademik tələbləri olan universitetlərdə təhsil alan soydaşlarımız var. Təəssüf ki, saxta və fırıldaq halları həmin vicdanlı gənclərin də nüfuzuna xələl gətirir və bütövlükdə təhsil sahəsinə olan ictimai etimadı zədələyir. Artıq bu tip sənədlərin sayı 1000 nəfəri keçib və məsələ sistemli problemə çevrilib. Bu baxımdan Elm və Təhsil Nazirliyinə, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək həmin sənədlərə yenidən obyektiv hüquqi qiymət verilməsini xahiş edirik”. 

Şəhanə Ziyad


OXŞAR XƏBƏRLƏR