Xəbər verdiyimiz kimi, 1965-ci il təvəllüdlü Natiq Allahverdiyev evdə yemək yeyərkən boğazında ət tikəsinin qalması nəticəsində boğulmağa başlayıb. Nəfəs almaq üçün boğazını bıçaqla deşən 61 yaşlı kişi yaranan güclü qanaxma nəticəsində həyatını itirib.
Qeyd edək ki, qida parçasının tənəffüs yoluna düşməsi saniyələr ərzində həyati təhlükə yarada bilən vəziyyətlərdəndir. Belə hallarda düzgün ilk yardım göstərilmədikdə insanın oksigensiz qalması ağır nəticələrə səbəb ola bilər.
Bəs tənəffüs yolunun qida ilə tutulması zamanı hansı müdaxilələr edilməlidir? Belə vəziyyətdə insanın öz boğazını deşməsi nə dərəcədə təhlükəlidir?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, qida qəbul edərkən təhlükəsizlik qaydalarına əməl etmək vacibdir:
"İstər qidalanma zamanı, istərsə də başqa fəaliyyətdə insan təhlükəsiz davranışlara riayət etməlidir. Məsələn, çox adam yemək yeyərkən ağzında sümük tikəsi olduğu halda danışır. Bu da ağır nəticələrə səbəb ola bilər. Hətta müxtəlif səbəblərdən ağzında iynə saxlayan və sonradan onu təsadüfən udan insanlar da olur. Digər yad cisimlərin nəfəs yoluna düşməsinin həmişə qarşısı alınmalıdır”.
Professor qeyd edib ki, yad cismin tənəffüs yoluna düşməsi asfiksiyaya və oksigen çatışmazlığına səbəb ola bilər:
"Yad cisimlər nəfəs yoluna düşdükdə asfiksiya yaradır və bu, oksigen çatışmazlığına səbəb olur. Belə vəziyyətdə boğazın şəxs tərəfindən kəskin predmetlə deşilməsi düzgün deyil. Bu, böyük və fatal qanaxmaya səbəb ola bilər. Orada qalxanabənzər vəzinin arteriyaları da zədələnə bilər. Nəticədə insan həyatını itirə bilər”.
A.Qeybulla belə hallarda tibbi yardım göstərilməsinin vacibliyini vurğulayıb:
"İstənilən halda şəxsin özünün belə bir proseduru həyata keçirməsi düzgün deyil. Belə situasiyalarda həkim yardımına və ya ətrafdakı şəxslərin düzgün müdaxiləsinə ehtiyac var. Nəfəs yollarının təmizlənməsi istiqamətində tədbirlər görülməlidir. Bunun üçün xüsusi vakuum cihazları və digər vasitələr mövcuddur. Amma istənilən halda insanın öz boğazını deşməsi yolverilməzdir və ağır, hətta ölümcül nəticə ilə başa çata bilər”.
Fəridə Əsədzadə












































