AZXEBER.COM portalı Azərbaycanın qadın bloggerlərindən olan Nuranə Ağayevanın portalımıza verdiyi müsahibəni təqdim edir.
Günümüzdə ölkənin ən tanınmış qadın blogerlərindənsiniz, belə çox tanınmağınıza təkan verən nədir?
- Mən deməzdim bu gün ən tanınmışlardanam amma günümüzdə bloqsferdə xanımların fəallığının azlığı belə bir nəticənin yaranmasına təkan verir. Amma bloqsferin istənilən vəziyyəti əvvəlki reytingimi bu gün də qorumağım və artırmağım üçün çalışmağım həqiqətini dəyişmir. Nəinki bloger ümumiyyətlə bir insan nə isə yazırsa ilk əvvəl dərk etməlidir ki, həmin yazını özü üçün yox oxucuları üçün yazır. Oxucular üçün yazan yazar isə, oxucunun nə oxumaq istədiyini bilməlidir. Oxucu kaş hansısa mövzulu bir məqalə olaydı oxuyardım deyə düşündükdə, sən artıq oxucun bu istəyini dilə gətirməmiş həmin yazını yazıb, yayımlamalısan. Heç vaxt tərif gözləməməlisən və tənqidlərə tam şəkildə hazır olmalısan. Tənqid varsa inkişaf olacaq və tənqid olunursansa, deməli aktualsan, insanlar sənə vaxt ayırır, yazılarını oxuyur, diqqət yetirir və tənqid edir. Məncə, istənilən peşə sahibinin uğur qazanması üçün əsas üç şərt var: Psixoloji hazırlıq, dünya görüşü və üçüncü ən əsas qarşılıq gözləmədən doğru bildiyin, sevdiyin işdə sevərək çalışıb uğur üçün mübarizə aparmaq. Çox təəsüflər olsun ki, son zamanlar nəinki qadın blogerlər ümumiyyətlə blogerlər arasında passivlik hökm sürür. Etiraf edirəm ki, blogerlərin o fəal, rəqabətli günləri üçün çox darıxmışam. İnşallah tezliklə qış yuxusundan ayılarlar, artıq yaz gəlib.
İngilis dilindən tərcüməçilik fakultəsini bu il bitirib məzun olursuz və baş redaktor, jurnalist, bloger, PR menecer və Radio DJ kimi isə fəaliyyət göstərirsiniz. Adınızın yanında məşğul olduğunuz bu sahələrdən hansınn ixtisasınız kimi çəkilməyini daha çox sevirsiniz?
- Bəli bu il universiteti bitirirəm və bir neçə gün sonra məzuniyyətimdir. İngilis dilindən tərcüməçilik ixtisası üzrə təhsil almağım valideynlərimin arzusu idi. Xüsusilə anam məni bu sahəyə yönləndirdi amma o zaman mənim ağlıma gəlməzdi ki, nə vaxtsa jurnalist olacam. PR menecmentin isə bir ixtisas kimi varlığından belə xəbərsiz idim. Universitetə daxil olduqdan sonra tələbəlik illərimdə isə ictimai fəal tələbə olmuşam. Tələbə gənclər təşkilatında fakültə sədri idim, universitetin qəzetində arada bir köşə yazıları yazırdım, təlimlərdə iştirak edirdim. Hətda ikinci kursda təhsil alarkən işləməyə qərar verdim amma ailəm razı olmadığından onlardan gizlin təhsil mərkəzlərindən birində igilis dilindən spreaker kimi fəaliyyətə başladım. Onlar xəbər tutduqda isə artıq işləmə həvəsimi və az-çox uğur qazandığımı görüb razılaşdılar. 19 yaşımdan həm təhsil alır həm də işləyirəm və vaxtında doğru qərar verdiyimdən bu gün öz gücümə, təmiz adla, heç kəsin yanında başı aşağı olmadan irəli gəlib həyatımı özüm qurduğum üçün çox xoşbəxtəm. O ki, qaldı sadaladığınız digər ixtisaslara onların hər biri mənə çox əziz və cəmiyyətdə imicimi formalaşdıran ixtisaslarımdır. Hər biri ilə parallel şəkildə məşğulam və heç birini digərindən ayırmıram.
Xüsuilə sosial şəbəkərlərdə ətrafınıza kifayət qədər insan toplamısınız. Hətta şəbəkənizin əhatə dairəsinin 100 minlərlə insan olduğu deyilir və ictimai cəhətdən də fəal xanımsınız. İctimai fəal gənclərin siyasət yönümlü olmasına öyrəşdiyimiz halda siz isə siyasi baxışınızı belə açıq şəkildə bildirmirsiniz. Sizi niyə gəncliyin siyasət arenasında görmürük?
- Əgər bu gün mənim facebook əhatəm 100 min və Twitter əhatəm 20 min nəfərdən çoxdursa bu o demək deyil ki, bilib – bilmədən bəzi gənclər kimi siyasətə atılmaq istəyib özümü rüsvay etməliyəm. Siyasət mənim üçün bir dəryadır. Kimisi o dəryaya baş vurub üzər uğur qazanar kimisi də boğulub batar. Mən nə üzməyi bilmirəm, nə üzmək öyrədən müəllimim yoxdur nə də ki, üzməyə çalış, səni qoruyub xilas edəcəyik deyən xilasedicim, arxam. Yolum və məqsədim təmamilə başqadır və o yol siyasətin yaxınından belə keçə bilməz. Siyasət mənim üçün televizorda yayımlanan çox maraqlı bir tok-şou kimidir. Onu izləyib zövq alıram və kənardan da olsa çox şey öyrənirəm. Özüm isə o tok şounun iştirakçısı olsam mənim üçün marağı itər bəlkə də biyabr olaram. Bu gün ölkəmiz günü-gündən inkişaf edirsə, adımızı dünya çəkirsə, insanlarımız rahat, xoşbəxt yaşayırsa, mən siyasətə qoşulmasam da olar.
Cəmiyyətdə, xüsusuilə gənclər araında, sosial şəbəkələrdə, mediada kifayət qədər populyar və təsir etmə, informasiya ötürmə qabiliyyətinə görə lazımınca güclüsünüz. Amma məqsədinizi heç zaman açıq şəkildə bildirməmisiniz. Sahib olduğunuz gücü nəyə sərf etmək fikriniz var və məqsədiniz nədir?
-Bir daha qeyd edirəm mən siyasətdən təmamilə uzağam və heç vaxt qoşulmaq fikrim yoxdur. Az-çox sahib olduğum gücümü də nəyə də sərf etsəm belə bu siyasət olmayacaq. Bu gün mənim özümün karyera baxımından daha çox gücə, inkişafa və dəstəyə ehtiyacım varsa kiməsə dəstək verərək gücümü ona sərf etməyim də axmaqlıq olar. Gücmü həmişə daha çox güclü olmağa sərf etmişəm, edəcəyəm də. O ki, qaldı məqsədimə məqsədim Media və PR menecment ilə bağlıdır. Özümü təstiqlədikdən və məqsədimə çatdıqdan sonra bunu hər kəs biləcək. Hələ ki, bu haqda danışmaq üçün çox tezdir.
Artıq demək olar ki, öz işinizi qurmusunuz və gənc 23 yaşında iş qadınısınız. Bəs 10 il sonra özünüzü necə təsəvvür edirsiniz?
- Deməzdim öz işimi qurmuşam, qurmaq istədiyim işi isə demək olar ki, 10 ildən daha tez bir müddətdə Allah qoysa reallaşdıracam. Deyərdim ki, 19 yaşından karyeramı qurmağa çalışmışam və bu gündə həmin əziyyətimin bəhrəsini görməyə başlayıram. Yaşıdlarım tələbəlik həyatının sevincini və gözəlliyini yaşayanda mən evdən gizlin universitetdən işə qaçıb gələcəyim üçün çalışırdım və bu gün onlar universiteti bitirib iş axtarışına başladıqda, artıq mənim işim və gələcək yolum hazırdır. 10 il sonra isə harda olmağımdan aslı olmayaraq unutmarm ki, nə olmaq istədiyimi bilmədiyim halda üzvlüyünə qəbul olunduğum İrəli Gənclər Birliyində keçmiş baş katib, indi isə sədr olan çox hörmətli Rauf Mərdiyev tərəfindən təşkil olunan İT akademiyanın blog təlimlərində təmənnasız olaraq iştirak edərək bloqçuluğu öyrənib bloger oldum. Heç vaxt unutaram ki, yazmağı hər şeydən çox sevdiyim, heç bir qarşılıq gözləmədən və jurnalistika təhsilim olmadan blogumda yazdığım vaxtlarda hal-hazırda Day.Az medianın Baş müdir Müavini o vaxtlar isə Milli.Az xəbər portalının baş redaktoru çox hörmətli Sevda xanım Həmidova məni əməkdaşlığa dəvət etdi və jurnalistikaya olan həvəsimi dəstəkləyərək təmamilə təmənnasız olaraq juralistika ilə bağlı bilmədiklərimi öyrətmək üçün mənə özəl dərslər verməyə başladı. Jurnalistikada ilk muəlliməm, idealım da məhz o oldu. Heç vaxt unutmaram ki, bu gün Milli.Az xəbər portalınının baş redaktoru çox hörmətli Anar müəllim İmanov hələ də mənə bilmədiklərimi öyrədir, yeni mövzular yazmağım üçün dəstəkləyir, həvəsləndirir və dəstək olur. Heç vaxt unutmaram ki, PR menecmentin nə olduğunu belə bilmədiyim halda çox əziz dostum, PR müəlimim Azərbaycanda PR və KİV üzrə mənim üçün ən peşəkar ekspert, çox hörmətli Əli müəllim Hacızadə mənə bu ixtisası öyrətdi, təmənnasız olaraq PR ilə bağlı özəl dərslər verərək həmişə dəstək oldu və bu gün onun sayəsində PR menecer kimi az-çox tanınıram, öz komandam var və qazanıram. Onların mənə mənəvi dəstəyi hələ də davam edir və bu mənim üçün dünyalara dəyər. Heç kim bilmir başına nə gələcək və 10 il sonra harda olacaq amma bildiyim bir şey var ki, harda olmağımdan aslı olmayaq mənim bu gün imicimin formalaşmağında əməyi olan bu insanlara və təşkilatlara hörmətim, sədaqətim, sadiqliyim və iş birliyim həmişə davam edəcək.
Əksər hallarda sizin maddi deyil, koryeranız və işinizdən mənəvi zövq almaq üçün çalışdığınızı və bir çox iş təkliflərini rədd etdiyiniz haqqında eşidirik. Hər şeyin maddiyyatdan aslı olduğu bir dövrdə bu qərarınızın səbəbi nədir?
- Heç unutmuram ixtisas seçimi zamanı təmamilə qərarsız idim və bir gün atamla söhbətləşərkən ondan hansı ixtisasın daha çox qazandırdığını soruşub məsləhət almaq istədim. O an atam cavab verdi ki, heç vaxt pulu düşünərək iş görmə onda pul qazansan belə mənən uduzarsan. Əgər bir işi sevirsənsə, peşəkar şəkildə düşünərək, adına laiq görürsənsə o zaman pulu düşümə çünki, ozü gələcək. İnanın, bu sözləri eşidəndə elə də başa düşməmişdim və haqq vermərmişdim. Amma işləyən zaman şəxsi praktikam öyrətdi ki, atamın dedikləri həqiqətdir. Heç bir işi hər hansısa maddiyatı düşümərək deyil, işin keyfiyyətini və cəmiyyətimizə xeyirli tərəflərini düşünərək etmişəm və həmişə maddi qarşılığını düşündüyümdən artıq şəkildə almışam. Bir müddət əvvəl adını çəkməyəcəyim türkiyəli bir iş adamından milyonlardan söhbət gedən iş təklifi aldım. Həmin an PR-nı apardığım şirkətin rəhbəri də yanımızda idi və bizi də o tanış etmişdi. Amma mən başa düşdüm ki, həmin təklif bu gün milyon qazandırsa belə sabahımı qurmağa və məqsədimə çatmağa maneə olacaq. Bu səbəbdən rədd etdim. Həmin an onların ikisi də yox dediyimə inana bilmirdilər. Bu aralar isə xüsusilə inşaat sektorundan PR əməkdaşlığı ilə bağlı bir neçə təkliflər almışam və razılaşmamışam. Çünki, həmin işdən qazanacağım maddiyyat mənə bu gün lazım ola bilər amma işin mənəvi tərəfi sabahıma maneə olursa bu deməli, mənə lazım deyil. Ümumiyyətlə, iş təklifi verən şirkətin imici və həmin şirkəti idarə edən insanlar o təklifi düşünüb qəbul etməyimə ən böyük səbəbdir, nəinki madiyyat. Maddi vəsaitim olmasa ən pis halda valideynlərimin himayəsinə sığınacam, mənəviyyatımı itirsəm isə bax onda məni heç kim xilas edə bilməz. Bu səbəbdən də mənim üçün ən əsas maddiyat deyil mənəviyyatdır.
Gənc xanımsınız və gələcəkdə ailə həyatı quracaqsınız. Əksər karyera sahibi olan xanımlar ailə həyatı qurduqdan sonra müəyyən qadağalar və ya işləmək həvəsinin azalması ilə üzləşir. Bəs o zaman Nura Bloger indiki sosial fəallığını və gücünü qoruya biləcəkmi?
- Maraqlı sualdır. Etiraf edirəm ki, bu haqda heç vaxt düşünməmişəm. Tənhalıq Allaha məxsusdur və yalnız ona yaraşır. Təbii ki, gələcəkdə mən də ailə həyatı quracam və o insanla ömrümü bölüşəcəm. Ömrümü bölüşəcəyim insan isə məni sevirsə, sevgisini mənə və karyerama olan hörməti ilə göstərməli və bu gün tanıdığı kimi qəbul etməlidir. Və bunun belə olacağına heç nəyin dəyişməyəcəyinə çox inanıram. O ki, qaldı həmin xanımlara bu məhz onların səhvidir. Deməli münasibətdə hardasa özlərinə qarşı inamsızlıq yaradıblar və ya qarşı tərəfə qarşı zəif olublar. Həmişə bir qadının ağlının, hiyləsinin min kişinin qolunun qüvvəsindən daha güclü olduğuna inanıb və şahidi olmuşam.
Ozal İbrahimli