“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?

“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
SOSİAL
15:14 21.08.2026
206
Son 5 ildə ərzaq, kirayə, nəqliyyat və digər məhsul və xidmətlərin qiymətlərindəki artım ailə büdcələrinə və insanların gündəlik xərclərinə təsirsiz ötüşməyib.

Eyni gəlirlə əvvəlki illərdə qarşılanan xərclərin bu gün daha böyük məbləğ tələb etməsi alıcılıq qabiliyyətinin azalması ilə bağlı müzakirələri gündəmə gətirir. İnsanlar artan qiymətlər fonunda bəzi xərclərini azaltmağa, daha ucuz məhsullara üstünlük verməyə və gündəlik büdcələrini yenidən planlaşdırmağa məcbur qalırlar.

Bəs 5 il əvvəl eyni gəlirlə alınan ərzaq, ödənilən kirayə və nəqliyyat xərclərini bu gün qarşılamaq üçün gəlir nə qədər olmalıdır? Bahalaşma insanların ən çox hansı xərclərindən imtina etməsinə səbəb olub?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, son dövrlərdə insanların real gəlirləri ilə inflyasiya arasında ciddi problem yaranıb:

"Son bir ildə doğrudan da insanların real gəlirləri ilə inflyasiya arasında belə bir ciddi problem yaranıb. Real gəlirlər çox az artır, inflyasiya isə, ərzaq inflyasiyası daha yüksəkdir və biz bunu Azərbaycan əhalisinin alıcılıq qabiliyyətində də görürük. Təbii ki, insanlar ilk növbədə ikinci dərəcəli xərclərini azaldırlar. Məsələn, səyahət xərcləri azalır, kafe-restoranlara gediş xərcləri azalır, geyimdə az xərcləməyə çalışırlar. Məsələn, internet üzərindən daha ucuz geyimlər sifariş etməyə çalışırlar”.

N.Cəfərli ərzaq məhsullarının bahalaşmasının da ailələrin gündəlik istehlakına təsir etdiyini vurğulayıb:

"Ərzaq məsələsinə gəldikdə, məsələn, ət bahalaşdıqca əvvəl bir 4 nəfərdən ibarət standart ailə ay ərzində, məsələn, 3 kilo, 4 kilo ət alırdısa, indi 2 kilo ət alır. Bax, belə xərclərini azaltmağa çalışırlar, təbii ki. Amma bu inflyasiyanın bu qədər yüksək olması, real gəlirlərin isə artım tempinin yetərli olmaması problemdir və bunun həlli yolu iqtisadi aktivliyin canlanmasıdır. Yəni Azərbaycanda iqtisadiyyat artıb, son illərdə iqtisadi artım templəri aşağıdır. Bax, iqtisadi artım templərinin yüksəldilməsinə ehtiyac var”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR