Dünən İstanbulun Atatürk hava limanında törədilən və 50-yə yaxın insanın ölümünə, 100-dən artıq adamın yaralanmasına səbəb olan terror aktı Türkiyədə hava limanında törədilən ilk hadisə deyil. 1982-ci ildə Anakaradakı "Esenboğa" hava limanında da bənzər hadisə törədilib.
AZXEBER.COM musavat.com-a istinadən bildirir ki, politoloq Şahin Cəfərli sosial şəbəkədəki səhifəsində bu baradə yazıb və həmin terror aktını ermənilərin ASALA terror təşkilatının iki üzvünün törətdiyini qeyd edib.
Ş.Cəfərlinin statusunu oxucuların diqqətinə çatdırırıq:
"Hadisə 1982-ci il avqustun 7-də baş verib. Levon Ekmekçiyan və Zöhrab Sarkisyan adlı ASALA terrorçuları Ankara "Esenboğa" hava limanında partlayış törədərək insanlara atəş açmağa başlayıblar. Nəticədə 9 nəfər (biri alman, biri amerikalı) ölüb, 72 nəfər yaralanıb. Polis hadisə yerində Z.Sarkisyanı öldürüb, yaralanan L.Ekmekçiyan isə sağ ələ keçirilib.
Ekmekçiyan törətdiyi əməldən peşman olduğunu bildirsə də, 1982-ci il sentyabrın 7-də məhkəmənin hökmü ilə edama məhkum edilib və hökm 1983-cü il yanvarın 28-də icra olunub. Ankarada dəfn olunan Ekmekçiyanın nəşi 2013-cü ildə qardaşı tərəfindən Fransaya aparılıb.