Eyyub Hüseynovdan restoranlarla bağlı sərt açıqlama: “Turistlər aldadılır”

Eyyub Hüseynovdan restoranlarla bağlı sərt açıqlama: “Turistlər aldadılır”
SOSİAL
10:55 19.10.2026
226
Son zamanlar bəzi restoranlarda müştərilərdən menyuda göstərilən qiymətdən daha artıq məbləğ tələb olunması ilə bağlı şikayətlər gündəmə gəlir. Xüsusilə xarici turistlərin belə hallarla qarşılaşması ölkənin turizm imici baxımından narahatlıq doğurur.

Belə hadisələrdən birinin də "Atəşgah” restoranında baş verdiyi iddia olunur. Xarici turistin sözlərinə görə, restoranda ona təqdim edilən hesab menyuda göstərilən qiymətlərdən dəfələrlə yüksək olub.

Bəs bəzi restoranlarda xarici turistlərdən niyə daha çox pul tələb olunur? Turistlərin əlavə qazanc mənbəyi kimi görülməsinin səbəbi nədir? Bu cür halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AZXEBER.COM-a açıqlamasında deyib ki, bu kimi halların qarşısını almaq üçün ciddi tədbirlər görülmür:

"Təxminən 8 il əvvəl Bakı bulvarında bir çaynik çayın 50 manata satılması, çayın yanında şirniyyat almadıqda isə müştəriyə xidmət göstərilməməsi kimi hallar yayılmağa başladı. Sonradan bu cür hallar digər restoran və çayxanalarda da müşahidə olundu. Təəssüf ki, bunun qarşısını almaq üçün ciddi tədbirlər görülmədi. Bu gün də bəzi restoranlarda, xüsusilə regionlarda xarici turistlərə qarşı belə davranışlar davam edir. Mən istehlakçı hüquqlarını müdafiə edən təşkilatın sədri kimi bu hallarla qarşılaşıram. Xarici turistlərdən də mənə şikayətlər daxil olur. Belə görünür ki, ölkədə bir nazirin apardığı siyasət ilə digər aidiyyəti qurumların sinxron əlaqəsi yoxdur. Azərbaycanda qiymətlərlə bağlı məsələlərə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi cavabdehdir. Dövlətin turizmin inkişafı ilə bağlı konkret siyasəti var. Düzdür, qanunvericiliyə əsasən, qiymətlər sərbəstdir və dövlət qiymətləri birbaşa müəyyən etmir. Amma bu o demək deyil ki, aidiyyəti qurumlar heç bir tədbir görə bilməz. Müəyyən görüşlər və müzakirələr təşkil etmək, sahibkarlarla maarifləndirici iş aparmaq mümkündür. Bu görüşlərə istehlakçı hüquqlarını müdafiə edən təşkilatlar və media nümayəndələri də dəvət oluna bilər. Məqsəd dövlətin turizm siyasətinə birlikdə dəstək vermək olmalıdır”.

O qeyd edib ki, bu kimi hallar turistlərin yaddaşında qalır:

"Sahibkarlar da bu məsələdə məsuliyyət daşımalıdırlar. Mən bir çox ölkələrdə olmuş və turizm sahəsində təcrübəsi olan şəxs kimi deyə bilərəm ki, turistlərin yaddaşında ən çox belə hadisələr qalır. İnsanlar illər keçsə də, hansı ölkədə onlara qarşı haqsızlıq edildiyini unutmurlar. Məsələn, 20 il əvvəl Amerikada məni aldatmağa çalışıblar. Bu hadisə hələ də yadımdadır. İspaniyada da oxşar vəziyyətlə qarşılaşmışam. Belə hadisələr turistlərin həmin ölkə haqqında fikirlərinə mənfi təsir göstərir. Ona görə də dövlət qurumları bir-biri ilə sıx əməkdaşlıq etməlidir ki, turistlərin aldadılmasının qarşısı alınsın”.

E.Hüseynov vurğulayıb ki, bəzi biznes qurumları sahibkarlar üçün yaradılan imkanlardan sui-istifadə edirlər:

"Hazırda sahibkarlar üçün əlverişli şərait yaradılıb. Lakin bəzi biznes qurumları bu imkanlardan sui-istifadə edirlər. Onlara nəzarət etməli olan dövlət qurumları isə sanki baş verən problemləri görmürlər. Belə təəssürat yaranır ki, aidiyyəti qurumlar istehlakçıların narazılığının artmasını gözləyirlər. Nəticədə hökumət yoxlamaların bərpası ilə bağlı qərar qəbul etməyə məcbur qala bilər. Mən sahibkarlıq subyektlərində yoxlamaların məhdudlaşdırılmasının tərəfdarıyam. Çünki yoxlamalar zamanı yaranan əlavə xərclər və korrupsiya halları sonda istehlakçının hesabına ödənilir. Nəticədə zərər çəkən yenə istehlakçı olur. Amma hesab edirəm ki, qida təhlükəsizliyi və qiymətlərlə bağlı şikayətlər daxil olduqda dövlət qurumları mütləq müdaxilə etməli, ciddi yoxlamalar aparmalıdırlar.

Bu məsələdə iki əsas məqam var. Birincisi, istehlakçı şikayət etdikdə həmin şikayət əsasında yoxlama keçirilməlidir. İkincisi, mediada hər hansı qanun pozuntusu ilə bağlı məlumat yayıldıqda aidiyyəti qurumlar buna reaksiya verməli və məsələni araşdırmalıdırlar.
Təəssüf ki, hazırda dövlət qurumlarının bir çoxu mediada yayılan məlumatları diqqətdən kənarda qoyur. Həmin məlumatların ardınca düşmür, problemlərin həllini izləmirlər. Mən bir müddət Qida Təhlükəsizliyi Agentliyinin İctimai Şurasının üzvü olmuşam. Orada dəfələrlə bu məsələni qaldırmışam. Bildirmişəm ki, jurnalistlər müxtəlif problemləri araşdırır, qanun pozuntularını üzə çıxarırlar. Bəs dövlət qurumları bu məlumatlardan istifadə edirmi? Jurnalistlərin əməyini qiymətləndirirmi? Yayımlanan materialları araşdırırmı? Mənə bildirirdilər ki, bütün məlumatlar izlənilir. Lakin sonradan məlum oldu ki, əslində, həmin materialların ciddi şəkildə izlənilməsi və araşdırılması aparılmır. Nə qədər ki, dövlət qurumları mediada yayılan problemlərə vaxtında reaksiya verməyəcəklər, bu cür hallar davam edəcək. Cənab Prezident İlham Əliyev də bildirib ki, ən əhəmiyyətli məlumatları mediadan alır. Heç olmasa, dövlət qurumları Prezidentin bu yanaşmasını nümunə götürərək mediada yayılan problemlərə diqqət yetirsinlər”.

O vurğulayıb ki, turistlərin aldadılmasının əsas səbəblərindən biri ölkədə istehlakçı hüquqlarının müdafiəsi sahəsində ciddi problemlərin olmasıdır:

"Turistlərin restoranlarda və digər xidmət obyektlərində aldadılmasının əsas səbəblərindən biri ölkədə istehlakçı hüquqlarının müdafiəsi sahəsində ciddi problemlərin olmasıdır."İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun 1995-ci ildə qəbul edilib. Həmin vaxtdan bu günə qədər həyatımızda çox şey dəyişib. Rəqəmsal texnologiyalar inkişaf edib, yeni xidmət sahələri yaranıb, ticarət münasibətləri dəyişib. Lakin qanun bu dəyişikliklərə tam uyğunlaşdırılmayıb. Mən dəfələrlə Ombudsmana, Milli Məclisə və antiinhisar qurumuna müraciət edərək qanunun yenilənməsinin vacibliyini bildirmişəm. Hazırda ölkədə sahibkarlığın inkişafına böyük diqqət ayrılır. Bu, müsbət haldır. Lakin istehlakçıların hüquqlarının qorunmasına eyni səviyyədə diqqət göstərilmir. Halbuki biznesin mövcudluğu da, dövlət büdcəsinin formalaşması da istehlakçılardan asılıdır. İstehlakçı olmasa, biznes də fəaliyyət göstərə bilməz”.

"Təəssüf ki, bəzi sahibkarlar mövcud vəziyyətdən sui-istifadə edərək müştəriləri aldadırlar. Dövlət qurumları isə bu hallara qarşı kifayət qədər ciddi tədbirlər görmürlər. Bu vəziyyət normal deyil və Azərbaycanda turizmin inkişafına mənfi təsir göstərir. Çünki aldadılan turistlər başlarına gələn hadisələri başqalarına danışır, sosial şəbəkələrdə paylaşırlar. Nəticədə ölkəmizin turizm imicinə zərər dəyir. Restoranlarda menyuda hansı qiymət göstərilibsə, müştəridən də həmin məbləğ alınmalıdır. İstər yerli vətəndaş, istərsə də xarici turist olsun, heç kimdən menyuda göstərilən qiymətdən artıq pul tələb edilə bilməz. Bəzən isə menyunun özündə qiymətlər həddindən artıq yüksək göstərilir. Düzdür, dövlət sərbəst qiymətlərə birbaşa müdaxilə etmir. Amma aidiyyəti qurumlar vəziyyəti izləyə, sahibkarlarla görüşlər keçirə və müəyyən tövsiyələr verə bilərlər”,-deyə sədr bildirib.

Şahanə Ziyad

OXŞAR XƏBƏRLƏR