Fərid Mansurov Azərbaycan qadınları haqda nə dedi?

İDMAN
18:48 08.03.2011
2352

  Mansurov ireli.az saytına müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.

- İlk dəfə "İrəli"də qonaq oldunuz təəssüratlarınız necə oldu?

- Çox gözəl, çox yadda qalan bir görüş oldu. Hiss olunur ki, iş gedir, fəaliyyət var. Əslində, Azərbaycanda həyata keçirilən Dövlət Gənclər Siyasətinə burada – “İRƏLİ” İctimai Birliyində necə dəstək olunduğunun şahidi oldum. Bilirsiniz ki, ümummilli liderimiz Heydər Əliyev hər zaman biz gənclərə böyük etimad göstərib və dəstəkləyib. Bu siyasət bu gün ölkə prezidentimiz, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərimiz, onlara yaradılan bu şəraitdən maksimum istifadə etməli, öz bilik və bacarıqlarını inkişaf etdirməli və dövlətimizə layiqli vətəndaş kimi xidmət etməlidirlər. Qeyd edim ki, gənclərin öz işini düzgün şəkildə qurması, onların gələcək fəaliyyətlərində düzgün istiqamətlənməsində müsbət təsirini göstərir. Bu baxımdan, “İRƏLİ” İctimai Birliyinin fəaliyyətini izləyir və təqdir edirəm.

- Sizin uğurunuzun əsas göstəricisi nə oldu – məqsədli olmanız, bacarığınız və ya şans.

- Mən deyərdim ki, hamısı bir arada. Çünki doğurdan da mən bu uğura gedən yolda çox əmək sərf etmişəm. Bir söz var deyirlər qəpiyin iki üzü var. Mən isə həmişə onu deyirəm ki, görünən və pərdə arxasında qalan kadrlar var. Pərdə arxası kadrlar daha maraqlı, daha əziyyətli, daha uzun olur. Biz çıxıb yarışda güləşirik, bir görüş maksimum 6 dəqiqə davam edir, güləşirsən və qalib gəlirsən. Tamaşaçı, idmansevərlər ancaq bu 6 dəqiqəni və ya həmin gün keçirilən yarışı görür. Bu bir gündən ötəri aylar, illər sən əziyyət çəkirsən, ona hazırlıq, nə qədər zədələr olur, həyəcan keçirirsən. Bu uğurlara çatmaq üçün mən doğurdan da çətin yollar keçmişəm, bir çox şeyləri qurban vermişəm və şansım da gətirib qalib olmuşam.

- Fərid Mansurovun idmandan əlavə marağı daha çox nəyədir, boş vaxlarınızda nə ilə məşğul olmağı sevirsiz?

- Kitab oxuyuram. Bu da adətən gecələr olur. Ümumiyyətlə, boş vaxtım olanda rayonlara gedib gəzməyə çalışıram. Təbiəti çox sevirəm. Azərbaycanımızın təbiəti zəngin olduğu üçün elə öz rayon və şəhərlərimizə daha çox üstünlük verirəm. Ovu və balıq tutmağı çox xoşlayıram.

- Fərid Mansurovun fikrincə, əsl Azərbaycan xanımı necə olmalıdır və əlbəttə ki, 8 martda xanımlara təbrikiniz.

-Mənim fikrimcə, azərbaycanlı xanımın necə olmasını (red. gülür) fikirləşmək daha asandır, nəinki dilə gətirmək. Mənim təsəvvürümdə, ilk növbədə həyat yoldaşı xanımına görə tanınır. Əgər həyat yoldaşı səliqəli, köynəyi ütülü evdən çıxırsa baxıb heç bir şey demirlər, amma əksinə səliqəsiz görünsə o dəqiqə deyirlər ki, xanımı hara baxır. Ümumiyyətlə, qadını kişiyə görə, kişini də qadına görə tanııyırlar. 8 martda hədiyyə məsələsinə gəldikdə isə fikirləşirəm ki, həmin hədiyyənin qiyməti elə də vacib deyil bahalıdır və ya ucuz. Əsas odur ki, sən onu hansı formada təqdim edirsən. Təqdimatdan çox şey asılıdır. Ola da bilər ki, sən heç bir şey almayasan, amma hansısa bir hərəkətlə, xoş bir sözlə, gözəl bir formada təbrik edəsən. Bütün xanımlarımıza can sağlığı, həmişə gözəl olmalarını arzu edirəm, üzləri gülsün, sevsinlər və sevilsinlər, həmişə də öz sevdikləri ilə bərabər olsunlar.


- Qarşıdan Avropa çempionatı gəlir yığma komandamız bu mötəbər turnirdə ən azı ötən ilki uğurunu təkrarlaya biləcəkmi?

-Əvvəldən proqnoz verməyi sevmirəm. Bizim əsas yarışımız bu ilin sentyabr ayında keçiriləcək dünya çempionatıdır. Əsas məqsədimiz uğura imza atmaq, üçrəngli bayrağımızı ucaltmaqdır. Hələ heç bir şey tam dəqiq deyil. Fikirləşirik ki, əsas heyəti buraxmayaq, ikinci heyət güləşsin. Əsas heyət hazırlaşsın dünya çempionatına. Yəni tam dəqiq olmadığına görə öncədən cavab vermək çətindir.

- Adətən deyirlər ki, idmanla məşğul olan insanlar ictimai fəaliyyətdən kənar olurlar. Sizin bu məsələyə münasibətiniz necədir? Əgər idmançıdırsa, yalnız idmanla məşğul olmalıdır öz peşəsi ilə və ya digər sahələrə də maraq göstərməlidir. Xaricdə məsələn idmançılar bir sıra xeyriyyə kampaniyalarının simalarıdır.

-Elə idmançılar var ki, həm idmanla məşğuldur, eyni zamanda da başqa işləri var. O bir az uyğunlaşmır. Nə qədər olmasa məşq edə-edə fikir qalır, digər işin yanında. Bu mənada idmançı idmanla məşğul olmalıdır. Amma idmançının boş olduğu vaxt, məsələn təlim məşq toplantısında olanda biz səhərdən axşama qədər döşəkdə işləmirik ki. Əsas olaraq boş vaxt axşam səkkizdən sonra olur. Boş vaxtda yaxşı olardı ki, idmançılar kitab oxusunlar və ya digər bir hobbi ilə məşğul olsunlar. Bəzi şirkətlər olub ki, dəvət ediblər reklam çarxlarında çəkilməyə. Ən azından mənim profilimə uyğun gəlmədiyi üçün qəbul etməmişəm. Amma sosial çarxlarda çəkilmək olar. Neçə dəfələrlə olub ki, yığışıb uşaqlar evinə, qocalar evinə getmişik.

- İnternetdə məsələn facebook və digər sosial şəbəkələrdən istifadə edirsiniz?

-İstifadə edirəm, amma çox az hallarda. Doğurdan da deyəndə ki, vaxt yoxdur insana qəribə gəlir ki, necə yəni bir saat da vaxtı olmur internetdən istifadə etməyə. Məşq, məşqdən başqa da digər işlər var ki, evlə bağlı onları görürsən. Axşamlar məşqdən yorğun gəlirsən, ancaq dincəlmək istəyirsən. O yorğun halda internetdən istifadə etmək istəmirəm. Mən yorğunluğumu yaxşı bir filmə baxmaqla və ya gözəl bir musiqiyə qulaq asmaqla çıxardıram.

- Yeri gəlmişkən, ən çox sevdiyiniz Azərbaycan filmi hansıdır?

-Ən sevdiyim film “Axırıncı aşırım” filmidir. Hər dəfə sevərək izləyirəm. Ümumiyyətlə, Azərbaycan kinolarına hər yaş dövründə baxmaqla yeni nəsə öyrənmək olur.

- Hansı musiqiləri dinləməyə daha çox üstünlük verirsiz?

-Əsasən xarici estradaya qulaq asıram. Sadəcə melodiyası olsun yetərlidir.

 - Azərbaycan gənclərinə məsləhətiniz nə olar?

- Gənclərə məsləhətim odur ki, sağlam həyat tərzi keçirsinlər. Sağlam həyat tərzi dedikdə, nəyi nəzərdə tuturam? O demək deyil ki, oturub səhərdən axşama qədər kitab oxusun və ya getsin idmanla məşğul olsun. Yəni hər şeyi balansda saxlasınlar. Həm idmanla məşğul olsunlar, həm oxusunlar. Son zamanlar fikir verirsən ki, gənclər günlərinin böyük əksəriyyətini internetdə otururlar. Bu, yaxşıdır müasirlikdir. Amma gün ərzində oturaq vəziyyətdə olmaq müəyyən xəstəliklərin yaranmasına gətirib çıxarır. Ona görə də günlərinin bir və ya iki saatını idmana sərf etmələrini məsləhət görərdim. Yəni bu balansı həmişə təmzimləməyi, vaxtlarını düzgün şəkildə bölüşdürməyi bacarsınlar.

Hazırladı: Nəzakət Əliyeva, ireli.az

 

OXŞAR XƏBƏRLƏR