Faiq Ağayev: ‘Elnuru dünən tənqid edənlər bu gün onu ...’ - MÜSAHİBƏ - FOTOLAR

MAQAZİN
15:30 10.12.2014
3667

AZXEBER.COM informasiya portalı olaraq yeni bir layihəyə start verdik. Tanınmış şəxslərin həyatı hər zaman insanların maraq dairəsindədir. Onlar öz işlərindənkənar hansı sahələrlə maraqlanırlar? Maraq dairələrində nələr var? Hansı sahələrdə çalışırlar? Bu sualların hər birinə “İşdən kənar” rubrikamızda cavab tapmağa çalışacağıq. Düşündük ki, ilk olaraq suallarımızı kim cavablandıra bilər? Qərara gəldik ki, rubrikamıza startı Azərbaycanın xalq artisti Faiq Ağayevlə birlikdə verək. Səmimi və xoş keçən görüşdəxalq artistisuallarımıza maraqlı cavablar verdi. Hansılarını ki, bəlkə də, bir çox insan üçün maraqlı olduğu halda,eşitməmişdilər. Xalq artisti Faiq Ağayevlə olan müsahibəni oxuculara təqdim edirik. -Son zamanlar Faiq Ağayevi efirlərdə çox az-az görürük. Buna səbəb nədir? -Əvvəllər daha çox olmağımın məntiqi səbəbləri var idi. Tanıtım. Tamaşaçılar bilsinlər ki, Faiq Ağayev kimdir? Bu da təxminən XX əsrin sonlarına təsadüf edirdi. Mənə elə gəlir ki, indi də efirlərdə kifayət qədər görünürəm. Məsələn,noyabr ayında çox reytinqli 4 proqramda qonaq olmuşam. Sadəcə (televiziya əməkdaşlarımız, aparıcılarımız məndən inciməsinlər), keyfiyyətli verlişlər, jurnalistlər çox azdır. Hansı ki, mən o verilişlərdə qonaq ola bilərəm.

-Televiziya proqramlarına dəvət alarkən, seçim edirsinizmi? -Əlbəttə. Mən vaxtımın hansısa bir hissəsini nəyə isə sərf edirəmsə, boşuna getməsini istəmirəm. Elə verilişlər var ki, mən onlara qatılmaqdan imtina edirəm.

-Faiq Ağayevdən çox az duet eşidirik. Buna səbəb nədir? -Bu günə qədər mənim 4 duetim olub. Flora Kərimova, Nərgiz Cəlilova, Zülfiyyə Xanbabayeva və "Dostlar" qrupu ilə. Hal-hazırda isə, duet oxumamağımın başlıca səbəbi, uyğun bir mahnının olmamasıdır. Kifayət qədər ifaçı var ki, onlarla duet oxuyaram. Münasib mahnı yoxdur. Son zamanlar səslənən mahnıların bir çoxu qeyri-peşəkarların işidir. Düzdür, müəyyən bir kütlə o "bəstələri"dinləyir. Ancaq mən, özündən razılıq kimi səslənməsin,ali savadlı bir müğənni kimi bu cür mahnıları səsləndirməyi özümə ar bilirəm.

-Gənc müğənnilərdən bir çoxunun səsləndirdiyi mahnıların söz və musiqisi özlərinə aid olur. Siz necə düşünürsünüz? Bu uğurlu nəticələnə bilərmi? -Elə hallar olur ki, bu,özünü doğruldur. Məsələn,Tünzalə Ağayeva və Ədalət Şükürovda olan kimi. Onların özləri üçünyazdıqları mahnılar tamaşaçıların dillərinə düşür.

Gənc müğənniləri isə bu yolla uğur qazanmaq istəklərinə görə qınaya bilmirəm. Çünki, mahnı almaq çox bahadır hal-hazırda. Onlar da öz büdcələrinə uyğun nə isə ərsəyə gətirmək istəyirlər. Amma efirlərə pul ödəməlidirlər, kliplər çəkdirməlidirlər. O mənəm ki, heç bir televiziya və radiolara, mahnı müəlliflərinəpul ödəmirəm. Ona görə də gəncləriqismənbaşa düşürəm. Ancaq danılmazdır ki, hər ifaçı, bəstəçi və ya şair kimiistedadlı ola bilməz. İstedad - Allah vergisidir.

-Faiq Ağayevi şou-biznesi yaradanlardan biri kimi deyirlər. Razısınızmı? -1988-ci ildə biz bu sənətə gələn zaman, hər şey tam fərqli idi. O zamanlar yalnız "Qaya" ansamblı, Sərxan Sərxan, Brilliant Dadaşova və Firəngiz Rəhimbəyova var idi Azərbaycan estradasında mən və Aygün isə səhnədə daha çox azadlıq yaşamaq istəyində idik. O qədər divarlar, maneələr, stereotiplər sındırdıq ki, bu illər ərzində... İndiki müğənnilər üçün hər şey çox asandır. Bizim vaxtımızda bir çox şeyləri etmək indiki kimi rahat deyildi.

Mən sənət adamının şəxsi azadlığının süni, mənasız qadağalarla tapdalanmasının tərəfdarı deyiləm. Çünki, "boğudulmuş" şəxs sənətdə sözünü sinə dolusu nəfəs alaraq deyə bilməyəcək. Yaradıcı ola bilməyəcək nəticədə. Məhz buna görə biz "üsyançı", "inqilabçı" olduq Aygünlə.Baxın, indi səhnəyəAygün Kazımovadan sonra gələnxanım müğənnilər üçün, sözün yaxşı mənasında"var-gəl" etmək heç də çətin bir iş deyil.Eyniylə də mən, fəaliyyətimləkişi müğənnilərimizüçün rahat, azad bir şərait yaratdım. Təbii ki, yaradanlardan birisiyəm. Ancaq bu o demək deyil ki, özümü heykəl hiss edirəm.(gülür)

-Gənc müğənnilər, siz və digər şou-biznesi yaradan həmkarlarınız ərsəyə gətirdiklərini qoruyub saxlaya bilirlərmi? -Mən bir az əvvəl qeyd etdim ki, həmkarlarım və mən yeni bir format yaratmışıq. Xalqımız da bunu sevib və qəbul edib. Gənc müğənnilər bundan bəhrələnib, daha da çox, bəzən izafi,aşırı bir azadlıq istəyirlər. Bu da əksər hallarda ifrata gətirib çıxarır. Kimin dediyi yadımda deyil, ancaq bu yaxınlarda belə bir ifadə səsləndirmişdilər: “Sənətdə böyük-kiçik anlamı yoxdur!”. Hansı azərbaycanlı düşüncəsinə sığır bu? Elələri də var ki, çox gülünc sözlər işlədirlər: “Səhnəyə dəri şalvarı birinci mən geyinmişəm”. Bunun sənətlə nə əlaqəsi var axı?

-Faiq Ağayev sənətçilərimizdən kimləri dinləyir? -İndi çox şablon bir cavab verəcəm, ancaq məcburam buna. Çünki, həqiqətən kiminsə adını çəkərəm, kiminsə yox - arada lazımsız inciklik yaranar. Peşəkarları dinləyirəm. Və belələri gənc müğənnilər arasında da az deyil.

-İlin sonunu konsert proqramı ilə yekunlaşdırırdınız. Bu il elə bir məlumat almadıq. Nə ilə əlaqədardır? - Mən hər şeyin ən gözəlini ərsəyə gətirməyi sevirəm. Mahnı, klip, konsert proqramı - bunların hamısının ən mükəmməli olmalıdır məndə. Sənət işlərim üçün irad almamalıyam. Sənətdə mənim üçün "yaxşı" yox, "əla" ifadəsi var. Əgər hər hansısa yazdırdığım yeni mahnıma ilk dinləyici "yaxşıdır" desə, mən həmin o mahnının üzərində yenə də işləyəcəm. O zamana qədər ki, dinləyici mənə "əladır" desin. Onu da boş xoş söz olaraqdan deyil, bəyəndiyi üçün. Bu il də istədiyim keyfiyyəti almayacağımı düşündüm və konserti 2015-ci ilə planlaşdırdım.

-Xalq artisti İlhamə Quliyeva çox maraqlı bir ifadə səsləndirmişdi ki, nə qədər ki, mən varam konsert proqramlarının açılış və qapanışını özüm edəcəm. Hər kəs yerini bilsin. Buna münasibətiniz necədir? - İlhamə xanım çox böyük bir sənətkardır və dediklərinin öhdəsindən gələcək birisidir. Yəqin ki, "yekəbaşlıq" edən kimlərinsə ünvanına bu iddiada olub. İlhamə xanım boş yerə bu cür ifadə səsləndirməz.

- Son zamanlar dillərdən düşməyən Elnur Hüseynovun “O Ses Türkiye” yarışmasında çıxış etməsi nə dərəcədə doğru idi? -Bu onun öz seçimidir. O özü qərarını verib. Düşünüb, edib, hər halda.

-Elnurun insanlar tərəfindən qəbul olunması üçün Türkiyədə çıxış etməsi gərək idi? -Bəzi insanlarda bu cür xoşagəlməz bir xasiyyət var ki, gərək azərbaycanlı müğənni xarici dövlətlər tərəfindən təriflənsin. Biz o zaman onu qəbul edirik. 2008-ci ildən Elnur tanınır. Dünən ona olmazın ittihamları səsləndirənlər, bu gün tərif deyirlər. Çox əfsus ki, heç kəs ona arxa-dayaq durmaq barədə düşünmür...

-Faiq Ağayev “İşdən kənar” nə ilə məşğuldur? -Dostlarımla görüşmək, kinoya baxmaq, kitab oxumaq və bir də internetdə gəzişmək(gülür). -Günün neçə saatını sosial şəbəkələrdə keçirirsiniz? -Səhərlər 1 saat, axşamlar da 2-3 saat. Ümumilikdə,sosial şəbəkələrdə günərzində təxminən 4 saat oluram.

-Bir çox sənətçilərimizin şəxsi “facebook” hesabları özləri deyil, köməkçiləri və ya digər bir şəxs tərəfindən idarə olunur. Bu düzgündürmü? - Bu bilirsiniz nəyə bənzəyir? Elə bil mənim övladımı başqa birisi tərbiyə edir(gülür).

-Faiq Ağayev müğənnilikdən kənar hansı işlərlə məşğuldur? -Mənim tək gəlir yerim müğənnilikdir. Ancaq düşünürəm ki, bəzi digər sahələrdə də uğur qazana bilərdim. Məsələn, televiziyada yaxşı aparıcı və ya rejissor ola bilərdim. Sual verirlər ki, Faiq bəy,siz nə üçün təhsil ocaqlarında dərs demirsiniz? Açıq deyim ki, bunun üçün qarşımı kəsən bir səbəb var. O da səhər tez oyana bilməməyim(gülür).Əgər bu problem olmasaydı, müəllim kimi də uğurlu nəticələrim olardı. Hansısa bir böyük qürum vəya şirkətin PR meneceri ola bilərdim.Ümumiyyətlə,mənim üçün“bacararammı?”anlayışı yoxdur. Sadəcə,özümü görmədiyim sahələrvar.

-Faiq Ağayev müğənnilik sənətinə gəldikdən sonra, onun dostları dəyişib? -Sənətə 16 yaşımda gəlmişəm. Bu yaşda insanın dost hesab edəcəyi çox adam ola bilər. Həyatımda ilk dostumu 21, ikinci dostumu 22, üçüncü dostumu isə 25 yaşımda qazanmışam və bu günə qədər də sıx əlaqələrimiz var. Dost anlayışı mənim üçün mükafat deməkdir.

- Özünüz qeyd etdiniz ki, sizdən çox gözəl aparıcı ola bilərdi. Hal-hazırda bunun öhdəsindən gələ bildiyiniz halda, nə üçün sizi aparıcı olaraq görmürük? -Televiziya sahəsinin başçıları və bədii rəhbərləri ilə çox gözəl münasibətlərim var və çox dəyərləndirirəm bu səmimi, sıcaq əlaqələri. Hansısa birində fəaliyyətə başlasam, qorxuram ki, digərləri ilə aramızda inciklik yaranar. Məni o qədər sevirlər ki, heç kəsə vermək istəmirlər(gülür).

Özüm də sırf hansısa bir əyləncəli proqramın aparıcısı olmaq istəmirəm. Hər kəsi narahat edən problemləri müzakirə edəcək bir verilişin aparıcısı olmaq istəyirəm.

-Bir çox sənətçilərimiz pərəstişkarlarından qaçırlar. Onlar sevdiyi, dinlədiyi müğənnini ya konsertlərində, ya da sadəcə, monitor arxasında izləyə bilirlər. Buna münasibətiniz? -Mən belə deyiləm. 3-4 aydan bir də olsa, biz heyranlarımla bir araya gəlirik. Çox səmimiortamda xoş bir gün keçiririk. -Faiq bəy, digər sənətçilərimizə baxanda, sizin “instagram” hesabınızda çox az izləyiciniz var, 24 min. Nə ilə əlaqədardır? -Çünki, mənim qazandıqlarımın hamısı halaldır. Proqramla artırılmış bir şey deyil. Mən də elə eləsəm, olacaq 300-500 min. Bu bilirsinizmi nəyə bənzəyir? Təsəvvür edin - konsert təşkil etmisiniz, amma biletlər satılmayıb. Qapını açırsınız ki, buyurun kim var - gəlsin(gülür). Belə saxtakarlıq və hoqqalarada mənim ehtiyacım yoxdur.

-Paylaşılan mahnılarınıza və ya kliplərinizə bildirilən xoşagəlməz şərhlərə nə cür reaksiya verirsiniz? - İlk-əvvəl onu deyim ki, idarə etdiyim rəsmi profillərimdə belə hallarla rastlaşmamışam bu günə qədər. Digər yerlərdə bu tip hallar baş verirsə, tərbiyəsiz insana nə reaksiya verməliyəm ki? Xalqım məni elə bir pilləyə gətirib çıxarıb ki, milçək kimi ürək bulandıranlara cavab vermək ayıbdır məndən ötəri. Həm də bu tərz hərəkətedənlər, belə "çıxışları"çox vaxt bilərəkdən edirlər ki, Faiq Ağayev onlara cavab versin və səhifələrinə daxil olanların sayı artsın. Mən isə ucuz oyunlardan yan gəzənlərdənəm.Ozal İbrahimliFoto Orxan Hüseynov

OXŞAR XƏBƏRLƏR