"Məktəb yalnız bilik verilən məkan kimi qəbul olunmamalıdır. Məktəb həm də uşaqların dünyagörüşünün, davranış mədəniyyətinin, məsuliyyət hissinin və vətənpərvərlik duyğusunun formalaşdığı mühüm sosial mühitdir”.
AZXEBER.COM xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.
Deputat qeyd edib ki, müasir informasiya mühiti, sosial şəbəkələr və süni intellektin yaratdığı imkanlar uşaqların və gənclərin dünyagörüşünə müxtəlif təsirlər göstərir:
"Müasir informasiya mühiti, sosial şəbəkələr və süni intellektin yaratdığı imkanlar uşaqların və gənclərin dünyagörüşünə müxtəlif təsirlər göstərir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Dövlət başçısının vurğuladığı kimi, bu istiqamətdə ən mühüm vasitələrdən biri məhz təhsildir. Bu baxımdan dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqinə münasibətim müsbətdir. Vahid forma məktəbdə nizam-intizamın möhkəmlənməsinə, kollektivə aidlik hissinin formalaşmasına və şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir. Uşaqlar məktəbə geyim və maddi imkanlar arasındakı fərqləri göstərmək üçün deyil, bilik almaq, inkişaf etmək və gələcəklərini qurmaq üçün gedirlər”.
Fatma Yıldırım müəllimlərin geyiminə münasibətdə də sadə, səliqəli və işgüzar yanaşmanın vacibliyini vurğulayıb:
"Müəllim məktəb mühitində peşəkarlığın və davranış mədəniyyətinin nümunəsidir. Ona görə də müəllimin görünüşünün təhsil müəssisəsinin ümumi işgüzar mühitinə uyğun olması tədris prosesinə müsbət təsir göstərir. Azərbaycan dünyəvi dövlətçilik prinsiplərinə, milli-mənəvi dəyərlərə və dini etiqad azadlığına hörmət edən ölkədir. Onun sözlərinə görə, məktəblərdə geyim məsələsinə qanunvericilik, dünyəvilik, milli-mənəvi dəyərlər, uşaqların hüquqları və sağlam təhsil mühiti prinsipləri əsasında yanaşılmalıdır”.
"Uşaqlarımızın savadlı, geniş dünyagörüşünə malik, vətənpərvər, milli kimliyinə bağlı və müasir dünyanın çağırışlarına hazır vətəndaşlar kimi yetişməsi hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir. Məktəbdə yaradılan mühit, tətbiq olunan qaydalar və formalaşdırılan davranış mədəniyyəti də məhz bu məqsədə xidmət etməlidir”, - deyə deputat əlavə edib.
Şahanə Ziyad











































