Fazil Mustafa: "Ali təhsilli gənc qayıdıb yenə qoyun otaracaqsa, bunun nə mənası var?"

Fazil Mustafa: "Ali təhsilli gənc qayıdıb yenə qoyun otaracaqsa, bunun nə mənası var?"
SİYASƏT
15:46 13.07.2026
186
"Rayondan gəlib Bakıda məskən salan tələbələr, universiteti bitirdikdən sonra rayonlarınıza qayıdın. Bölgənizin də sizin kimi ixtisaslı mütəxəssislərə ehtiyacı var. Bakıda marketlərdə kassir işləyəcəyinizə, rayonlarınızda ixtisasınız üzrə çalışın”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri bir istifadəçi sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, bu məsələ hər il mütəmadi olaraq ictimai müzakirə mövzusuna çevrilir. Bir qisim hesab edir ki, ali təhsil alan gənclər məzun olduqdan sonra yaşadıqları rayonlara qayıdaraq bölgələrin inkişafına töhfə verməlidirlər. Digərlərinin fikrincə isə, gənclərin Bakıda qalmasının əsas səbəbi şəxsi seçim deyil, regionlarda ixtisaslarına uyğun iş yerlərinin və karyera imkanlarının məhdud olmasıdır.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, gənclərin bölgələrə qayıtmaması onların seçimindən çox, regionlarda mövcud məşğulluq imkanları ilə bağlıdır:

"Əslində bu məsələyə fərdi kontekstdə yanaşmaq doğru deyil. Regionda konkret olaraq həmin tələbənin qayıdıb işləməsi üçün iş yeri varmı? İlk növbədə bunu müzakirə etmək lazımdır. Gəncədə, Tərtərdə və ya Lənkəranda iş tapa biləcəkmi? Tapa bilməyəndən sonra Allah ümidinə qalır, özü iş axtarmalı olur. İş yeri Bakıdadırsa, ona necə demək olar ki, rayona qayıtmalıdır? Hara qayıtsın? Ali təhsilli gənc qayıdıb yenə qoyun otaracaqsa, bunun nə mənası var? Elə universitetə gəlməzdən əvvəl də bunu edirdi. Ona görə də bu cür yanaşmanı real tələb hesab etmirəm. İnsanları anlamaq lazımdır”.


Deputatın sözlərinə görə, bölgələrdə ixtisasa uyğun iş imkanları yaradılarsa, həmin tələbələrin geri qayıtmasını gözləmək olar:

"Konkret iş yerləri açılsa, konkret həmin ixtisaslar üzrə çalışma imkanı yaradılsa, onda irad bildirmək olar ki, niyə Bakıda qalırsan və rayona qayıtmırsan. Bu, xaricdə təhsil alanlara da aiddir. Onlar ölkəyə qayıdanda bilməlidirlər ki, ixtisasları üzrə işləyə biləcəkləri sahə var. O zaman vəziyyət fərqli olar. İnsanları da anlamaq lazımdır. Hər kəs istəyər ki, doğulduğu yerdə, öz vətənində ixtisası üzrə çalışsın və uğur qazansın”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR