Gəncə şəhər YAP Gənclər Birliyinin sədri Fərid Dünyamalıyevin AZXEBER.COM-a müsahibəsi...- Fərid, Gəncənin aktiv gənclərindən hesab olunursan. İlk olaraq oxucularımıza özün haqda məlumat verərdin.
- 1991-ci il 13 iyul tarixində Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşam. 1997-ci ildə Gəncə şəhər 1 saylı pilot orta məktəbinə daxil olmuş, 2008-ci ildə həmin məktəbi bitirmişəm. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “Mühasibat uçotu və audit” ixtisasına daxil olmuş, 2012-ci ildə həmin universitetin bakalavr pilləsini bitirmişəm. 2012-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin magistr pilləsinin “Maliyyə bazarları” ixtisasına daxil olmuş, hal hazırda qiyabi təhsil forması üzrə təhsilimi davam etdirirəm. 2006-cı ildən ictimai fəaliyyətlə məşğul olmuşam. 2006-cı ildə “Şagird fəaliyyət komitəsi” , 2008- ci ildə ADAU “Tələbə Parlamenti” , 2010-cu il ADAU “Əlaçılar şurası”, 2012-ci il ADAU “Tələbə İnşaat Dəstəsi” təsisçilərindən olmuşam. 2009-cu ildə Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Gənclər Təşkilatının sədri seçilmiş, 2009-cu il noyabr ayında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının idarə heyyətinin üzvü seçilmiş, 2010-cu il Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuş, 2011-ci ildə Azərbaycan Respublikası Gənc Vətənpərvərlər Birliyinin Gəncə regional təşkilatının Gənclər şöbəsinin məsləhətçisi, 2011-ci ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Qərb regionu üzrə kordinatoru çalışmışam. Bir çox elmi konfransların, lahiyələrin, dəyirmi masaların, aksiyaların, müsabiqələrin, seminarların, festivalların, təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının təşkilatçısı və iştirakçısı olmuşam. 3 elmi əsərin müəllifiyəm. Dəfələrlə Gənclər İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Gənclər və İdman baş idarəsinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları və digər QHT-lərin Diplom və Fəxri Fərmanları ilə təltif edilmişəm. 2012-ci ildə Gəncə şəhər Nizami RHK-dan könüllü həqiqi hərbi xidmətə getmişəm. 17.07.2012-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində xidmət edib və 17.07.2013-cü il tarixədə xidmət müddəti başa çatdığı üçün ordu sıralarından təxris olunmuşam.
- Necə oldu ki, hakim Yeni Azərbaycan Partiyasına üzv olmaq qərarına gəldin?
- Mən 2009-cü ildən bu yana Yeni Azərbaycan Partiyasının üzvüyəm. Necə oldu ki, deyəndə mən də bir azərbaycanlı kimi Vətənimin şanlı keçmişini çox yaxşı bilirəm. Yeni Azərbaycan Partiyasının qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasını çətin və ağrılı günlərdən xilas etmək üçün yürütdüyü inkişaf yönümlü siyasətini bir gənc kimi kitablardan oxumuş və böyüklərimdən eşitmişəm. Azərbaycanın firavanlığı, inkişafı və gələcəyi üçün çalışan bir partiyaya üzv olmaq mənim üçün qərar yox ancaq qürur ola bilər.
- Hazırda sədrlik etdiyin YAP GB-nin fəaliyyəti haqda məlumat verərdiniz, nə kimi tədbirlər keçirirsiz?
- YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyi 1996-cı il oktyabrın 28-dən fəaliyyət göstərir. Fəaliyyətinin məqsədi gənclərin ideoloji, eyni zamanda vətənpərvəlik tərbiyyəsinin aşılanması məsələlərinə xüsusi önəm verməkdir. Biz çalışırıq ki, gənclərimiz hərtərəfli inkişaf etsin. Bu baxımdan İctimai Birlik olaraq gəncləri bir sıra tədbirlərə cəlb edir, ictimai fəallıqlarına köməklik göstəririk. “Mənim Fərdi İnkişafım” layihəsinin icrası, şəhərimizin yenidən qurulması, abadlıq işlərinin aparılması məqsədilə “Yeni Gəncə” ekologiya klubunun təsis edilməsi və ardıcıl olaraq “Hərəyə bir ağac”, “Gəncəmizi qoruyaq” və s. kimi maarifləndirici lahiyələr həyata keçirilməsi biz YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin fəaliyyətinin əsas leytmotovini əhatə edir.
Bundan başqa bildiyiniz kimi bu il ölkə rəhbəri tərəfindən imzalanmış sərəncama əsasən İKT ili elan edilmişdir. Məhz gənclərin bu sahədə bilik və bacarıqlarının artırlması məqsədilə YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyi olaraq “Gənclərin İKT bacarıqlarının artırılması” adlı təlim kursu keçirdik, Bayraq günü münasibətilə birliyimizin fəal üzvləri maraqlı flashmob nümayiş etdilər . Əlavə olaraq qeyd edim ki, Gəncə Avropanın Paytaxtı seçilməsi münasibətilə də böyük flashmob hazırlanır. Daha bir neçə layihələrimiz var ki, üstündə çalışırıq. Ümumiyyətlə, birliyimizin fəal üzvləri bir neçə layihələr üzərində işləyir. Bunların başında gənc fotoqraflar arasında qədimiliyin konsektində müasir Gəncə adlı fotomüsabiqə, Peşə ekitası ilə bağlı seminar, İdeanı bizlə bölüş adlı layihə keçirilməsi durur. Onu da qeyd edim ki, Birlik olaraq, gənclər üçün pulsuz komputer kursları təşkil etmişik və məqsədimiz Gəncə şəhərində olan fəal gənclərin komputer sahəsində daha da təkminləşməsidir.
- Gəncə gənclərinin əsas məşğuliyyəti nədi?
- Gəncə gənclərinin demək olar ki, böyük qismi fəal gənclərdir. Gəncə şəhəri ilə yanaşı, Azərbaycanın digər regionlarında və o cümlədən xaricdə bakalavr, magistr, doktorantura pillələrində təhsil alan kifayət qədər gəncimiz var. Bu cür gənclərin sayı ilbəil artmaqda davam edir. Gələcəyin “Ferrari”si layihəsində Samir Sadıqovun əldə etdiyi ikincilik, Gəncə cüdoçularının beynəlxalq turnirdə 5 medal qazanması, üzgüçümüz Fatimə Əlkərimovanın beynəlxalq yarışdakı nailiyyəti və güləşçimiz Toğrul Əsgərovun beynəlxalq yarışlardakı uğurları gənclərimizin əsas məşğuliyyətini özündə əks etdirir. Gənclər daha çox birliyimizə və o cümlədən Gəncə şəhərində fəaliyyət göstərən bir sıra İctimai birliklərə maraq göstərir. Fikrimcə təyin olunmuş bu istiqamət fərdi inkişaf baxımından doğru seçimdir.Xüsusilə YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin və Gənclər İctimai Birliklərinin fəaliyyəti, əldə etdiyi uğurlar, iştirak etdiyi təlimlər, təşkil etdikləri seminarlar, konfranslar, yazdıqları yeni-yeni layihələr göz qabağındadır. Bu cür ictimai işlər gənclərin gələcək perspektivlərini daha da artırır və aktiv çalışmağa stimul verir.
- Gəncə 2016-ci ildə Avropa Gənclər Paytaxtı seçildi. Bu hadisəni bir gənc kimi necə qiymətləndirirsiz? Şəhərdə nə kimi dəyişikliklər olacaq?
- Bu qalibiyyəti açıq deyim ki, mən gözləyirdim. Çünki seçim mərhələsində ən fəal olan şəhər demək olar ki, Gəncə şəhəri idi. Bundan əlavə Gəncə şəhəri digər namizədlərə nisbətən perspektiv baxımından daha üstün idi.
Gələcək planlarımıza gəlincə isə, Gəncə şəhərinin özünün bir sıra layihələri var hansı ki, bu layihələr qiymətləndirilərək, Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı seçildi. Bundan başqa Avropanın Gənclərin anlaşma və mübadilə proqramı şəbəkəsinin gənclər konvensiyasının Gəncədə keçirilməsi planlaşdırılır. Daha sonra Avropa Gənclər Forumunun ümumi yığıncağı, Məsləhət Şurasının seçimləri, mandatların təqdim edilməsi və s. kimi ciddi tədbirlər məhz Gəncə şəhərində keçiriləcək. Eyni zamanda bir çox festivallara, tədbirlərə Gəncə şəhəri ev sahibliyi edəcək. Ən əsası da bu tədbirlərə məhz Gəncə şəhərinin gəncləri ilə bərabər fəal Azərbaycan gəncləri də cəlb olunacaq.
- Gəncə gəncləri ilə Bakı gənclərinin oxşar və fərqli cəhətləri hansılardır?
- Fikrimcə gəncləri yaşadıqları şəhərlərə uyğun qruplaşdırmaq düzgün deyil. Bakı ilə yanaşı Gəncə şəhərində də regionlardan gələn gənclərin sayı kifayət qədərdir. Bu hal isə əslində çox yaxşıdır. Çünki bu şəkildə region gənclərinin də nələrə qadir olduğunu görürük və elə gənclərin şahidi oluruq ki, həmin gənclər nə Bakı, nə də Gəncə gənclərindən heç də geri qalmır. Sadəcə olaraq, düzgün iş qrafiki quraraq, gənclərin fəaliyyətini doğru yola istiqamətləndirməliyik.
Bundan başqa bildiyiniz kimi bu yaxınlarda Gəncə şəhəri möhtəşəm bir festivala-Beynəlxalq Şərab festivalına ev sahibliyi etdi, daha sonra Fransa ilə Gəncə şəhəri arasında Tramvay xəttinin çəkilməsi ilə bağlı memorandum imzaladı. Bundan başqa Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı seçildi. Əldə olunan bu uğurlar şəhərimizin inkişafına təkanverici bir qüvvə oldu və ən əsası da gənclərimizdə daha böyük canlanma yaratdı.
Mən düşünürəm ki, bu iqtisadi-siyasi əlaqələrimiz, layihələrimiz bizlərin daha çox məsuliyyətli olmasını şərtləndirir və Gənclər Paytaxtı olaraq, mən inanıram ki, biz bu öhdəliklərin üstündən layiqincə gələrək, Gəncə şəhərinin nəinki Azərbaycanda, hətta bütün Avropa ölkələrində tanınmasına nail olacağıq.
- Gələcəkdə özünü hansı mövqedə görürsən?
- Mən bir gənc kimi məktəb yaşımdan bu günə kimi fərdi inkişafım üçün çalışmışam və bu fəaliyyətimi günü bu gün də davam etdirirəm. Bununla məqsədim savadımla, intellektimlə, əldə etdiyim nailiyyətlərimlə Azərbaycan Respublikasına layiqli bir gənc olmaqdır. Fikrimcə hər kəs özünü təbii ki, yüksək mövqelərdə görmək istəyir və məncə hər bir Azərbaycan gənci buna qadirdir. Sadəcə olaraq, bunu istəməklə yanaşı çoxlu çalışmaq lazımdır.
- Son olaraq nə demək istərdiniz?
- Mən sonda sizə dərin minnətdarlığımı bildirirəm. Maraqlı müsahibə oldu və inanıram ki, müsahibədə gənclərlə bağlı bütün məqamlara toxunduq. Ümid edirəm ki, gənclər şəhər rəhbərliyinin gənclər üçün yaratdığı imkanlardan düzgün şəkildə istifadə etməklə həm özlərinin inkişafında həm də şəhərimizin Avropa Gənclər Paytaxtı kimi fəaliyyətində həlledici rol oynayacaqlar.