Fərid Şahbazlı avropalı diplomatla görüşdü

GƏNCLİK
16:18 08.08.2012
1796

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyində qurumun siyasi məsələlər üzrə müşaviri Liudas Kolesinskasla görüşüb. Tanışlıq xarakteri daşıyan görüşdə İB sədri rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açıb. O, qeyd edib ki, bu gün Azərbaycanda gəncliyin inkişafı, onların ölkənin ictimai-siyasi həyatında yaxından iştirakını təmin etmək məqsədilə müxtəlif layihə və proqramlar həyata keçirilir. Dövlət qurumlarında kadrların gəncləşdirilməsi siyasətinə üstünlük verildiyini diqqətə çatdıran Fərid Şahbazlı, gənclərə dəstək siyasətinin məhz Prezident İlham Əliyevin siyasi iradəsi olaraq həyata keçirildiyini bildirib.

Azərbaycanda yeni yaradılan Gənclər Parlamenti layihəsi də avropalı diplomatla görüşdə müzakirə olunub. Fərid Şahbazlı Gənclər Parlamentinin Azərbaycan gəncliyinin həyatında oynayacağı mühüm roldan danışaraq, bu təsisatın ölkə gənclərinin ictimai-siyasi proseslərə daha sürətlə inteqrasiya olunmasına yardımçı olacağını vurğulayıb. İB sədri ölkəmizdəki bir sıra diplomatik korpusların təşkil etdiyi tədbir və layihələrdə prinsipial olaraq müxalifyönümlü gənclər təşkilatlarına üstünlük verilməsindən narazılığını ifadə edərək, bütün gənclər birliklərinin bu cür görüşlərə cəlb edilməsinin daha ədalətli variant olduğunu qeyd edib. O, vurğulayıb ki, rəhbərlik etdiyi təşkilat Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır və bu Avropa dəyərlərinin Azərbaycanda, Azərbaycan həqiqətlərinin isə Avropada yayılması baxımından çox önəmlidir.

Liudas Kolesinskas isə öz növbəsində Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi layihələrdən danışaraq, onların ölkədəki bütün siyasi qüvvələrlə eyni dərəcədə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O, qeyd edib ki, onlar Avropa İttifaqının ümumi prinsiplərinə və dəyərlərinə zidd olmayan bütün layihələri dəstəkləyirlər. Sonda Aİ rəsmisi gələcək fəaliyyətlərində “İslahatçı G ənclər” İctimai Birliyi ilə də yaxından əməkdaşlıq edəcəklərini söyləyib.

Görüş qarşılıqlı polemika şəraitində davam edib.

OXŞAR XƏBƏRLƏR