“Kimin nə deməsindən asılı olmayaraq, bu bir faktdır ki, “İrəli” İctimai Birliyi artıq bir neçə ildir ki, Azərbaycanın həm gənclər, həm də QHT sektorunun ən nüfuzlu, strukturlaşmış və prespektivli təşkilatıdır. Son illər isə, bu təşkilat cəmiyyət və dövlət üçün yüksək səviyyəli kadr platforması rolunu oynayır. Və ən əsası “İrəli” İctimai Birliyi ölkə prezidenti Cənab İlham Əliyevi siyasi xəttini ən ardıcıl, qətiyyəli və prinspial şəkildə müdafiə və təbliğ edən bir strukturdur. Bütün bu səbəblər onu deməyə əsas verir ki, son günlər müxalifət mətbuatında “İrəli”yə qarşı hücumlar qətiyyən təsadüfi deyil. Bütün bunlar təşkilatın artan nüfuzuna olan qısqanc və dözümsüz münasibətdən doğur”.
Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı son günlər müxalifət mətbuatında “İrəli” İctimai Birliyinə qarşı başlamış hücumlara münasibət bildirərkən deyib. F.Şahbazlı qeyd edib ki, ünvanlarına səslənən ittihamlara “İrəli” təmsilçiləri tutarlı cavablar versələr də, “İrəli”nin fəaliyyətini yaxından izləyən və təşkilata qarşı münasibətdə qərəzli münasibət görən bir gənc kimi o da, məsələyə münasibət bildirmək zərurəti duyub: “”İrəli”ni hər hansı maxinasiyada, korrupsiya əməliyyatında ittiham edənlər bilməlidirlər ki, “İrəli” bəlkə də ölkənin ictimaiyyətə ən açıq və şəffaf təşkilatıdır. Hər gün bu ictimai birlikdən mətbu orqanlara təşkilatın fəaliyyətini əks etdirən press-relizlər daxil olur. Həmin press-relizlərdə “İrəli” reallaşdırdığı istənilən layihənin sponsorları haqqında dəqiq informasiya yayır. Yəni bu təşkilatın keçirdiyi layihələrin maliyyə mənbələri kimsə üçün sirr deyil.
Bu mənada hesab edirəm ki, “İrəli” İctimai Birliyinə qarşı bu hücumlar radikal müxalifət düşərgəsində vahid bir mərkəzdən idarə olunur və siyasi proseslərin aktivləşməyə doğru getdiyi bir zamanda ölkənin ən iri QHT-ni gözdən salmağa yönəlib”.