"Əbu-Dabidəki görüş Azərbaycanın yaratdığı yeni reallıqların Ermənistan tərəfindən qəbulunun sübutudur”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Editor.az İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni siyasi reallıqların növbəti təsdiqidir:
"Vasitəçilər olmadan, ikitərəfli formatda baş tutan dialoq qarşılıqlı etimadın artmasına zəmin yaratdı. Görüşdə sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin açılması kimi praktiki məsələlərin işlənilməsi üçün razılıqlar əldə olunması Azərbaycanın yaratdığı yeni reallıqların təkcə kağız üzərində qalmadığını, real olaraq həyata keçirildiyini göstərir. Ermənistan artıq əvvəlki qeyri-konstruktiv mövqeyindən geri çəkilərək regionda mövcud yeni vəziyyəti qəbul edir. BƏƏ kimi neytral və balanslı tərəfin vasitəçiliyi ilə keçirilən görüş Azərbaycanın diplomatik uğurudur. Rəsmi Bakı münaqişənin artıq tarixdə qaldığını açıq şəkildə nümayiş etdirir və əsas məqsəd kimi sülhün təmin olunmasını irəli sürür”.
Fərid Şahbazlı bildirib ki, Azərbaycanın hərbi, iqtisadi və siyasi gücü regionda yeni nizamın formalaşmasında həlledici amil olaraq qalır: "Bu yeni reallıqların qəbul olunması regionda sabitlik və inkişaf üçün ön şərtdir. Ermənistan isə artıq bu prosesə uyğun davranmalı, dialoqa açıq olmalıdır. Prezident İlham Əliyevin liderliyi altında aparılan normallaşma prosesi davamlı və məqsədyönlüdür. Qarşı tərəfin siyasi gündəmi də artıq bu yeni reallıqlar əsasında formalaşmalıdır”, – deyə siyasi şərhçi vurğulayıb.
"Gələcəkdə bölgədə sülh və əməkdaşlıq Azərbaycanın müəyyən etdiyi və beynəlxalq hüquqa əsaslanan çərçivədə qurulacaq. Bu prosesdə Azərbaycanın səbr və qətiyyəti mühüm rol oynayır. Regional aktorlar da Azərbaycanın iradəsinin dəyişməzliyini qəbul edir”, – Fərid Şahbazlı bildirib.